İspaniyanın 24 özəl şirkətinin nümayəndələrindən ibarət böyük biznes nümayəndə heyətinin Azərbaycana səfəri işgüzar dairələrin ikitərəfli ticarət və investisiya əməkdaşlığının inkişafında maraqlı olduğunu göstərir.
“Report” xəbər verir ki, bu barədə İspaniya Ticarət Palatasının baş icraçı direktoru İnmakulada Riera Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumunda bildirib.
"Ölkələrimiz müxtəlif sahələrdə tərəfdaşlıq əlaqələrini möhkəmləndirir və İspaniyanın dövlət katibi Maria Amparo Lopes Senovilyanın hökumətlər arasında strateji iqtisadi dialoqu başlatmaq üçün Azərbaycana səfəri əməkdaşlığımızı bir addım irəli aparmaq üçün əla fürsətdir", - o qeyd edib.
Baş icraçı direktorun sözlərinə görə, neft və qaz iqtisadiyyatda aparıcı rolunu qoruyub saxlasa da, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələr də daxil olmaqla, yüksək investisiya potensialı olan yeni sahələr fəal şəkildə inkişaf edir.
İ.Riera əməkdaşlığın əsas sahələri kimi energetika, su təchizatı, infrastruktur, tikinti, mühəndislik və rəqəmsallaşmanı qeyd edib. Onun sözlərinə görə, İspaniya Ticarət Palatası Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin yaxşılaşdırılmasına sadiqdir.
O, həmçinin əlavə edib ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 iqlim konfransı Azərbaycanın böyük biznes potensialını dünyaya təqdim edib.