EN

“Müaviyə” serialı Ərəb dünyasını QARIŞDIRDSI

Səudiyyə Ərəbistanında çəkilən "Müaviyə" serialı Ərəb dünyasında qalmaqala səbəb olub.

Modern.az xəbər verir ki, "Müaviyə" serialı İraqda dini gərginlik yarada biləcəyinə görə qadağan edilib. Həmçinin, müqəddəs şəxsiyyətlərin təsvirinə görə serialın Misirdə yayımı da dayandırılıb.

“Müaviyə” Ərəb dünyasının ən bahalı serialı sayılır.

Əməvilər sülaləsinin banisi və ilk xəlifəsi haqqında çəkilən 30 seriyadan ibarət serialın ilk iki bölümü Ramazan ayının başlaması ərəfəsində yayımlanıb.

Suudi Arabistan MBC tərəfindən istehsal olunan və 100 milyon dollarlıq büdcə ilə Tunisdə çəkilən serial böyük əks-səda doğurub.

Serialın müəllifi misirli jurnalist Xalid Salah, rejissoru isə Fələstin əsilli amerikalı kinorejissor Tariq Əl-Aryandır.

Filmdə Müaviyədən İslamın ilk dövrlərində şiələr arasında mübahisəli olan bir şəxsiyyət kimi bəhs olunur.

Muaviyə Həzrəti Məhəmmədin peyğəmbərlik dərəcəsinə çatmasından beş il əvvəl dünyaya gəlmiş və İslamın ilk müxaliflərindən olan Əbu Süfyanla Hind bint Utbənin oğlu idi. Başlanğıcda Peyğəmbərə qarşı çıxmışdı. Lakin Məkkənin müsəlmanlar tərəfindən fəthindən sonra Müaviyə ailəsi ilə birlikdə İslamı qəbul etmişdi.

Əhli sünnə baxışına görə, Müaviyə Həzrəti Məhəmmədin katiblərindən olmuş və Peyğəmbərin vəfatından sonra birinci xəlifə Əbu Bəkr tərəfindən Şamın fəthində sərkərdə müavini təyin edilmiş, Ömər ibn Xəttabın xilafəti dövründə vəzifəsi yüksəlmiş, üçüncü xəlifə Osmanın dövründə Şam valisi olmuşdu.

Müaviyə xəlifə Osmanın öldürülməsindən sonra Həzrəti Əliyə beyət etməmiş və onunla münaqişəyə girmişdi. Şamlılar Həzrəti Əliyə qarşı döyüşmək üçün Müaviyəyə beyət etmişdilər. Bu hadisə İslamda ilk vətəndaş müharibəsi olan Dəvə döyüşünü, daha sonra isə Birinci Fitnə kimi tanınan Siffin döyüşünü başlatdı.

Hicri 40-cı ildə Həzrəti Əlinin şəhadətindən sonra Müaviyə Misirə nəzarəti ələ keçirərək, özünü xəlifə, Dəməşqi isə paytaxt elan etdi.
Həzrəti Əlinin şəhadətindən sonra müsəlmanlar İmam Həsənə beyət etdilər. İmam Həsənnin ordusu ilə Müaviyənin ordusu arasında baş verən müharibədə İmamın sərkərdələrinin xəyanəti nəticəsində onunla Müaviyə arasında sülh müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən, Müaviyə xəlifəliyə yüksəldi. Bir çox qədim mənbələrdə İmam Həsəni zəhərləyənin Müaviyə olduğu bildirilir.

Müaviyənin hakimiyyəti dövründə İslam ərazisi Şimali Afrika, Anadolu, Orta Asiya və müasir İrana qədər genişləndi. Lakin sülh müqaviləsinə baxmayaraq, Müaviyə oğlu Yezidi özünün xələfi təyin etdi və bununla da xilafət ilk dəfə atadan oğula keçən səltənətə çevrildi. Yezidin hakimiyyətə gəlməsi Kərbəla hadisəsinə gətirib çıxardı ki, bu hadisədə İmam Hüseyn və onun səhabələri şəhid oldular.

Şiələr Müaviyəni təkcə ilk üç xəlifənin idarəçilik yanaşmasına zidd olaraq xilafəti sultanlığa çevirən şəxs kimi deyil, həm də Həzrəti Əliyə müharibə elan edən və İmam Həsəni zəhərləyən şəxs kimi görürlər.

Müaviyə haqqındakı şiə inancları səbəbindən yeni serial İraqda tez bir zamanda qadağan edildi. İraqın Rabitə və Media Komissiyası bildirib ki, mübahisəli tarixi məzmunlu serialın yayımı məzhəblərarası gərginliyi artıra, sosial sabitliyi təhdid edə və xüsusən də müqəddəs Ramazan ayı ərzində ictimai asayişi poza bilər.

Serialın yayımının İraq və Səudiyyə Ərəbistanı arasında diplomatik böhrana səbəb ola biləcəyi də irəli sürülüb.

İraqın “Əl-Şəair” televiziyası “Müaviyə” serialına cavab olaraq ikinci xəlifə Ömər bin Əl-Xəttabı öldürən və şiələrin hörmət etdiyi iranlı döyüşçü Əbu Lulu Firuz haqqında serial çəkəcəklərini açıqlayıb.

İran KİV-ləri yazırlar ki, “Müaviyə” serialında məzhəblərarası gərginliyi qızışdırmaq ehtimalı ilə yanaşı, İslamın erkən dövrünə və Məhəmməd peyğəmbərin həyatına aid mühüm şəxsiyyətlər də təsvir olunur. Serial Məhəmməd peyğəmbərin həyatını təsvir etdiyinə görə tənqid olunub.

Serialda Müaviyə rolunu əvvəlcə fələstinli aktyor Əli Süleyman oynayıb. Lakin tənqidlərdən sonra layihəni tərk edib və sonra onun yerinə suriyalı aktyor Lüseyn İsmayıl gətirilib.

Serialın ssenari müəllifi Xalid Salah tənqidlərə cavab olaraq, konkret bir nöqteyi-nəzəri əks etdirmək məqsədi daşımadığını, tarixi “ağ-qara” yazmadığını, Müaviyə ilə yalnız bir hökmdar kimi davranmadığını, onu özündən əvvəl gələnlər kimi səhv edən və taleyinə boyun əyən bir insan kimi təqdim etdiyini bildirib.

Bu serial 2023-cü ildə Tunisin Hammamet şəhərindəki "Karfagen" kinostudiyalarında çəkilib. Onun ilkin büdcəsi 75 milyon dollar proqnozlaşdırılsa da, istehsal xərclərinin 100 milyon dolları keçdiyi bildirilir.

Bu istehsal Səudiyyə Ərəbistanının ən böyük televiziya kanalı olan Yaxın Şərq Yayım Mərkəzi (MBC) tərəfindən hazırlanıb. 1991-ci ildə səudiyyəli iş adamı Vəlid əl-İbrahim tərəfindən Londonda qurulan MBC Səudiyyə mediası mənzərəsində üstünlük təşkil edir və təqribən 140 milyon gündəlik izləyiciyə malikdir.

Sünni inancına görə, cənnətlə müjdələnən 10 səhabədən üçü və Həzrəti Peyğəmbərin ailəsi, həyat yoldaşları və qızlarından iksinin və bir sıra digər mühüm tarixi şəxsiyyətlərin serialdakı təsviri sosial mediada da mübahisələrə səbəb olub.

Səudiyyə Ərəbistanının MBC yayım şirkəti daha əvvəl də İslam tarixində baş verən hadisələrlə bağlı seriallar yayımlayıb. Bu seriallar həm şiə müsəlmanlar, həm də sünnilər tərəfindən tənqid edilib.

A.Qorxmaz

Chosen
15
modern.az

1Sources