Avtomobili ilə park edilmiş 6 maşını yarasız vəziyyətə salan sərxoş sürücü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib.
Belə ki, 30 yaşlarında sərxoş olduğu iddia edilən sürücünün idarə etdiyi 35-CIU-960 dövlət nömrə nişanlı avtomobil həddindən artıq sürət səbəbindən idarəetməni itirib və park edilmiş 6 avtomobilə çırpılıb.
Qəza nəticəsində sürücü xəsarət alıb. Vətəndaşların çağırışı ilə hadisə yerinə polis və təcili tibbi yardım xidmətinin əməkdaşları gəlib. Yüngül xəsarətlər alan sürücü polisin nəzarəti altında xəstəxanaya çatdırılıb və daha sonra ifadə üçün polis bölməsinə aparılıb.
Hadisə baş verən ərazidə qısamüddətli tıxac yaranıb. Yararsız vəziyyətə düşən avtomobillər evakuatorlar vasitəsilə hadisə yerindən aparılıb və nəqliyyatın hərəkəti bərpa olunub.
Qəza ilə bağlı araşdırma aparılır.
Namiq Musayev