EN

“Əgər silah yaxşı şeydirsə, al apar evinə, övladların döyüşsün”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 11-də davam etdirilib.

“Qafqazinfo”nun məlumatına görə, məhkəmədə şahidlər dindirilib.

Şahid qismində ifadə verən, Qarabağda yaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç 44 günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini bildirib.

O, R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirərək deyib: “Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, – mən demirəm ki, o, mənim düşmənimdir, yox, – nəyə görə öz biznesini qoyub Qarabağa gəlmişdi?”.

Şahid bildirib ki, Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanma işləri aparılıb. O qeyd edib ki, həmin minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib. “Xankəndidə yaşayan ermənilər də Qarabağ ərazisində minalanma işlərinin Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığını biliblər. Məktəblərdə, binaların ətrafında, meşələrdə və boş ərazilərin yaxınlığında həmin minalarla bağlı məlumat xarakterli plakatlar yerləşdirilib. Halbuki 44 günlük müharibəyə qədər minalarla bağlı heç bir plakat olmayıb”, – deyə şahid əlavə edib.

O deyib ki, Ruben Vardanyanın maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında 2, Əsgəranda isə 1 ədəd olmaqla, ümumilikdə 3 hərbi anbar yaradılıb. Həmin anbarların yerləşdiyi yerə gedən yolu silahlı şəxslər mühafizə edirdilər. Həmin anbarlarda Ermənistan ordusu, Qarabağdan seçilmiş hərbçilər fəaliyyət göstəriblər. Anbarlara Ruben tərəfindən Qarabağa gətirilmiş xeyli sayda silah və döyüş sursatı, habelə pilotsuz kvadrakopterlər və digər pilotsuz uçuş aparatları toplanıb. Bu barədə Xankəndidə çox adamın məlumatı olub və Ruben Vardanyan tərəfindən bütün erməni sakinlərin silahlanaraq azərbaycanlılara qarşı vuruşması təbliğ edilib. Ruben Vardanyanın bu silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycana qarşı mübarizə aparmaq olub.

Şahidin sözlərinə görə, Ruben Vardanyan Qarabağa gələnədək erməni sakinlər arasında Azərbaycana inteqrasiya məsələsi ciddi formada yayılıb, insanlar Azərbaycanla əlaqələr qurmağa çalışıblar. Bir çoxları Azərbaycanın tərkibində yaşamaq və vətəndaşlıq almaq barədə ciddi fikirləşirdi.

2022-2023-cü illərdə Ruben Vardanyanın Xankəndi şəhərində gələrək burada Azərbaycana qarşı təbliğata başladığını söyləyən şahid deyib: “Ruben Vardanyanın gəlişindən sonra erməni sakinlərdə Azərbaycana qarşı düşmənçilik meyilləri gücləndi. Ruben Vardanyan erməni sakinlərin azərbaycanlılara nifrət etməsinə çalışırdı”.

Sonra digər erməniəsilli şahid Qriqoryan Muşeq Qurgenoviç ifadə verib.

Şahid deyib ki, Ruben Vardanyan Qarabağda qondarma rejimdə vəzifəyə təyin olunduqdan sonra muzdlu döyüşçülərdən ibarət dəstələr toplamağa başlayıb. Daha sonra isə həmin şəxslər Xocalı rayonunda yerləşən düşərgədə hərbi təlimlərə cəlb olunub. “Əsgərlikdən yeni gəlmiş şəxslərin hərbi xidmətdə olan ixtisaslarını öyrənib və onlardan istifadəyə yararlı olan şəxsləri dəstələrə cəlb edib. Əsasən radiotexniki sahədə hərbi təcrübəsi olan əsgərlərin öz könüllü muzdlu dəstələrinə qoşulmasını həyata keçirib. O, bu məqsədlə Xocalı rayonunun Badara kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə çay kənarında əvvəllər “İdman Turizmi Federasiyası”nın nəzdində olmuş düşərgədə hərbi təlim məntəqəsi yaratdıraraq əsasən əsgərlikdən yeni gəlmiş gənclər, tələbələr və yuxarı sinif şagirdlərinə hərbi təlimlər keçilməsini təşkil edib. Mən Vardanyanı başa düşmürəm, əgər xalq üçün yaxşılıq edirsənsə, niyə silah alırsan, mina basdırırsan, adamlara pul verirsən, düşərgə açırsan? Əgər silah yaxşı şeydirsə, al apar evinə, övladların döyüşsün. Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”, – deyə şahid vurğulayıb.

Chosen
7
28
tribunainfo.az

10Sources