EN

Kassa və vitrin qiyməti fərqinə görə işçinin maaşından kəsmək doğrudur?

Son vaxtlar iş yerlərində işçilərin maliyyə məsuliyyəti ilə bağlı məsələlər tez-tez müzakirə olunur. Məsələn, marketlərdə məhsulun vitrin və kassa qiyməti fərqli olanda, qanuna görə alıcı üçün vitrin qiyməti əsas götürülməlidir. Amma belə hallarda market rəhbərliyi səhv qiymət qoyulduğuna görə işçinin maaşından pul tutur. Həmçinin, müştəri şikayətlərindən sonra marketə cərimə yazılanda, bu məbləğin də işçilərin maaşından çıxılması halları olur.

Kassa və vitrin qiyməti arasında uyğunsuzluq aşkar edildikdə bu məsuliyyətin işçiyə yüklənməsi qanunvericilik baxımından düzdürmü?

Valyuta.az-a danışan Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova bildirdi ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 14-cü maddəsinə əsasən, əgər ticarət və digər xidmət müəssisələrində istehlakçının hüquqları pozularsa, həm satıcı (icraçı), həm də müəssisənin işçiləri qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar:

"Bundan əlavə, qanunun 12-ci maddəsinə görə, istehlakçının hüquqları pozulduqda, ona dəymiş mənəvi ziyan günahkar tərəf tərəfindən ödənilməlidir. Ödəniləcək məbləğin dəyəri isə, qanunda başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.

Əgər işçi işə qəbul edilərkən imzaladığı vəzifə təlimatında bu öhdəliyin icrası birbaşa onun üzərinə qoyulubsa, həmin halda məsuliyyəti şəxsən özü daşıyır".

Vəkil qeyd edib ki, işçi işə qəbul olunarkən bu məsuliyyəti öz üzərinə götürməyibsə, amma vəzifə səlahiyyətlərini yerinə yetirərkən səhvə yol verərək işəgötürənə ziyan vurubsa, o, bu ziyana görə də, məsuliyyət daşıyır:

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin “c” bəndinə əsasən, işəgötürən yalnız işçinin təqsiri üzündən vurduğu ziyanı əmək haqqından tuta bilər. Lakin bu məbləğ işçinin orta aylıq əmək haqqını keçməməlidir. Tam maddi məsuliyyət daşıdığı hallar istisna olmaqla, işçinin əmək haqqından bu çərçivədən kənar məbləğin tutulması qanuna uyğun hesab edilmir".

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsinə görə, işçiyə əməkhaqqı verilərkən ondan tutulan məbləğlər müəyyən hədləri aşmamalıdır. Belə ki, əməkhaqqından çıxılan ümumi məbləğ işçiyə çatacaq məbləğin 20 faizindən çox ola bilməz. Qanunvericilikdə nəzərdə tutulan xüsusi hallarda isə bu hədd 50 faizədək yüksələ bilər.

Bundan əlavə, həmin maddənin 2-ci bəndinə əsasən, əgər işçinin əməkhaqqından bir neçə icra sənədinə görə məbləğ tutulursa, bu zaman istənilən halda əməkhaqqının ən azı 50 faizi işçidə saxlanmalıdır", - deyə o, əlavə edib.

Maya Hüseynova

Chosen
19
1
valyuta.az

2Sources