EN

Umeyra İbrahimova: "Kapital bazarının inkişafı iqtisadi artımın stimullaşdırılmasında həlledici rol oynayacaq"

Azərbaycanda alternativ maliyyələşmə mənbəyi olan korporativ qiymətli kağızlar bazarının dərinləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Umeyra İbrahimova 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.

"Son dövrlərdə Azərbaycanın kapital bazarları sahəsində xüsusi diqqətin artırıldığının şahidi oluruq. Bunun nəticəsidir ki, bu sektorda müsbət, kəmiyyət və keyfiyyət dəyişikliklərini müşahidə edirik. Kapital bazarlarının əsas məqsədi öz vəsaitlərini səmərəli idarə etməyə çalışan investorları maliyyə resurslarına ehtiyacı olan tərəflərlə əlaqələndirməkdir. Bu baxımdan, kapital bazarının səmərəli və davamlı inkişafı ümumi iqtisadi artımın stimullaşdırılmasında həlledici rol oynayacaq", - o vurğulayıb.

U. İbrahimovanın sözlərinə görə, "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" demək olar ki, maliyyə sektorunun bütün seqmentlərinin iqtisadiyyatda rolunun artırılmasını nəzərdə tutur: "Maliyyə xidmətlərinin əlçatanlığı, əhali və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi bu strategiyada xüsusi rol oynayır. Qeyd etmək lazımdır ki, strategiyada sahibkarlığın və kiçik və orta biznesin (KOB) inkişafı və maliyyələşməsi məsələlərinə xüsusi önəm verilir. Bu çərçivədə bir sıra birbaşa tədbirlərin həyata keçirilməsi ilə yanaşı, alternativ maliyyələşmə mənbəyi olan korporativ qiymətli kağızlar bazarının dərinləşdirilməsi istiqamətində də tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur".

U.İbrahimova əlavə edib ki, bu təşəbbüslərin reallaşması investisiya mühitini daha da cəlbedici etməklə yanaşı, sahibkarlığın təşviqinə və son nəticədə iqtisadiyyatın inkişafına müsbət dəstək göstərəcək: "Mərkəzi Bank öz növbəsində ölkənin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində digər qurumlarla fəal birgə iş aparır. Xüsusilə qeyd etmək istəyərdim ki, Mərkəzi Bank tərəfindən qəbul olunmuş 2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişafı strategiyasında bank, sığorta, ödəniş sektorları ilə yanaşı, ölkəmizdə maliyyə sisteminin mühüm sektoru olan kapital bazarları da xüsusi rol oynayır".

Chosen
19
1
report.az

2Sources