EN

Qan təzyiqi yuxarı olan insanlara bu qidalar OLMAZ

"Qan təzyiqi yuxarı olan insanlar qidalanmalarına xüsusi diqqət etməlidirlər". 

Bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, həmin şəxslər həm də həyat tərzlərinə fikir verməlidirlər:

"Fiziki aktivlik və düzgün yuxu rejimi qidalanma ilə paralel şəkildə aparılmalıdır. Əks halda, qan təzyiqinin yuxarı qalxması çox sayda sağlamlıq problemlərinə səbəb ola bilər. Ona görə də uzun müddət bir yerdə hərəkətsiz şəkildə qalmamaq tövsiyə olunur. 

Gün ərzində ən azından 30-40 dəqiqə yürüyüşə zaman ayırmaq lazımdır. Həmçinin, gündəlik olaraq yüngül idman hərəkətləri etmək qan dövranını normallaşdırır. Bu isə təzyiqi də normasında saxlayır". 

369355

Mütəxəssis diqqətə çatdırıb ki, sağlam yuxu rejiminə diqqət etmək çox vacibdir:

"Axşam saat 23:00-dan sonra 7-8 saat fasiləsiz yatmaq məsləhət görülür. Bundan başqa davamlı şəkildə stress və narahatlıq keçirən insanlarda təzyiqin normallaşması çətinləşir. Hətta bu halda dərman qəbul etməklə belə təzyiqi normallaşdırmaq olmur".

Ekspert qeyd edib ki, təzyiqi yüksək olan insanlar duzlu qidalardan az istifadə etməlidir:

"Nəzərə almaq lazımdır ki, bir insan orqanizmi üçün gündəlik olaraq 6 qram duz qəbul etmək normaldır. Ancaq təzyiq problemləri yaşayan insanlarda bu rəqəm 2-3 qramı keçməməlidir. Hətta həmin şəxslərin yeməklərə sonradan duz əlavə etməsi də doğru deyil. 

Eyni zamanda, onlara turşu və ya şorabalardan da istifadə etməmək tövsiyə olunur. Həmçinin, konservləşdirilmiş və paketləşdirilmiş rəf ömrü uzun olan qidalardan da uzaq durmaq lazımdır. Həddindən artıq yağlı, kalorili, qızardılmış və çox şirin qidaları da qəbul etmək məsləhət görülmür".

Məhsəti Hüseynova onu da əlavə edib ki, yerli və mövsümi meyvə-tərəvəzlərdən yemək tövsiyə olunur:

"Gün ərzində 2-3 meyvə, 4-5 tərəvəzin qəbulu normal hesab olunur. Onların maqnezium və kaliumla zəngin olması, eləcə də lifli qida olması qan təzyiqinin tənzimlənməsinə kömək edir. Həmçinin, "omega-3" yağ turşuları ilə zəngin olan balıqları yemək də qan təzyiqinin aşağı düşməsinə səbəb olur. 

Bundan başqa, təzyiq problemləri olan şəxslər spirtli içkilərdən uzaq durmalıdırlar. Bütün bunlarla yanaşı, gün ərzində 6-7 saat açıq havada olaraq orqanizmin oksigenlə dolmasını təmin etmək olduqca mühümdür. Çünki qapalı və oksigensiz mühitdə daha çox qalan insanlarda qan təzyiqi oynaya bilir".

Pərviz

Chosen
9
hit.az

1Sources