EN

Belqradda 30 000-dən çox etirazçı mitinqə çıxıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



30 000-dən çox tələbə Belqradın mərkəzində etiraz aksiyasına çıxıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Böyük küçə aksiyası martın 15-nə elan edilsə də, gənclər bir gün əvvəldən toplaşmağa başlamışdılar.
Nümayişçilər artıq Teraziye meydanı ətrafındakı küçələri doldurub və Serbiyanın digər bölgələrindən gələnləri gözləyirlər. Etirazçılar səs-küylü davranırlar - şüarlar səsləndirir, fit çalır və kütləvi etirazları dəstəkləməyənlər haqqında təhqiramiz ifadələr işlədirlər.
Serbiya DİN-in məlumatına görə, etiraz edən tələbələrin sayı artıq 31 000 nəfərə çatıb.
Pioner parkında keçirilən digər tələbə aksiyasına qarşı yönəlmiş bir neçə insident baş verib.
"İctimai asayişi pozduqlarına görə iki nəfər saxlanılıb", - məlumatda qeyd olunub.
Hüquq-mühafizə orqanları iştirakçıları dinc yürüşə çağırıb. Onlar ictimai asayişin qorunması üçün əllərindən gələni edirlər.
Qeyd olunur ki, tələbə qrupları təyin olunmuş vaxtdan bir neçə gün əvvəl Belqrada piyada və velosipedlə yola düşüblər. Onlar böyük şəhərlərdən - Novi-Sad, Niş, Kraquevatsdan yürüş ediblər.
Serbiya hökumətinin sədr müavini Aleksandr Vulin əvvəllər bildirmişdi ki, müxalifət tərəfindən dəstəklənən Serbiyada tələbə etirazları, ölkə hökumətini devirmək üçün rəngli inqilablar ssenarisi üzrə Qərb xüsusi xidmət orqanları tərəfindən təşkil edilib və maliyyələşdirilib. Serbiya Prezidenti Aleksandar Vuçiç isə xarici ölkələrin onu vəzifəsindən uzaqlaşdırmaq üçün təxminən 3 milyard avro ayırdığını deyib.
"Mənim devrilməyimə nə qədər pul qoyulduğunu öyrənəndə, həqiqətən, heyrətləndim. Son 10 ildə xaricdən 1,5 milyard qoyulduğunu düşünürdüm. Hesablamağa başlayanda isə üç milyard avro alındı", - deyə o bildirib.
2024-cü ilin noyabrından Serbiyada tələbələrin və müxalifətin hökumətə qarşı aksiyaları keçirilir. Etirazların əsas səbəbi ötən il noyabrın 1-də Novi-Saddakı dəmiryol vağzalında 15 nəfərin ölümü ilə nəticələnən faciədir. Müxalifət nümayəndələri küçə aksiyalarının əvvəlindən Baş nazir Miloş Vuçeviçin və Novi-Sad meri Milan Curiçin istefasını, həmçinin vağzalın yenidən qurulması zamanı səhvlərə görə birbaşa məsuliyyət daşıyanların həbsini və işləri həyata keçirən Çin şirkətləri ilə müqavilənin açıqlanmasını tələb ediblər.
Chosen
49
50
oxu.az

10Sources