Azərbaycan dünyanın əksər ölkələri ilə iki və çoxtərfli əməkdaşlıq əlaqələrinə, dostluq, qardaşlıq münasibətlərinə malikdir. Ölkəmiz beynəlxalq arenada əməkdaşlığı genişləndirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, ATƏT, AŞ PA, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Türk Dövlətləri Təşkilatı, MDB, Qoşulmama Hərəkatı və bir sıra digər nüfuzlu təşkilatlara üzv olmuşdur. Ümumilikdə Azərbaycan hazırda 158 ölkə ilə diplomatik əlaqələrə malikdir. Ölkəmizdə 43 dövlətin diplomatik nümayəndəliyi və konsulluğu, 10-dan çox beynəlxalq təşkilatın nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrdəki səfirliyi, daimi nümayəndəliyi və baş konsulluqlarının sayı isə 60-a qədərdir. Ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirməklə Azərbaycan öz milli və dövlətçilik maraqlarını müdafiə edir. Hər bir xarici dövlət, beynəlxalq təşkilat Azərbaycanla münasibətlər qurmağa, əməkdaşlıq əlaqələri yaratmağa can atır. Bu da ölkəmizin, onun lideri Prezident İlham Əliyevin müdiri siyasət aparması, beynəlxalq aləmdə böyük nüfuza, hörmətə malik olmasından irəli gəlir. Yeni əsrin yeni lideri Prezident İlham Əliyev bu 21 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirib. 44 günlük Vətən savaşı ilə Ali Baş Komandan , Prezident İlham Əliyevin komandanlığı ilə Müzəffər ordumuz 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyümüzü və suverenliyimiz bərpa etdi. Fateh Sərkərdə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu bütün vədlərini həyata keçirdi və istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirək güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu. Bu baxımdan hər bir xarici ölkə və beynəlxalq təşkilat güclü və qüdrətli azərbaycanla əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır. Ölkəmizə son vaxtlar xarici ölkələrin dövlət və hökumət başçılarının səfərləri məhz Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrini qurmaq məqsədi ilə edilir. Martın 11-də Şiçali Makidoniya Respublikasının prezidenti Qordana Silyanovska Davkovanın Azərbaycana səfəri ölkəmizin dünya dövlətləri ilə əməkdaşlığının daha bir nümunəsi hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska Davkova arasında keçirilən görüşü və müxtəlif məsələlər ətrafında müzakirələri hər iki ölkənin iqtisadi, ticarət, enerji və nəqliyyat sahəsində əməkdaşlığının inkişafında yeni mərhələnin əsası olacaq.
Oxşar keçmişə malik iki xalq
Şimali Makedoniya Şimal-şərqdə Serbiya, şimal-qərbdə Kosovo, qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Ölkənin paytaxtı və ən böyük şəhəri Skopye şəhəri, ümumi sahəsi 25,713 kvadrat kilometrdir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olmuşdur və 8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etmişdir. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək Makedoniya Respublikası, daha sonra ölkə parlamentinin qəbul etdiyi qərarla Şimali Makedoniya Respublikası adlanmışdır. Şimali Makedoniya parlamentli respublikadır və Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, NATO-nun və digər beynəlxalq təşkilatların üzvüdür. Şimali Makedoniya 2005-ci ilin dekabr ayından Avropa İttifaqına üzv olmaq üçün danışıqlar aparır.
Tarixi reallıqlara əsasən demək olar ki, Azərbaycanla Respublikası ilə Şimali Makedoniya oxşar tarixi keçmişə,malik dövlətlərdir. 1990-cı ilin əvvəllərində SSRİ-nin dağılması ilə digər kommunist düşərgələrində, o cümlədən də Yuqoslaviyada geosiyasi dəyişiklər baş verdi. Daha doğrusu Yuqoslaviyada 6 region özlərinin müstəqil dövlətlərini qurmaq uğrunda mübarizəyə başladılar. Şimali Makedoniya xalqı da müstəqili dövlətlərini qurmaq üçün mücadiləyə qalxdılar. Müstəqilliyini əldə etsə də, Şimali Makedoniya xalqı böyük itkilərə məruz qaldı, şəhər və kəndləri dağıntılarla üzləşdi. Bu baxımdan Şimali Makedoniya ilə Azərbaycan eyni talelərə, oxşar keçmişə malik dövlətlər olduqlarını qeyd etmək olar. Azərbaycanda müstəqilliyinin ilk illərində çətin, ağır dövr keçməli oldu. İtkilərə, faciələrə məruz qaldı. Azərbaycanda hökm sürən xaos və anarxiyadan yararlanan erməni hərbi terrorçu birləşmələri torpaqlarımız işğal etdi. Yalnız bu kimi ağrılı, acılı problemlərə Ulu Öndərimiz Heydər Əliyevin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra qoyuldu. Bu gün isə Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən, sakit, sabit, güclü Azərbaycan mövcuddur.
Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci il də qoyulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə Azərbaycanda işgüzar səfərlərdə olmuşdur. Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 2023-cü ilin aprelində Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir.
Azərbaycan Şimali Makedoniyanın enerji müstəqilliyinə mühüm töhfə verir
Bu gün Azərbaycanla Şimali Makedoniya arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər mövcuddur. Xüsusilə də enerji əməkdaşlığı sahəsində hər iki xalqın maraqlarına cavab verən yüksən əməkdaşlıq mövcuddur. Hazırda bir sıra ölkələrlə yanaşı Şimali Makedoniya Azərbaycan qazını alır. Bu da Şimali Makedoniyanın enerji müstəqilliyinə mühüm töhfə verir. Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovan ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın bundan sonra daha da artırılması razılığına gəlinib. Mətbuata verdiyi bəyanat zamanı Prezident İlham Əliyev qaz təchizatının davam etdirilməsinin vacibliyini vurğuladı və Azərbaycanda yeni qaz yataqlarının işlənilməsi sayəsində gələcəkdə həcmlərin artırılmasının mümkünlüyünü qeyd etdi. Onu da bildirdi ki, son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır: Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”.
Prezident İlham Əliyev çıxışında onu da xatırlatdı ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var: “ Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm. Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər”.
Təbii ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova arasında keçirilən görüş iki ölkə arasındakı əlaqələrin inkişafına mühüm töhfə verəcək. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxışında qısa müddətdən sonra Bakıya səfər etmək fürsətinə görə minnətdarlığını çatdırdı: “Mədəniyyət diplomatiyasının gücünə dərindən inanan bir şəxs kimi cənab Prezidentə söylədim ki, mən həqiqətən buraya yenidən gəlməyimi arzulayırdım. Bununla belə, mən məlumatım olmadığı bəzi məsələləri də artıq müzakirə etdim. Ölkəniz müsəlman Şərqində ilk cümhuriyyət qurmuşdur, eləcə də ilk opera, ilk filarmoniya məhz burada yaradılmışdır. Bu ölkə öz zəngin mədəniyyəti ilə seçilir. Ötən dəfə söylədiyim kimi, ilk dəfə ziyarət edə bilmədiyim muzeylərə bu dəfə gedəcəyəm. Bu fürsətə görə Sizə təşəkkürümü bildirirəm”.
“Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir”
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova çıxışında bildirdi ki, Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir: “Mən Cənab Prezidentə söylədiyim məsələləri bir daha vurğulayıram ki, biz irəliyə doğru addımın atılmasını gözləyirik və əməkdaşlığa dair bəyannaməyə və ya razılaşmaya imza atacağıq. Bu, o demək deyil ki, biz yalnız qaz təchizatında Azərbaycandan yardım alacağıq, o cümlədən iqtisadi əməkdaşlıq üçün də imkanlar yaranacaq. Mən qarşımda xarici işlər nazirini görürəm, biz dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyacağıq. Zənnimcə, bu, nə Şimali Makedoniyanı, nə də Azərbaycanı qane edən vəziyyət deyil və bu addımın atılması iki xalq arasında yaxınlaşmaya xidmət edəcəkdir. Ümid edirəm ki, biz Azərbaycanın mədəniyyətini də tanımağa davam edəcəyik. Bundan əlavə, elm sahəsində də universitetlərimiz arasında əməkdaşlığın qurulmasına nail ola bilərik. Azərbaycan hətta təyyarədən belə çox gözəl görünür, ölkəniz ilə əyani tanışlıqda isə o, insanı valeh edir. Bu səbəbdən turizm sahəsi də əməkdaşlıq edə biləcəyimiz sahələrdəndir.Artıq qeyd etdiyimiz kimi, bu günədək iqtisadiyyat sahəsində əhəmiyyətli addımlar atılmamışdır. Coğrafi mövqeyimizə görə biz Balkanlarda, Avropanın mərkəzində, bir sıra marşrutların kəsişməsində yerləşirik. Bu, Avropaya və dünyaya açıq olan hər bir ölkə üçün olduqca vacibdir. Sonuncu dəfə ölkənizdə olarkən bu fikri söyləmişdim və bu gün də təkrar bəyan etmək istəyirəm ki, biz bir-birimizdən bir çox şey öyrənə bilərik və bu səfər dərin dostluğun təməli olacaqdır. Mən təkcə Dövlət Neft Şirkəti ilə müqaviləni nəzərdə tutmuram. Hesab edirəm ki, gələcəkdə əldə olunan bütün razılaşmalar bizi daha da yaxınlaşdıracaq. Cənab Prezidentə söylədiyim sonuncu fikir ondan ibarət idi ki, XXI əsrdə yenidən dünya nizamı ilə bağlı fərziyyələrin irəli sürülməsi insanı sarsıdır. Ukrayna da daxil olmaqla, bu geniş region dünyada cərəyan edən hadisələrin özəyini təşkil edir və müxtəlif tərəflər bu regionda təsir gücünə malik olmaq istəyir. Zənnimcə, Avropa yenidən qapılarını açır və sizin nailiyyətləriniz sayəsində biz gələcək əməkdaşlığımızı davam etdirə bilərik”.
Bir sözlə, görünən ondan ibarətdir ki, Azərbaycan nəinki , islam ölkələri, türk dünyası ilə geniş və sıx əməkdaşlıq əlaqələri qurur, eləcə də Avropa dövlətləri ilə dostluq münasibətləri yaradır. Balkan yarımadası dövlətləri ilə, xüsusilə də Şimali Makedoniya Respublikası ilə əməkdaşlıq münasibətlərini genişləndirməsi ölkəmizin gücünə yeni güc qatmaqla yanaşı, beynəlxalq aləmin əsas aparıcı dövlətlərdən biri olduğunu təsdiqləyir.
Eldar İbrahimov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri