EN

“Kənardan nə qədər eybəcər göründüyünün fərqində deyilsən...”

Avropa Parlamentinin martın 13-də qəbul etdiyi “Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri” adında qətnamə artıq nə qərəzin, nə də qeyri-obyektivliyin təzahürüdür. Bu, birbaşa riyakarlıqdır, beynəlxalq hüquqa, onun prinsiplərinə açıq dillə ünvanlanan söyüşdür, nihilizmi təşviq, müharibəni təbliğ, faşizmi, nasizmi təqlid edənlərin növbəti avantürasıdır!

Əvvəla, ilk ondan başlayım ki, qondarma sizsiz, sizin dəxilsiz, sübutsuz, urvatsız kağız parçanızdır, sizi bu qətnaməni qəbul etməyə həvəsləndirənlərdir!

İkincisi, girov nə idi, a kişi?! Qanunsuz tutulmanı da haradan çıxardınız?

Azərbaycan yurisdiksiyadan – yəni, dövlət orqanının səlahiyyətinə aid olan sferadan çıxıbmı?- Xeyr! Bütün addımlar bizim öz ərazimizdə, Xankəndində, milli və beynəlxalq hüququn tələblərinə uyğun atılıbmı? – Bəli! Aparılan həbslər BMT-nin 4 Qətnaməsində əks olunan birbaşa, qeyd-şərtsiz göstərişlərə ziddirmi? - Qətiyyən! Ən ağır cinayətlərdə adı keçən cinayətkar(lar)ı ədalət mühakiməsinə təslim etmək, sorğu-suala çəkmək istənilən dövlətin haqqıdırmı? – Birmənalı!

Vəssalam da. Başqa neyləməli idik? Minlərlə şəhidimizin ölümünə bais olan quldurları zurna-balabanla, hörmətlə-izzətlə sərhəd məntəqəsindən yola salmalı idik? Bunu gözləyirdiniz?!

Üçüncüsü... Qətnamədə “etnik təmizləmə” sərlövhəsi də keçir...

Siz ümumiyyətlə bu sözü, bu kəlməni işlətməkdən utanırsızmı? Utandınızmı? Və ya fikrimi dəqiq deyim: Əsl etnik siyasətini həyata keçirənləri 30 il boyunca qoruyan, bəsləyən, Xocalı faciəsinin birbaşa icraçılarını, sifarişçilərini viza ilə təmin edən, İNTERPOL-un siyahısında ön sıralarda qərarlaşanları beynəlxalq tədbirlərə çağıran, Ruanda genosidindən tutmuş ta okeaniya dövlətlərinin istilasına, millətlərin öz müqəddəratını həll etmək hüququnun amansızca, qatilcə boğulmasından tutmuş ta qanunsuz silahdaşımaya qədər min cür cinayətlərdə adı keçən Fransanın (əsl stajlı etnikçinin!) sözü, tövsiyyəsi ilə oturub-duran, qərar (qətnamə) qəbul edən Avropa – Səndə heçmi abır hissi qalmayıb?!

Dördüncüsü... Sən hardan qərar verdin ki, məhkəmə ədalətsiz keçirilir? Faktın, arqumentin, əsaslandırman nədir?

“Məhlə uşaqlarınızdan” çox narahat idinizsə, vəkil tutardız, ekspert göndərərdiz, gedişatla yaxından tanış olardız. Amma yox! Sizə bu lazım deyil axı. Sizə hazırda lazım olan boğazdan yuxarı danışmaqdır, havaya kül üfürməkdir, qlobal meydandakı uğursuzluğunuzu, Trampın qabağından qaçmağınızı, Ukrayna boyda dövləti güdaza verməyinizi bəşəriyyətə unutdurmaqdır, sabotaj üsulu ilə fikir yayındırmaqdır, riyakarlığı, saxtakarlığı, haqsızlığı yeni dəyər etalonuna, meyarına çevirməkdir!

Ən sonda.

Kənardan nə qədər eybəcər göründüyünün fərqində belə deyilsən, AVROPA!

Qurtarmısan sən. Bitmisən sən. Büzüşmüsən sən. Qurumusan sən.

Və deformasiyaya uğrayan simanı artıq nə ifrat dərəcədə istifadə etdiyin botoks xilas edə bilir, nə də bahalı makiyaj.

Hətta bəzən düşünürəm..., Azərbaycanda sertifikatı ləğv edilmiş, hazırda istintaq altında olan saxta plastik cərrahlar belə bir üzü bu günə qoya bilməzdilər.

Qoymazdılar!

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Chosen
169
4
qafqazinfo.az

5Sources