EN

Qlobal Bakı Forumu beynəlxalq əhəmiyyətli platformaya çevrilib



"Qlobal Bakı Forumu artıq neçə illərdir ki, beynəlxalq əhəmiyyətli platformaya çevrilib. Forumu əhəmiyyətli edən mühüm məqamlardan biri də ondan ibarətdir ki, ona olan maraq, eyni zamanda iştirakçı sayında hər il artım müşahidə edilir. Elə bu günlərdə baş tutaan XII Qlobal Bakı Forumu fonunda da bunu aydın gördük".

Newscenter.az xəbər verir ki bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı XII Qlobal Bakı Forumunun əhəmiyyətindən danışarkən səsləndirib. İctimai Birlik sədri deyib ki, hər il dünyamızı, bəşəriyyəti düşündürən, qlobal problemə çevrilən məsələləri müzakirə edən Forumun bu dəfəki mövzusu da hər zamankı kimi günümüz üçün olduqca aktual idi:

"Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumunun əsas mövzusu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" idi. Həqiqətən də bu gün reallıq ondan ibarətdir ki, bəzi güc mərkəzləri dünya düzənini yenidən şəkilləndirmək istəyirlər. Bu şəkilləndirmədə isə təəssüflər olsun ki, ayrı-ayrı dövlət və ölkələrin qərarları, mənafe və maraqları deyil, məhz həmin şəkilləndirməni həyata keçirməyə çalışan super güclərin maraqları üstün tutulur. Yerdə qalan heç bir dövlətin mövqeyi nəzərə alınmır. Bu da çox təhlükəli bir tendensiyadır".

Arzuman Muradlı qeyd edib ki, Qlobal Bakı Forumunda bu günə qədər iqtisadi böhranlar, təhlükəsizlik problemləri, ekoloji dəyişikliklər, insan haqları və digər əhəmiyyətli mövzular müzakirə olunub, həmin müzakirələrin nəticələri olaraq beynəlxalq aləmə çağırışlar edilib, bəyanatlar qəbul olunub:

"Sonuncu Forum da bu baxımdan yadda qalan oldu və qəbul edilən qərarlar, bəyanatlar ümid edirik ki, öz müsbət effektini göstərəcək".

İctimai Birlik sədri sonda onu da diqqətə çatdırıb ki, Qlobal Bakı Forumu mühüm əhəmiyyətli qlobal platforma olaraq beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müxtəlif ölkələrin birgə fəaliyyət göstərərək bu və ya digər problemlərin həllinə birgə nail olmalarına imkanlar yaradır.

Süleyman
Chosen
14
newscenter.az

1Sources