EN

XII Qlobal Bakı Forumu: Yeni dünya nizamında sülh, sabitlik və innovasiya - TƏHLİL

Bakı, 17 mart, AZƏRTAC

XII Qlobal Bakı Forumu qlobal çağırışların müzakirə edildiyi, beynəlxalq siyasətin və əməkdaşlığın gücləndirilməsinə dair yeni yanaşmaların ortaya qoyulduğu bir platforma olaraq işini uğurla yekunlaşdırdı. Forumda müzakirə olunan müxtəlif mövzular dünyanın qarşılaşdığı ən aktual məsələlərə dair dərindən təhlili və yeni həll yollarının tapılmasını hədəfləyir.

Forumda çıxan əsas nəticə ondan ibarət oldu ki, qlobal problemlərin həllində dövlətlər və beynəlxalq təşkilatlar arasında daha çox əməkdaşlıq, çoxqütblü yanaşma, hərtərəfli multilateralizmin əhəmiyyəti artırılmalıdır. Bu mövzular yalnız dünya siyasətini deyil, həm də beynəlxalq hüququ, iqtisadiyyatı və təhlükəsizliyi daha ədalətli, sülhsevər şəkildə formalaşdırmaq üçün yeni yanaşmalar təqdim etdi. Bu müzakirələr qlobal çağırışların qarşısında daha yaxşı bir gələcək qurmaq üçün vacib addımlar atılmasına yardımçı ola bilər.

Bu fikirlər filologiya elmləri üzrə fəlsəfə doktoru, media tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “XII Qlobal Bakı Forumu: Yeni dünya nizamında sülh, sabitlik və innovasiya” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir:

“XII Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT Paktı: Yeni qlobal konsensusun yaradılması” kimi ən vacib panel mövzularının təhlili göstərir ki, qoyulan məsələlər, aparılan müzakirələr yalnız dövlətlər arasında deyil, həm də cəmiyyətin hər bir üzvü üçün yeni düşüncə tərzinin və strateji yanaşmaların inkişafını tələb edir.

Sülhə gedən yol: Yeni dünya nizamında orta güclər. Bu paneldə qlobal güclər arasında balansın dəyişməsi və orta güclərin yeni dünya nizamında oynayacağı rol müzakirə edildi. Hegemon dövlətlər və onların müstəqil siyasətləri ilə yanaşı, orta güclər qlobal məsələlərə daha çox təsir göstərmək üçün müstəqil və birgə addımlar atmağa başlayıblar. Bu məqamda Forum iştirakçıları orta güclərin daha müstəqil xarici siyasət həyata keçirmələrinin, eyni zamanda, beynəlxalq sülh və təhlükəsizlik məsələlərində daha fəal rol almalarının vacibliyini vurğuladılar.

Çoxsaylı regionlarda sabitliyin pozulması, güc mübarizələrinin artması, münaqişələrin dərinləşməsi orta güclərin qlobal siyasi və iqtisadi münasibətlərdə daha böyük rol oynamalarına səbəb olub. Forumda bu güclərin sülhə gedən yolda beynəlxalq əməkdaşlığı gücləndirmək və münaqişələrin qarşısını almaq üçün necə birləşə biləcəyi mövzusu geniş müzakirə olundu. Orta güclərin sülh təşəbbüslərində iştirak etmələri və təsirli regional əməkdaşlıq modeli qurmaları qlobal sabitliyin bərpası üçün olduqca mühümdür.

Sülh: Münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası. Münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası qlobal siyasətin ən mühüm məsələlərindən biridir. Forumun bu mövzusu münaqişə yaşayan ölkələr üçün sülh quruculuğu və sosial-iqtisadi bərpa proseslərinin necə həyata keçirilməsi ilə bağlı yeni yanaşmaların inkişafı imkanlarını təklif etdi. Yenidənqurma prosesi yalnız infrastrukturun bərpası ilə məhdudlaşmamalıdır, o, həmçinin sosial sabitlik, iqtisadi inkişaf və insan hüquqlarının qorunmasına yönələn yanaşma tələb edir.

Regional sabitlik münaqişə sonrası dövrdə həm də diplomatik yanaşmaların və siyasi iradənin vacibliyini ön plana çıxarır. Forumda müzakirə edilən əsas məsələlərdən biri də regional əməkdaşlıq və inkişaf proseslərinin sürətləndirilməsi üçün beynəlxalq qurumların, xüsusilə BMT və digər təşkilatların rolunun artırılmasıdır. Münaqişə sonrası sabitliyin təmin edilməsi üçün həm regional, həm də beynəlxalq səviyyədə daha mükəmməl bir koordinasiya tələb olunur.

Avropanın gələcəyi. Bu mövzuda Avropanın qarşılaşdığı geosiyasi dəyişikliklər, iqtisadi çətinliklər və sosial təzyiqlər fonunda Avropanın gələcəyini müzakirə edildi. Avropa İttifaqı iqtisadi inkişaf və təhlükəsizlik sahələrindəki böyük çətinliklərlə üzləşir. Forum iştirakçıları Avropanın çoxqütblü dünya nizamında öz mövqeyini necə qoruması və daha sürətlə necə inkişaf etdirməsi imkanları ətrafında fikir mübadiləsi apardılar.

Avropanın gələcəyi, həmçinin buradakı siyasi və sosial inteqrasiyanın dərinləşməsi ilə bağlıdır. Regional problemlərə, xüsusən də qaçqın böhranı, iqtisadi böhranlar və enerji məsələləri kimi mövzulara daha yaxın həll yolları təklif olundu. Forumda Avropanın gələcəkdə necə daha güclü və birləşmiş bir qurum olacağına dair təhlillər, ideyalar irəli sürüldü.

Yeni dünya üçün yeni texnologiyalar. Yeni texnologiyalar qlobal iqtisadiyyatı və sosial strukturları yenidən formalaşdırmaq potensialına malikdir. Forumda bu mövzuya toxunularkən, texnoloji inkişafa olan ehtiyac, onun dünya siyasətinə və iqtisadiyyatına təsiri müzakirə edildi. Süni intellekt biotexnologiya, kibertəhlükəsizlik və digər innovativ sahələr qlobal inkişafda mühüm rol oynayır. Tədbirdə texnologiyanın yalnız iqtisadi inkişafı deyil, həm də dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün necə istifadə oluna biləcəyi barədə də fikirlər səsləndirildi. Yeni texnologiyalar həm də sosial bərabərsizlikləri azaltmaq və daha dayanıqlı bir inkişaf yolu yaratmaq üçün vacibdir.

Gender, təhlükəsizlik, iqlim bağlantısı. Bu mövzu əsasında panel müzakirədə gender məsələlərinin, təhlükəsizlik və iqlim dəyişiklikləri ilə necə əlaqəli olduğunu təhlil edildi. Gender bərabərliyi xüsusilə təhlükəsizlik məsələləri və iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində vacib komponentdir. Forumda qadınların sosial, iqtisadi, siyasi həyatdakı iştirakının artırılmasının, qlobal təhlükəsizlik və davamlı inkişaf üçün necə mühüm olduğuna diqqət çəkildi.

İqlim dəyişiklikləri və gender məsələləri xüsusilə zəif sosial təbəqələr üçün daha böyük risklər yaradacaq. Bu, həm də dövlətlərin və beynəlxalq təşkilatların sözügedən məsələlərlə necə daha effektli mübarizə aparmalı olduqlarına dair yeni yanaşmaların inkişafının vacibliyini göstərir.

Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr. COVID19 pandemiyası dünya üzrə səhiyyə sistemlərini böyük sınaqlara çəkdi və qlobal səhiyyə sahəsindəki mövcud qeyri-bərabərlikləri açıq şəkildə ortaya qoyub. Forumda bu mövzuya dair müzakirələrdə əsas diqqət pandemiyalara qarşı hazırlığın gücləndirilməsinə, qlobal səhiyyə bərabərliyinin təmin edilməsinə, daha yaxşı səhiyyə sistemləri qurulmasına və gələcək pandemiyalara qarşı hazırlıqların artırılması ilə bağlı yeni cəbhələrin açılmasına yönəldi.

Beynəlxalq səhiyyə təşkilatlarının və dövlətlərin əməkdaşlığı bu sahədə mühüm rol oynayır. Forumda səhiyyə bərabərliyinin xüsusən də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr necə daha ədalətli şəkildə arasında həyata keçirilməsi barədə təkliflər irəli sürüldü.

Gənclər danışsın, biz dinləyək. Forumda, həmçinin gənclərin fəallığına dair müzakirələr geniş yer tutdu. Gənclər, gələcəyin qurucuları olaraq qlobal məsələlərdə daha çox söz sahibi olmalıdırlar. Forumda gənclərin müxtəlif sosial, iqtisadi və siyasi məsələlərdə iştirakı vurğulandı, onların təklif etdiyi ideyaların dinlənilərək, qəbul edilməsi ehtiyacı müzakirə olundu.

Gənclərin proseslərdə aktiv rol almaları həm də müasir texnologiyalar və innovasiyaların daha geniş miqyasda tətbiqinə imkan yaradır. Forumda gənclərin potensialı, gələcəkdə dünya siyasətinə və iqtisadiyyatına olan təsiri diqqətə çatdırıldı.

XII Qlobal Bakı Forumu qlobal çağırışların, dünyanın ən vacib məsələlərinin müzakirə olunduğu bir platforma kimi qlobal sülh, inkişaf və əməkdaşlıq üçün yeni perspektivlər təqdim etdi. Bakı Forumu, həmçinin Azərbaycanın regional və beynəlxalq səviyyədə mühüm bir platforma olaraq rolunu bir daha sübuta yetirdi. Tədbirdə səsləndirilən fikir və təkliflər dünya düzəninin və geosiyasi təhlillərin gələcək istiqamətinin müəyyən olunmasında önəmli yer tutacaq. Bu Forum gələcəkdə də qlobal məsələlərə dair geniş müzakirələr və əməkdaşlıq üçün faydalı təməl yaratmaqdadır”.

Chosen
18
azertag.az

1Sources