EN

Bu gecə ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

Bakıvaxtı.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı tərtib etdiyi təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək.

Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Bakıvaxtı.az-a bildirib ki, namaz qılan, oruc tutan insan Qədr gecəsinə çatanda o gecənin savabına şərik olur. O gecəni səhərə kimi yatmır, dualar oxuyur, namaz qılır və əgər sübhə qədər oyaq qalsa, bunun böyük savabı var.

Fuad Nurullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini

“Əslində Qədr gecəsi birdir. Amma onu Allah Peyğəmbərindən və bizdən gizli saxladığı üçün biz bir neçə Qədr gecəsi keçiririk ki, çox savab əldə edək. Peyğəmbərdən sual ediblər ki, “Qədr gecəsi hansı gündür?” Deyib “Sonuncu 10 günlüyə düşər” və ona görə də biz insanlar sonuncu günlər yaxınlaşanda artıq Qədr gecələrini qeyd edirik və onun savabına şərik oluruq”.

F.Nurullayevin sözlərinə görə, Qədr gecəsinin dəyəri, gözəlliyi ondadır ki, Allah taala həmin Qədr gecəsində Quranı nazil edib, Quranı öz rəsuluna qədr göndərib. Bütöv Quranı onun qəlbinə bəxş edib, sonra da 23 il ərzində ayəbəayə, surəbəsurə Peyğəmbərə Quranı göndərib:

“Ona görə də biz də həmin savaba çataq deyə, Quranın peyğəmbərə göndərilməsində bizim də savabımız olsun, biz də Allah tərəfindən mükafat əldə etmiş olaq deyə həmin gecəni dua edirik, namaz qılırıq və Qədr gecəsinin savabına qoşuluruq. Bir neçə gecə ona görə keçiririk ki, heç olmasa hansı gecə olsa, o gecənin savabını əldə etmiş olaq. Allah da onu gizlin saxlayıb ki, insanlar çoxluca savablar əldə edə bilsinlər.

Allah dualarınızı qəbul eləsin. Allah taala bizə gözəl, hər il yeni Ramazanlar nəsib etsin”.

Mina Mikayılova

Chosen
14
1
bakivaxti.az

2Sources