“Belarus və Haiti ilə oyunlar gənc futbolçulara baxmaq üçün uyğun matçlardır. Məncə, bu oyunlar gənclər üçün yaxşı təcrübə olacaq. Ancaq milli komandanın bu cür oyunlarda qələbə qazanması vacibdir. Çünki özünəinam artır. Unutmayaq ki, qarşıda yığmanı çox ağır rəqiblərlə oyunlar gözləyir”.
Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin Belarus və Haiti ilə keçirəcəyi yoxlama görüşləri barədə danışarkən Adil Şükürov deyib. O, daha sonra belə davam edib:
“Millimizdən gözləntilərin böyük olmadığını hər kəs bilir. Amma bu o demək deyil ki, DÇ seçmə oyunlarına əlimizi aşağı salaraq getməliyik. Bəli, burada bizi İslandiya, Ukrayna və Fransa – Xorvatiya cütünün qalibi ilə çox çətin oyunlar gözləyir. Komandanı bu ağır oyunlarla hazırlamaq lazımdır. Belarus və Haiti komandaları ilə oynayacağımız birmənalı qarşılanmır. Rəqiblərdin adları müzakirə edilir. Düzünü desək, bu gün üçün bizimlə oynamaq istəyən komandaların sayı elə də çox deyil. Millətlər Liqasında olan çıxışımız göz qabağındadır. Məncə rəqiblərin kimliyinə baxmayaraq əsas məqsəd milli komandanı formalaşdırmaq olmalıdır”.
Şükürov Fernandu Santuşun millinin heyətinə gənc və I Liqadan futbolçu dəvət etməsinə də münasibət bildirib:
“Santuş yeni mövsümdən milli üzvlərinin bəzilərinin I Liqada oynayacağını bilir. Bu səbəbdən də özü üçün bu çempionatın səviyyəsini müəyyənləşdirmək istəyir. Bu gün aşağı liqa ilə Premyer Liqa arasındakı səviyyə fərqini kubok oyunlarında görürük. I Liqada milli səviyəsində futbolçu olub-olmadığı elə Azərbaycan Kuboku matçlarında ortaya çıxır”.
Xatırladaq ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarus yığmaları ilə yoxlama görüşləri keçirəcək.
Həsən Quluzadə