EN

Saxta diplomlarla vəzifə tutanlar cəmiyyətin gələcəyinə zərbə vururlar



Azərbaycanda dövlət idarəçiliyinin sağlamlaşdırılması istiqamətində son illərdə ciddi addımlar atılsa da, saxta diplom problemi hələ də mövcuddur. Xüsusilə, Təhsil Nazirliyi tərəfindən tanınmayan xarici universitetlərin məzunları və artıq fəaliyyəti dayandırılmış bəzi yerli ali təhsil müəssisələrinin diplomları ilə yüksək vəzifələrə gələn şəxslər dövlətin idarəçilik sisteminə və cəmiyyətin gələcəyinə ciddi təhlükə yaradır. Bu cür halların geniş yayılması dövlət strukturlarında qeyri-peşəkarlığın artmasına və korrupsiya hallarının dərinləşməsinə səbəb olur. Yazdığım bu yazıda, saxta diplomla vəzifə tutan şəxslərin qanun qarşısında məsuliyyəti, onları işə qəbul edənlərin hüquqi öhdəlikləri və cəmiyyətə vurduğu zərərin nəticələri geniş şəkildə izah etməyə calışacam.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, saxta diplomun hazırlanması, satılması və istifadəsi cinayət tərkibli əməldir və bununla bağlı bir neçə hüquqi norma mövcuddur. Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, bilərəkdən saxta rəsmi sənədin hazırlanması, istifadəsi və ya satılması üç ilədək azadlıqdan məhrumetmə və ya müəyyən məhdudiyyətlər nəzərdə tutur. Saxta diplomla dövlət vəzifəsinə təyin olunmaq isə əlavə olaraq vəzifə saxtakarlığına yol vermək kimi qiymətləndirilir. Belə şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə müəyyən müddətə vəzifə tutmaq hüququndan məhrum edilə, cərimələnə və ya hətta azadlıqdan məhrum edilə bilərlər. Bu, yalnız saxta diplom sahiblərinə deyil, həm də onların işə qəbul olunmasına icazə verən vəzifəli şəxslərə də şamil edilir. Əgər bir məmur vəzifəyə qəbul zamanı namizədin diplomunun saxta olduğunu bildiyi halda onu işə qəbul edirsə, bu hal vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya cinayətləri çərçivəsində qiymətləndirilir.
Saxta diplomların cəmiyyətə vurduğu zərər yalnız hüquqi məsuliyyətlə məhdudlaşmır. Belə şəxslər adətən peşəkar bacarıqlara malik olmadıqlarına görə, tutduqları vəzifələrdə qeyri-effektiv idarəçilik həyata keçirir, strateji qərarların qəbulunda yanlış addımlar atır və nəticədə dövlət sektorunda keyfiyyətin aşağı düşməsinə səbəb olurlar. Bu problemlə mübarizə aparmaq üçün bir neçə əsas tədbir həyata keçirilməlidir. İlk növbədə, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və hüquq-mühafizə orqanları saxta diplomların aşkarlanması üçün birgə fəaliyyət göstərməlidir. Xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması prosesi daha da sərtləşdirilməli və yalnız etibarlı ali təhsil müəssisələrinin diplomları qəbul edilməlidir. Dövlət qulluğuna qəbul zamanı diplomların elektron bazalarla yoxlanılması məcburi edilməli və saxta sənədlərlə müraciət edən şəxslər haqqında hüquqi tədbirlər görülməlidir. İkinci əsas addım, saxta diplomlarla vəzifəyə gələnlərin və onların himayədarlarının hüquqi məsuliyyətə cəlb olunmasıdır. Əgər bir məmur bilərəkdən qeyri-peşəkar və ya saxta diplomlu şəxsi yüksək vəzifəyə irəli çəkirsə, onun barəsində korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılmalıdır. Bununla yanaşı, dövlət idarəçiliyində şəffaflıq artırılmalı və vətəndaş cəmiyyəti institutları bu sahədə aktiv iştirak etməlidir. Üçüncü vacib məsələ, cəmiyyətin maarifləndirilməsidir. İnsanlar bilməlidirlər ki, saxta diplomla vəzifə tutmaq təkcə fərdi məsuliyyət deyil, həm də dövlətin və cəmiyyətin inkişafına ciddi maneədir. Bu səbəbdən, hər bir vətəndaş dövlət qurumlarına müraciət edərkən, işlədiyi müəssisədə və ya rast gəldiyi hallarda bu cür qanunsuzluqları ifşa etməlidir. Dövlətin və cəmiyyətin inkişafı yalnız peşəkar, səriştəli və ləyaqətli insanların rəhbərliyə gəlməsi ilə mümkündür.
Əgər bu problemlə effektiv mübarizə aparılmazsa, ölkədə qeyri-peşəkarlıq daha da dərinləşəcək, sosial bərabərsizlik artacaq və dövlət qurumlarına inam daha da azalacaq. Saxta diplomlarla vəzifəyə gələnlər idarəçilikdə qeyri-effektiv qərarlar qəbul etməklə sosial problemləri daha da ağırlaşdıracaq. Bu isə Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərinə ciddi zərbə vura bilər. Buna görə də, dövlət, vətəndaş cəmiyyəti və hər bir fərd bu problemin həllinə töhfə verməli və belə hallara qarşı sıfır tolerantlıq nümayiş etdirməlidir.
Nəticə olaraq, saxta diplomlarla vəzifə tutanlar yalnız öz karyeralarına deyil, bütün cəmiyyətin gələcəyinə zərbə vururlar. Onların aşkarlanması və məsuliyyətə cəlb olunması dövlətin güclənməsi və hüquqi bərabərliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Saxta diplom sahibləri və onların himayədarları cəzasız qalarsa, bu, korrupsiyanın və qeyri-peşəkarlığın daha da genişlənməsinə gətirib çıxaracaq. Dövlət institutlarının güclənməsi və cəmiyyətin rifahının yüksəlməsi üçün belə hallara qarşı ciddi tədbirlər görülməli, qanunun aliliyi təmin edilməlidir.

Əli İbrahimov, hüquqşünas
Chosen
21
newscenter.az

1Sources