EN

Tramp və Putin arasında telefon danışığı baş tutub: ilkin nəticələr - "Azadlıq Radiosu"

"Söhbət zamanı Ukraynada müharibənin dayandırılması və bir sıra aktual beynəlxalq məsələlər müzakirə edilib..."
 
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Söhbətin başlandığını Ağ Evin aparat rəhbərinin müavini və prezidentin köməkçisi Drn Skavino elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
Məlumata görə, telefon söhbəti Mərkəzi Avropa vaxtı ilə səhər saat 10:00-da başlayıb və 2 saat yarım davam edib. Gözlənildiyi kimi, əsas mövzu Ukraynadakı müharibənin həlli yolları və sülhün əldə edilməsi olub.
 
CNN-in mənbələri bildirir ki, söhbət Rusiyanın sülhə nail olmaq üçün atmağa hazır olduğu addımlardan, o cümlədən nəzarətindəki bəzi Ukrayna ərazilərinin qaytarılmasından gedir.
 
Tramp Putinlə danışığından öncə "Truth Sosial" şəbəkəsində paylaşım edərək, sülh razılaşmasının əsas bəndlərinin artıq razılaşdırıldığını, lakin hələ də müzakirə olunmalı detalların qaldığını bildirib.
 
Lakin bu bəndlərin konkret nələr olduğu və kiminlə razılaşdırıldığı barədə açıqlama verməyib. Keçən həftə Ukrayna ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəs planı ilə razılaşıb. Putin bu ideyanı tam rədd etməsə də, müəyyən şərtlər irəli sürüb.
 
Bu arada Kreml Tramp və Putin arasında olan danışığın nəticələrini açıqlayıb. Kremlin məlumatına görə, "Liderlər Ukrayna ətrafındakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsi aparıb". Putin "Trampın müharibəni dayandırmaq və insan tələfatının qarşısını almaq üçün göstərdiyi səyləri" yüksək qiymətləndirib.
 
O, bildirib ki, münaqişənin daha da böyüməsinin qarşısını almaq üçün əsas şərt Ukraynaya xarici hərbi yardım və kəşfiyyat məlumatlarının verilməsinin tamamilə dayandırılmasıdır.
 
Putin həmçinin Trampın enerji infrastrukturuna qarşı hücumların 30 gün müddətinə dayandırılması təklifinə razılıq verib və bununla bağlı Rusiya hərbçilərinə dərhal əmr verdiyini açıqlayıb.
 
Bundan əlavə, Putin bildirib ki, martın 19-da Rusiya və Ukrayna arasında 175-in 175-ə əsir mübadiləsi həyata keçiriləcək. Eyni zamanda, ağır yaralanmış 23 ukraynalı hərbçi "xoşməramlı jest" kimi azad edilərək Ukraynaya qaytarılacaq.
 
Liderlər Ukrayna məsələsinin tənzimlənməsi istiqamətində ikitərəfli rejimdə səyləri davam etdirmək niyyətini təsdiqləyib. Trampın yuxarıda qeyd olunan təkliflərini də nəzərə almaqla, Rusiya və ABŞ ekspert qruplarının yaradılacağı bildirilib.
 
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı tanınmış təşəbbüsün həyata keçirilməsi ideyasına konstruktiv yanaşıb. Bu məsələnin detallı işlənməsi üçün danışıqlara başlanması barədə razılıq əldə olunub.
 
Putin və Tramp həmçinin beynəlxalq gündəmin digər aktual məsələlərini, o cümlədən Yaxın Şərqdə və Qırmızı dəniz bölgəsindəki vəziyyəti müzakirə edib. Böhran bölgələrində sabitliyin bərpası, nüvə silahlarının yayılmaması və qlobal təhlükəsizlik məsələlərində əməkdaşlığın qurulması üçün birgə səylər göstəriləcəyi bildirilib.
 
Bu cür addımlar Rusiya-Amerika münasibətlərində ümumi atmosferin yaxşılaşmasına töhfə verəcək. Müsbət nümunələrdən biri kimi BMT-də Ukrayna münaqişəsi ilə bağlı qətnamə üzrə Moskva və Vaşinqtonun ortaq səsverməsi qeyd edilib.
 
Tərəflər Rusiya və ABŞ-ın qlobal təhlükəsizliyə və sabitliyə görə xüsusi məsuliyyət daşıdığını nəzərə alaraq, ikitərəfli münasibətlərin normallaşdırılmasına qarşılıqlı maraq ifadə ediblər. Bu kontekstdə iqtisadiyyat və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dair bir sıra ideyalar müzakirə olunub.
 
Tramp Putinin ABŞ və Rusiyada NHL və KHL oyunçularının iştirakı ilə xokkey matçları keçirilməsi ideyasını dəstəkləyib. Prezidentlər bütün müzakirə edilən məsələlərlə bağlı əlaqəni davam etdirmək barədə razılığa gəlib. Tramp və Putin arasındakı telefon danışığı 2 saat 30 dəqiqə davam edib. Tramp yaxın vaxtlarda danışıqların nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək.
Chosen
6
41
moderator.az

10Sources