EN

Təkamülün gizli məqamı: Müasir insanlar bir yox, azı iki qədim populyasiyadan törəyiblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kembric Universitetinin alimləri müəyyən ediblər ki, müasir insanlar bir yox, azı iki qədim populyasiyadan törəyiblər. Bu qruplar təxminən 1.5 milyon il əvvəl ayrılıb və 300 min il əvvəl yenidən birləşiblər. İlk qrup müasir insanların genlərinin 80%-ni, ikinci qrup isə 20%-ni formalaşdırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, tədqiqat "Nature Genetics" jurnalında dərc olunub.
"Uzun müddət belə hesab olunurdu ki, biz bir davamlı əcdad xəttindən törəmişik, lakin bizim tədqiqatlarımız insan mənşəyinin bundan daha mürəkkəb olduğunu göstərir", - deyə tədqiqatda bildirilib.
Alimlər genetik məlumatları analiz etmək üçün "cobraa" adlı xüsusi alqoritm hazırlayıblar.
Onlar aşkar ediblər ki, ayrılmadan sonra populyasiyalardan biri ciddi genetik böhranla üzləşib və çox az sayda fərd sağ qalıb. Məhz bu populyasiya sonradan müasir insanların genomunun əsasını təşkil edib, eyni zamanda neandertallar və denisovalılar üçün ümumi əcdad qrupu olduğu ehtimal edilir.
"Nəticələrimiz göstərir ki, insan təkamülü təkcə ayrılma deyil, həm də populyasiyaların təkrar birləşməsini əhatə edən mürəkkəb bir proses olub. Bu, həmçinin populyasiyalar arasında gen mübadiləsinin müasir növlərin formalaşmasında həlledici rol oynadığını təsdiqləyir", - deyə məqalədə əlavə edilib.
Bundan əlavə, alimlər "cobraa" metodundan şimpanzelər, delfinlər və yarasalar kimi digər növlərin təkamülünü öyrənmək üçün də istifadə ediblər. Bu yanaşma canlıların mənşəyini daha dəqiq araşdırmağa imkan yaradır.
Chosen
21
50
oxu.az

10Sources