Bakı, 19 mart, AZƏRTAC
Bayram günləri ilə əlaqədar olaraq “Azərenerji” ASC gücləndirilmiş iş qrafikində çalışacaq.
ASC-dən AZƏRTAC-a bildirilib ki, bunun üçün əvvəlcədən qabaqlayıcı tədbirlər görülüb. Belə ki, enerji sisteminin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək məqsədilə məsul şəxslərdən ibarət xüsusi növbətçilik təşkil olunub, eyni zamanda, elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib.
Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işi, o cümlədən, mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin edilib.