Teatr insanlara yaxşı və pisi, ağ və qaranı, hörmət və ehtiramı, dost və düşməni, doğru və yalanı, riyakarlığı və xəyanəti və bütün bulardan çıxış yollarını canlı şəkildə göstərir. Artıq uzun müddətdir ki, həm mütəxəssislərin qeyd etdiyi yazılarda, həm də ümumi mənzərədən görürük ki, teatrların tamaşaçı problemi demək olar ki, qalmayıb.
Bəs teatra gələn hər bir izləyici həmin tamaşanı tam olaraq başa düşürmü? Aktyor öz fikrini tam şəkildə tamaşaçıya ötürə bilirmi?
Əməkdar artist, aktrisa Yaqut Paşazadə mövzu ilə əlaqədar MediaPost-a açıqlamasında qeyd edib ki, əgər tamaşaçı tamaşadan heç nə başa düşmürsə, bu, artıq bizim qüsurumuzdur, teatrın problemidir:
“Müəyyən bir formal qat var ki, o qatda tamaşaçı, heç olmasa, 10 faiz nə isə başa düşməlidir. Yanaşma məsələsi də var. Sevərək baxanda zibillikdə də xoşagələn nə isə tapmaq mümkündür. Ancaq qəsd-qərəzliklə baxanda cənnətdə zibil tapmaq olar. Tamaşaçı, doğrudan da, heç nə başa düşməyibsə, biz onunla ünsiyyətə girməyə çalışırıq. Öyrənirik ki, nəyi başa düşməyib. O kodları açırıq, nəyi necə anlaya biləcəyini izah edirik. Şəxsiyyət kimi formalaşmadan kamil sənətçi olmaq mümkün deyil”.