Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
QOl.az xəbər verir ki, o, təsnifat mərhələsində Simone Piroddu (İtaliya) üzərində inamlı qələbə qazanıb - 11:0. Daha sonra Süleyman Atlıya (Türkiyə) qalib gələn (6:0) Rzazadə yarımfinalda Vladimir Eqorovu (Şimali Makedoniya) 4:3 hesabı ilə üstələyib.
İndi Azərbaycan güləşçilərinin 4 Olimpiya lisenziyası var. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq), həmçinin yunan-Roma güləşçiləri Sənan Süleymanov (77 kq) və Həsrət Cəfərov (67 kq) bu lisenziyanı əldə edib.
Bu gün həmçinin, Hacı Əliyev (65 kq) təsnifat mərhələsində Xamzat Arsamerzuevə (Fransa) qalib gəlib - 5:2. O, daha sonra Nyurqun Skryabinı (AİN) 4:2 hesabı ilə üstələyib. Onun yarımfinaldakı rəqibi İslam Dudayev (Albaniya) olacaq.
74 kq-da Turan Bayramov 1/8 finalda Tobias Portmanı (İsveçrə) məğlub edib - 10:0. O, daha sonra Zurab Kaprayevi (Rumıniya) məğlub edib - 5:1. Bayramovun yarımfinaldakı rəqibi Frank Çamiso (İtaliya) olacaq.
86 kq-da Osman Nurməhəmmədov təsnifat mərhələsində Domantas Pauliçenkoya (Litva) 11:0 hesabı ilə qalib gəlib, sonra Samuel Şerrerə (İsveçrə) 5:0 və Maqomed Ramazanovu (Bolqarıstan) 6:2 hesabı ilə məğlub edib. Onun yarımfinaldakı rəqibi Vasili Mixaylov (Ukrayna) olacaq.
125 kq-da Giorgi Meşvildişvili 1/4 finalda Abraham Konedoya (İtaliya) qalib gəlib - 10:0. Onun yarımfinaldakı rəqibi Alen Xubulov (Bolqarıstan) olacaq.
Qeyd edək ki, ilk iki gündə Azərbaycanın 4 yunan-Roma və 5 qadın güləşçisi mübarizəni dayandırıb.