Məsələ burasındadır ki, sammitin keçirildiyi Tatarıstanın paytaxtı Kazan şəhəri məhz 1552-ci ilin bu günlərində Moskoviyanın çarı İvan Qroznı tərəfindən işğal edilib və beləliklə də Moskoviya knyazlığının çar Rusiyasına çevrilməsinin əsası qoyulub. Kazanın fəthi rus millətçiləri tərəfindən Rusiyanın böyüməsinin, imperiyaya çevrilməsinin rəmzi kimi qəbul edilir.
Bu mənada Vladimir Putinin də BRICS-2024 sammiti üçün məhz Kazanı məkan olaraq seçməsi heç də təsadüfi deyil. Çünki Putin bu sammitdə bir sıra rusiyameylli dövlətlərin BRICS-ə üzv qəbul edilməsinə nail olmaqla BRICS-in iki nəhəng aparıcı dövləti sayılan Çin və Hindistanla Rusiyanın güc tarazlığını təmin etməyə çalışır. Əks təqdirdə, Rusiyanın Çin və Hindistanla ayaqlaşmaq və özünü onlarla bərabər səviyyəli “oyunçu” kimi, aktor kimi aparmaq üçün başqa resursu, potensialı yoxdur. Rusiya yalnız postsovet ölkələrini və Afrika qitəsindəki, Latın Amerikasındakı tərəfdaşlarını yanına almaqla BRİCS daxilində Çin və Hindistan kimi hegemon ölkələrlə siyasi, iqtisadi və hərbi paritetə nail ola bilər.
Ona görə də Putin bu tədbirə maksimum sayda dövlət başçılarını və beynəlxalq təşkilatların rəhbərlərini dəvət edib. Sammitdə təxminən 40-a yaxın ölkənin nümayəndə heyətləri, 22 dövlət başçısı və bir neçə beynəlxalq təşkilatın (o cümlədən BMT-nin Baş katibi) iştirak edir.
Əvvəllər BRİCS-in zirvə toplantılarında heç vaxt bu qədər geniş sayda mötəbər qonaqlar iştirak etməyib. Bu mənada Putin BRICS-2024 sammitinin qonaq sayı ilə həqiqətən də öyünə bilər.
Bu, Rusiya liderinə həm də Ukraynaya hücumuna görə heç də beynəlxalq təcrid vəziyyətində olmadığını nümayiş etdirmək baxımından da hava və su kimi lazımdır. Yəni ki, ortada psixoloji faktor da var.
Beləliklə, yüksək təmtərağına və çoxsaylı mötəbər qonaqlarına görə BRICS-in Kazan sammitini həqiqətən də Rusiyanın 2024-cü ildə bu təşkilatda sədrliyinin kulminasiya nöqtəsi hesab etmək olar.
Lakin bütün bunlar, əlbəttə, BRICS-in zahiri parıltılı fasadıdır.
Bəs, əsl həqiqətdə BRICS hansı gücə, hansı potensiala və hansı perspektivlərə malikdir?
Bu təşkilat daha çox kimin geosiyasi və geoiqtisadi maraqlarına xidmət edəcək: Çin və Rusiyanın, yoxsa bütün üzv dövlətlərin? BRICS nə üçün yaradılıb və son vaxtlar niyə bu qədər geniş təbliğ olunur: daha ədalətli dünya düzəninin və ədalətli beynəlxalq münasibətlərin formalaşması üçün, yoxsa dünyanın yenidən iki qlobal qütbə (Qərb-Qlobal Cənub) bölünməsini təmin etmək üçün? BRICS-ə daxil olan yeni üzv ölkələrin rolu, missiyası nədən ibarət olacaq? BRICS-ə üzvlük onlara nəsə qazandıracaqmı? Argentina və Qazaxıstan niyə BRICS-ə üzv olmaqda maraqlı görünmür? Türkiyə BRICS-ə üzv olacaqmı? Və yaxud, Türkiyə BRICS-in Kazan sammitində iştirakından hansı dividendləri əldə etməyi planlaşdırır?
Göründüyü kimi bu sualların hər biri geniş müzakirə və təhlil mövzusudur. İnşAllah növbəti yazılarda bu mövzulara qayıdarıq.
Bəybala Mirzəyev
visiontv.az