RU

Qadınlar heyvan kəsə bilərmi?

Bir yanlış ənənə var ki, guya qadınlar yaxud sünnət olunmamış yeniyetmələr heyvan, toyuq kəsə bilməzlər. Qeyd edim ki, bu tamamilə yanlış inancdır. Bir də görürsən qadın əlində bir toyuq, qaz yaxud hind toyuğu yolda dayanıb keçənlərə xahiş edir ki, onu kəssinlər. Adamların da bəzisi kəsə bilmədiyini deyir ya da üst-başının batma ehtimalını əsas gətirib yayınır. Qadın saatlarla yol kənarında adam gözləyir ki, əlindəki toyuğu kəsdirsin.
Adamlar inanır ki, heyvanı kişi kəsməlidir. Bəlkə yoldan saxladıb heyvanı kəsdirdiyi adam heç müsəlman deyil yaxud ateistdir. Bəs onda necə? Adamdan hələ üstəlik soruşmalıdır ki, qardaş, soruşmaq ayıb olmasın sən müsəlmansan? Kəlimeyi - şəhadətini bilirsən? Təbii ki, bunu soruşmurlar. Bəs onda niyə yalnız kişinin heyvan kəsə biləcəyinə inanılır? Əgər burada məqsəd inancdırsa əslində icraçının kişi, qadın yaxud uşaq olması yox, dini, əqidəsi rol oynamalıdır.
Dinimizdə heyvanı kişinin kəsməsinin vacib olması yaxud qadının kəsməsinin yasaq olması göstərişi yoxdur. Sadəcə kişi olan yerdə bu kimi işlərin qadın və ya uşaq tərəfindən icra edilməsi məqbul sayılmır. Çünki belə işlərin icrası ürfə görə kişilərə xasdır. Ancaq kişinin hazır olmadığı məqamda qadın yaxud sünnət olunmamış yeniyetmə də heyvan kəsə bilər. Buna heç bir qadağa yoxdur.
Heyvan kəsərkən vacib olan şərtlər kəsənin Allahın adı ilə qibləyə tərəf kəsməsidir. İcraçının qadın, kişi, yeniyetmə, sünnət olunmuş yaxud olunmamış olması şərt deyil.
Təəssüf ki, belə bir yanlış ənənə formalaşıb ki, guya kişilər yalnız sünnət olunandan sonra müsəlman olur. Bu da tam cəfəngiyyat və xurafi inancdır. Adam qəlbi və dili ilə iman gətirir, cinsiyyət orqanı ilə deyil.
Sünnət olunmaq vacib deyil. Sadəcə peyğəmbərlərdən qalma adətdir və müəyyən iqlim şəraitlərinə görə tibbi cəhətdən tövsiyyə olunub. Həzrət Muhəmməd salavatullahın sünnət olunması haqda da məlumat yoxdur. Ancaq Həzrət İbrahimin bunu icra etməsi haqda var, hətta səksən yaşında. Həzrət İsanın sünnət olunması haqda da var. "Xitan" adı verilən bu əməl müsəlman olmanın şərti deyil.
Odur ki, heyvan kəsmə kimi məsələlərdə adamın sünnətli olub olmaması, qadın ya kişi olmasının rolu yoxdur. Əsas odur işi bacaran olsun. Düzgün kəssin, heyvana əziyyət verməsin, Allaha inanan olsun. Yalnız Allahın adını çəkərək qibləyə tərəf tutub kəssin və qanın tam axmasını təmin etsin.
Ancaq dəvə, inək, camış kimi böyük başlı heyvanların kəsilməsi bir və ya bir neçə adamın fiziki gücünü tələb etdiyi üçün, qadınlar da zərif xilqətli olduğundan belə işləri mümkün olduğu qədər gərək kişilər icra etsin.
Qadınlar yalnız ehtiyac yarandığı zaman belə işləri icra edə bilər. Ancaq qapıda saatlarla dayanıb yoldan keçən kişi gözləməyə ehtiyac yuxdur. Qadınlar özləri kəsə bilər. Yaxud yaralanmış, xəstə heyvanı murdar olana qədər oturub gözləməyə, heyvanın əziyyətlə ölməsinə tamaşa etməyə də ehtiyac yoxdur. Əlindən gələn, bacaran adam: istər kişi, istər qadın, istərsə də sünnət olunmamış yeniyetmə həmin heyvanı kəsə bilər.

Tural İrfan, ilahiyyatçı
ll re
Избранный
134
12
news365.az

10Источники