RU

Azərbaycanın təcrübəsi AŞPA ilə mübarizədə Gürcüstanın "dadına yetişdi"...

Image

Məlum olduğu kimi, Gürcüstanın Avropa Şurasının Parlament Assambleyasıdakı (AŞPA)  nümayəndə heyəti avropalı parlamentarilərin ədalətsiz qətnaməsinə və niyyətli mənfi mövqeyinə görə Parlament Assambleyasından çıxdıqlarını bəyan edib. 

Gürcüstanın baş naziri İrakli Kobaxidze assambleyanın anti-Gürcüstan qətnaməsinə cavab olaraq AŞPA-da işin dayandırılması qərarının düzgün və tamamilə mübahisəsiz xarakter daşıdığını bildirib: “Biz Avropa Şurasının üzvü olaraq qalırıq və istənilən məsələdə əməkdaşlığa hazırıq. İşləməkdə heç bir məna görmədiyimiz yeganə yer AŞPA-dır”. Onun sözlərinə görə, AŞPA-nın əhəmiyyəti Avropa Parlamentinin əhəmiyyətindən onlarla dəfə aşağıdır: “Bizim dekabrda Tiflisdə  Avropa Şurasının baş katibi ilə konkret məsələlərlə bağlı çox maraqlı görüşlərimiz oldu və biz onların üzərində Avropa Şurası formatında işləməyi davam etdirəcəyik”.

İrakli Kobaxidzenin sözlərinə görə, AŞPA-nın qətnaməsi Avropa bürokratiyasının Strasburq və Brüsseldəki çox çətin vəziyyətini əks etdirir. O, qətnaməni ədalətsiz və tamamilə absurd adlandırıb: “Nümayəndə heyətimizin səlahiyyətləri təsdiqləndi və bununla da 26 oktyabr 2024-cü il parlament seçkilərinin nəticələri tanındı, lakin eyni zamanda dedilər ki, aprel ayına qədər yeni seçkilər keçirilməlidir, əks halda səlahiyyətlər ləğv ediləcək. Bu ona görə baş verir ki, kiminsə favoritləri olan “Vahid Milli Hərəkat” kollektivi qalib gəlmədi. Ölkəmizə və onun xalqına münasibət dəyişərsə, biz AŞPA-ya qayıdacağıq, amma indiki şəraitdə orada işləməyin mənası yoxdur”. AŞPA-nın sədri Teodoros Rusopulos Gürcüstan nümayəndə heyətinin assambleyadan çıxmasından təəssüfünü bildirərək deyib: “Mən Gürcüstan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının etimadnaməsini ratifikasiya etmək üçün keçirilən səsvermədən sonra AŞPA-dan çıxmaq barədə qərarından təəssüflənirəm”. O, bu addımın Gürcüstanda demokratik normaların irəliləməsinə kömək edə biləcək dialoqa xələl gətirdiyini bildirib. Xatırladaq ki, assambleya gürcü nümayəndə heyətinin etimadnamələrini müəyyən şərtlərlə ratifikasiya etmək qərarına gəlmişdi. AŞPA gürcü nümayəndə heyətinin bir çox üzvlərinin hüquqları dayandırmaqla, Gürcüstan hakimiyyətinin ölkədəki “demokratik tənəzzül”ün aradan qaldırılmasında əldə etdiyi irəliləyişlər fonunda aprel ayında etimadnamələrə yenidən baxacağını bildirmişdi. Bu qurum ciddi beynəlxalq monitorinq və dövlət institutlarının, seçki administrasiyasının siyasi müstəqilliyi şəraitində “yeni, həqiqətən demokratik parlament seçkiləri”nin təşkili, Gürcüstanın Avropaya inteqrasiya prosesini bərpa etmək üçün təcili və səmərəli tədbirlər görülməsi, polis zorakılığına, qəddarlıq və insan hüquqlarının pozulmasına dərhal son qoyulması, bütün siyasi məhbusların 2025-ci ilin aprel sessiyasına qədər azadlığa buraxılması kimi şərtlərlə Gürcüstan nümayəndə heyətinin üzvlərinin bir sıra hüquqlarını dondurdu. Gürcü deputatlar bu şərtlərlə AŞPA-nın doqquz komitəsindən beşində fəaliyyət göstərə, məruzəçi ola, seçkiləri müşahidə edə və ya müəyyən tədbirlərdə Assambleyanı təmsil edə bilməzlər. Gürcüstan nümayəndə heyəti bütün bu şərtlərin tamamilə qəbuledilməz olduğunu bildirərək, bunların ölkənin daxili işlərinə müdaxilə və gürcü xalqının iradəsinə zidd, eləcə də onlar üçün qırmızı xətt olduğunu deyərək AŞPA-nı tərk edib. Gürcü ekspert Vado Şakarişvili bildirir ki, Gürcüstanın demokratik hökuməti davamlı olaraq öz suverenliyini təmin etmək, sülhü qorumaq və milli maraqları müdafiə etmək istiqamətində çalışır. Lakin Avropa Şurasının Parlament Assambleyasının Gürcüstan ilə bağlı verdiyi qərar çox ədalətsiz qərardır. Onun sözlərinə görə, Gürcüstan parlament nümayəndə heyətinin AŞPA-dan çıxmaq qərarı çox düzgündür: “Bu, ədalətsiz münasibətə və ikili standartlara qarşı düzgün qərardır”. Ekspert deyib ki, hər kəs Gürcüstan xalqının iradəsini və Gürcüstanın demokratik hökuməti üçün səs vermiş 1 milyon 120 min seçicinin qərarını hörmətlə qarşılamalıdır: “AŞPA və ya başqa bir təşkilat nümayəndəliyimizi legitimləşdirmək üçün yeni seçkilər tələb edirsə, bu, təhqirdir, qəbuledilməzdir”.

Şakarişvili bildirib ki, əgər gələcəkdə Gürcüstana qarşı ədalətsiz münasibət uzun müddət davam etməzsə, Avropa Şurasının Parlament Assambleyasına qayıtmaq məsələsi müzakirə oluna bilər: “Əsas siyasi mesaj budur ki, Gürcüstan öz suverenliyini, sülhü və milli maraqlarını möhkəm müdafiə etməkdə davam edəcək, Avropa bürokratiyasından gələn siyasi təzyiqlərə isə yox deyir. Məlumdur ki, avrobürokratiya “dərin dövlət”in nəzarəti altındadır və Trampın yeni administrasiyasına baxmayaraq, hələ də Bayden administrasiyasının siyasətini həyata keçirir. Bu da uzun sürməyəcək və tezliklə hər şey öz axarına dönəcək”. Siyasi analitik Levan Nikoleişvili isə məsələni daha konkret şəkildə qoyur: “Əgər Avropa Gürcüstanla şantaj və təzyiq dili ilə danışırsa, yollar sağlam şəkildə ayrılmalıdır. Bu, qısa və aydın bir qərardır – Sağollaşmaq”. Onun sözlərinə görə, dövlətin suverenliyi və azadlığına qarşı hər hansı bir təhdid olduqda bu cür qərar vermək ən düzgün addımdır: “Hər bir dövlətin suverenliyinə və azadlığına təhdid varsa, o dövlət necə davranırsa, bizim dövlətimiz də eyni şəkildə reaksiya verdi”. Ekspert Gürcüstanın gələcəkdə sözügedən qurumla necə əlaqə quracağına da diqqət çəkib: “Suveren və tərəfdaş saydıqları dövlətlə necə danışmalı olduqlarını öyrənəndə biz də onlarla danışmağa hazır olacağıq. Təəssüflər olsun ki, bu, ilk dəfə deyil onlar bizimlə şantaj və təzyiq dilində danışırlar”. O, həmçinin Gürcüstanın tarixində suverenlik və azadlıq dəyərlərini qorumağın vacibliyini vurğulayıb: “Biz ləyaqətli bir xalq və suveren dövlət olaraq öz azadlığımızı qoruyuruq. Bu dəyərləri və azadlığı bizə dədə-babalarımız qanları ilə miras qoyublar. Mövcud iqtidar da öz prinsipiallığı ilə xalqına şərəflə, xəyanətsiz xidmət edir. Ona görə biz hakimiyyətin AŞPA ilə bağlı bu qərarı ilə də fəxr edirik”.

Nahid SALAYEV





Избранный
35
43
baki-xeber.com

10Источники