ABŞ prezidenti Donald Tramp dəfələrlə Ukraynada müharibəyə son qoyacağına söz verib. Lakin bəzi ukraynalılar prezident Trampın Rusiya prezidenti Vladimir Putini hərbi qüvvələrini geri çəkməyə məcbur etmək üçün mümkün hər şeyi edə biləcəyinə şübhə ilə yanaşırlar. Bəzi təhlilçilərin fikrincə, problem Ukrayna və Rusiyanın tələblərinin uzlaşdırılmasının mümkün olmaması ilə bağlıdır. Amerikanın Səsinin jurnalisti Lesia Bakalets Kyivdən daha ətraflı məlumat verir.
Kyiv küçələrində insanlar Donald Trampın prezidentliyindən bir həftə sonra müxtəlif hisslər ifadə edirlər - ümid və Ukraynanın Rusiyanın təcavüzü qarşısında tək qalacağı ilə bağlı ümidsizlik və narahatlıq.
Kyiv sakini Volodimir: “Mən prezident Donald Trampın hər cür səy göstərəyəcəyi və təcavüzkar Putini dayandıracağı ilə bağlı bəyanatlarına həqiqətən ümid edirəm. Əsgərlərimizin ölməsinin qarşısını almaq üçün güzəştlər edilə bilər”.
Kyiv sakini Lilia: “Çox güman ki, istənilən razılaşma Ukraynanın xeyrinə olmayacaq. Biz güzəştə getməli olacağıq”.
Kyiv sakini Nazar: “Biz kənardan kömək deyil, özümüzə güvənməliyik. ABŞ administrasiyasının seçicilər qarşısında müəyyən planları və öhdəlikləri var”.
Prezident Tramp seçki kampaniyasından bəri Rusiyanın Ukraynada apardığı müharibəyə son qoyacağına söz verib. Lakin təhlilçi Mikola Beleskov deyir ki, buna necə nail olacağına dair dəqiq strategiya yoxdur.
2014-cü ildən Ukrayna ordusuna yardım edən xeyriyyə təşkilatı “Sağ qayıdın” Fondunun təhlilçisi Mikola Beleskov: “Ukrayna və Rusiyanın fərqli mövqeləri var. Rusiya işğal etdiyi əraziləri və NATO-nun açıq qapı siyasətinə son qoyulmasını tələb edir. Ukraynanın neytral olmasını istəyir. Rusiya Ukrayna müdafiə qüvvələrinə ciddi məhdudiyyətlər tələb edir”.
Beleskov deyir ki, bu kimi tələblər Ukraynanın sonda çökməsinə səbəb ola bilər.
Eyni zamanda, Rusiyanın Ukraynanın şərq və cənub bölgələrini ələ keçirməsinin tanınması genişmiqyaslı siyasi dəyişikliklər tələb edəcək.
ukraynalı deputat Solomiya Bobrovska: “Bu, qanunvericilik və ya hətta konstitusiya yolu ilə edilən dəyişiklik ola bilər, lakin bu, yalnız parlament vasitəsilə baş verəcək. Ukrayna cəmiyyəti qərar verməlidir”.
Ukraynalı professor Valeri Pekar silahlı qüvvələrin sayının azaldılmasına razılığın Ukraynanı müdafiəsiz qoyacağını bildirir. O yalnız NATO məsələsinin müzakirə edilməli olduğunu hesab edir.
Kyiv-Mohilansk Biznes Məktəbinin professoru Valeri Pekar: “Ukrayna üçün danışıqlar aparsaydım mən məmnuniyyətlə 10 il NATO-ya qoşulmayacağıma söz verərdim. Əvvəla, bizi ora dəvət edən yoxdur. Biz vədlər verə bilərik və bir neçə ildən sonra geosiyasi vəziyyət dəyişə bilər”.
Beleskovun firkincə, problem ondadır ki, bu Putin üçün kifayət deyil. Onun sözlərinə görə, prezident Bayden Putini Ukraynanın NATO-ya üzvlüyünə moratoriuma əmin etməyə çalışıb.
“Sağ qayıdın” Fondunun təhlilçisi Mikola Beleskov: “Bayden Putinə Ukraynanın yaxın gələcəkdə NATO-üzv olmaq şansının demək olar ki, sıfır olduğunu deyib. Putin bu söhbəti keçən ilin sonunda təsdiqləyib və bundan məmnun olmadıqlarını bildirib.”
Beleskov deyir ki, Ukraynanın danışıqlarda mövqeyi gücləndirilməlidir.
Pekar isə Putinin müdaxiləni davam etdirəcəyinə əmindir.
Kyiv-Mohilansk Biznes Məktəbinin professoru Valeri Pekar: “Putin düşünür ki, işlər yaxşı gedir və danışıqlara getməyəcək. Prezident Tramp neft qiymətlərində böyük dəyişikliklər vəd edir. Neft qiymətləri kəskin şəkildə aşağı düşərsə, Rusiya iqtisadiyyatı çökəcək, lakin bu, bir çox oyunçunun əməkdaşlıq etməsini tələb edəcək”.
Prezident Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağı müzakirə etmək üçün yaxın vaxtlarda Putinlə görüşəcəyini bildirib. O həmçinin bəyan edib ki, “Ukrayna anlaşma əldə etməyə hazırdır”.
Ukrayna prezidenti Volodimir Zelenskinin bildirdiyinə görə, problem ondadır ki, Putin müharibəni davam etdirməyə hazırdır.
visiontv.az