RU

"Tələbələrə real endirim və güzəştlər lazımdır"

“Biz tələbəliyi cəmiyyətdə nüfuzlu və dəyərli bir mərtəbə kimi qəbul etməliyik ki, digərləri də bu statusa çatmaq üçün daha çox səy göstərsinlər”.

 

Bu sözləri AzEdu.az açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib.

 

Ekspertin fikrincə hazırkı güzəştlər tələbələrin real ehtiyaclarını tam qarşılamır:

 

“Böyük market və mağazalarda tələbələr üçün nəzərdə tutulmuş endirimlərə tez-tez rast gəlirik. Tələbələrə güzəştlərin və müxtəlif imkanların yaradılması təqdirəlayiq addımdır. Çünki bu cür təşəbbüslər təhsilə göstərilən diqqət və qayğının bir nümunəsidir.

 

Eyni zamanda, biz tələbəliyi cəmiyyətdə nüfuzlu və dəyərli bir mərtəbə kimi qəbul etməliyik ki, digərləri də bu statusa çatmaq üçün daha çox səy göstərsinlər”.

 

R.Fikrətoğlu bildirib ki, bu gün cəmiyyətdə tələbələr üçün nəzərdə tutulmuş endirimlərə birmənalı yanaşmayanlar unutmamalıdır ki, 50 illik pedaqoji təcrübəsi olan bir müəllimlə tələbənin maddi və sosial qayğıları tamamilə fərqlidir.

 

“Ümumiyyətlə, həm təhsil işçiləri, həm də tələbələr üçün güzəştlərin davamlı olması vacibdir. Ancaq hazırkı güzəştlər tələbələrin real ehtiyaclarını tam qarşılamır. Bu gün tələbələr üçün təklif olunan 50%-lik endirimlər əsasən bahalı mağazalarda tətbiq edilir. Halbuki tələbələr üçün daha vacib olan güzəştlər – nəqliyyat, supermarketlər, gündəlik istifadə etdikləri qələm, dəftər və digər ləvazimatlar üzrə olmalıdır”.

 

"Tələbələrə real endirim və güzəştlər lazımdır", - deyə təhsil eksperti vurğulayıb.

Избранный
7
azedu.az

1Источники