RU

ÇİN ABŞ-ni cavabsız qoymadı - 10% əlavə rüsum tətbiq etdi

ABŞ-nin yeni prezidenti Donald Trampın Kanada, Meksika və Çindən idxal edilən mallara qarşı gömrük tariflərini yüksəltməsi cavabsız qalmayıb. 

 

Sfera.az xəbər verir ki, Kanada və Meksikadan sonra Çin də ABŞ-yə qarşı adekvat tədbir görüb. 

 


Çin hökumətinin qərarına əsasən, ABŞ-dən gələn neft, dəbdəbəli avtomobillər, pikaplar və kənd təsərrüfatı avadanlıqlarına 10% əlavə rüsum tətbiq edilib.

 

Çinin bu qərarı fevralın 4-də qüvvəyə minən ABŞ-nin Çindən gələn mallara tətbiq etdiyi 10 faizlik rüsumlara cavab olaraq qəbul edilib. Çinin qərarı fevralın 10-dan qüvvəyə minəcək. 

 

Xatırladaq ki, Donald Tramp Meksika, Kanada və Çindən gələn mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb. Çindən gələn mallar üçün tarif 10%, Meksika üçün 25%, Kanadadan idxal edilən enerji məhsulları üçün 10%, digər məhsullar üçün 25% rüsum tətbiq olunacaq. Tramp hökuməti hələlik Kanada və Meksikaya qarşı elan edilən tariflərin tətbiqini bir ay təxirə salıb. 

 

İqtisadçı Rövşən Ağayev hesab edir ki, ABŞ-nin adıçəkilən 3 ölkəni hədəfə alması təsadüfi deyil. Onun məlumatına əsasən, bu 3 ölkə ABŞ-nin əsas ticarət tərəfdaşlarındandır və onlarla aparılan ticarətdə böyük kəsir qeydə alınır:

 

“2023-cü ilin yekunlarına görə, ABŞ-nin xarici ticarət dövriyyəsinin həcmi 5,2 trilyon dollar olub. Bunun 2 trilyon dolları ixrac, 3,2 trilyon dolları idxaldan ibarətdir. Qeyd olunan 3 ölkə üzrə idxalın həcmi belədir: Meksika 480 milyard, Çin 448 milyard, Kanada 431 milyard dollar. Həmin ölkələrə ABŞ-nin ixracı isə  belədir: Meksika 323 milyard dollar, Çin 148 milyard dollar, Kanada 353 milyard dollar.


Hər 3 ölkə ilə ticarət kəsiri var. Ən böyük kəsir Çinlədir - təxminən 300 milyard dollar. ABŞ-nin Meksika ilə 157, Kanada ilə 78 milyard dollarlıq ticarət defisiti var. ABŞ-nin bütün ticarət kəsirinin 46%-i bu 3 ölkənin payına düşür.  ABŞ-nin ticarət müharibəsi elan elədiyi 3 ölkə arasında ən əlverişsiz ticarət münasibətlərində olduğu ölkə Çindir. Amerikanın Çinə ixracının həcmi Kanada və Meksikaya ümumi ixracından 5 dəfə azdır. Amma Çindən idxalı ayrı-ayrılıqda bu 2 ölkədən idxalın həcminə yaxın məbləğdədir”.

 

Vasif
 

Избранный
3
sfera.az

1Источники