RU

Türk xalqı qardaşlıq dəstəyini hər zaman yüksək qiymətləndirəcək

Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan hökumətinin dəstəyi ilə inşa edilən “Azərbaycan” yaşayış massivində tikinti işlərinin əsas mərhələsi tamamlanıb

Azərbaycan Türkiyə münasibətləri tarixi, mədəni və strateji bağlara əsaslanır. Hər iki xalq "Bir millət, iki dövlət" prinsipi əsasında hər zaman bir-birinin yanında olub. Azərbaycan və Türkiyə təkcə siyasi və iqtisadi sahələrdə deyil, eləcə də humanitar və fövqəladə hallarda bir-birinə dəstək verərək qardaşlıq bağlarını daha da möhkəmləndiriblər. Azərbaycan 2021-ci ilin yayında Türkiyədə baş verən meşə yanğınları zamanı qardaş ölkəyə yardım etdiyi kimi, 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması üçün də ilk olaraq təbii fəlakət zonasına çatan dövlət oldu.

Həmin çətin gündə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdi və ölkəmizin Türkiyənin dərdinə şərik olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğuladı. Elə həmin gün dövlət başçısının tapşırığı ilə qardaş ölkəyə yardım göndərildi.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edərək təbii fəlakətdə həyatını itirənlərin yaxınlarına, doğmalarına başsağlığı verdi və yaralılara şəfa dilədi. Daha sonra Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildi. Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep Hava Limanında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşdü. Baş vermiş faciə ilə əlaqədar Mehriban xanım Əliyevanın başsağlığını çatdıran Heydər Əliyev Fondunun nümayəndəsi həmin günlərdə Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduqlarını bildirdi. Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirən Türkiyə Prezidenti bir daha qeyd etdi ki, biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik.

Həmin ağır günlərdə türk bacı və qardaşlarımızın başına gələn faciə hər birimizin ürəyini göynədirdi. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına start verilməsi ilə hər kəs gücü çatan yardımla bölgələrdə yaradılan məntəqələrə, Bakı İdman Sarayına yollandı. Havanın soyuq, küləkli olmasına baxmayaraq, bu məkanda hər gün böyük izdiham yaşandı, hər kəs yardıma tələsdi.

Artıq iki ildir ki, qardaş Türkiyədə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində böyük layihələr reallaşdırılır. Bu işdə Azərbaycan da köməyini əsirgəmir. Prezident İlham Əliyev 2023-cü il noyabrın 22-də həmin ilin sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanunu imzaladı.

Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan hökumətinin dəstəyi ilə inşa edilən “Azərbaycan” yaşayış massivində tikinti işlərinin əsas mərhələsi tamamlanıb. Binaların bir hissəsi artıq hazırdır və bir-üç ay ərzində tamamlanacaq sakinlərin köçürülməsi planlaşdırılır. Açılış mərasiminə Azərbaycan və Türkiyə liderlərinin qatılması gözlənilir. Azərbaycan hökuməti tərəfindən 100 milyon dollar dəyərində maliyyələşdirilən layihədə zəlzələyə dayanıqlı, yüksək keyfiyyətli materiallardan istifadə olunub. Bu layihə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir və zəlzələdən zərər çəkmiş insanlara dəstək məqsədi daşıyır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən sonra mənzillərin təhvil verilməsi mərasimində çıxışında azərbaycanlı xilasedicilərə də təşəkkür edib: “Xalqımız bu ağrılı sınaqdan uğurla çıxıb. 11 min 500 əcnəbi komanda üzvü olmaqla axtarış-xilasetmə işlərində iştirak edən 35 min nəfərə, bütün qardaşlarımıza təşəkkür edirəm”.

Göründüyü kimi, türk xalqı göstərilən qardaşlıq dəstəyini yüksək dəyərləndirir və hər zaman yüksək qiymətləndirəcək.

Nigar Orucova, “İki sahil”

Избранный
25
ikisahil.az

1Источники