RU

Karni Çukvuemeka “Çelsi”ni “Borussiya”ya dəyişdi

İngiltərənin “Çelsi” klubunun hücumameyilli yarımmüdafiəçisi Karni Çukvuemeka bundan sonra Dortmund “Borussiya”sının formasını geyinəcək.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Bundesliqa təmsilçisi əslən Nigeriyadan olan ingiltərəli futbolçunu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “Borussiya” 21 yaşlı yarımmüdafiəçinin yarım mövsümlük icarəsi üçün 2,4 milyon avro ödəyib.

Karni Çukvuemeka “Aston Villa”nın yetirməsidir. “Çelsi” onu 2022-ci ilin avqustunda 18 milyon avro qarşılığında heyətinə qatıb. “Zadəganlar”la 2028-ci ilin yayınadək müqaviləsi olan futbolçu bu komandada cəmi 32 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb. İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Çukvuemekaya əsas millidə ehtiyac duyulmayıb.

“Borussiya” Danimarkanın “Nordsyelland” klubunun sol cinah müdafiəçisi Daniel Svenssonu da satınalma şərti ilə icarəyə götürüb. Dortmundlular yarım mövsümlük icarəsinə 1,8 milyon avro ödədikləri 22 yaşlı isveçli futbolçunun yayda transfer hüquqlarını da almalıdırlar.

Peşəkar karyerasına “Brommapoykarna”da başlamış Daniel Svensson 2020-ci ildən “Nordsyelland”dadır. O, Danimarka klubunun əsas komandasında 153 oyuna çıxıb, 8 qol vurub, 20 məhsuldar ötürmə verib. İsveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış müdafiəçi 2024-cü ilin oktyabrında əsas millidə də debüt edib.

“Borussiya” Niderland nəhəngi “Ayaks”ın qapıçısı Diant Ramayı da transfer edib. Klub 23 yaşlı almaniyalı qolkiperin transferi üçün Amsterdam təmsilçisinə 5 milyon avro ödəyib. Onunla 2029-cu ilin 30 iyununadək müqavilə imzalamış Dortmund klubu yeni transferini dərhal icarəyə göndərib. Belə ki, Ramay bu mövsümün sonunadək Danimarkanın “Kopenhagen” klubunda icarədə olacaq. Qapıçı 2025-ci ilin yayında “Borussiya”ya qoşulacaq.

“Ştutqart”, “Haydenhaym” kimi klubların yetirməsi olan Diant Ramay “Ayntraxt”ın da formasını geyinib. “Ayaks” onu 2023-cü ilin yayında məhz Frankfurt klubundan 5 milyon avro müqabilində transfer etmişdi. Ramay “Ayaks”ın əsas komandasında 32 oyuna çıxıb, 51 qol buraxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb. O, Almaniyanın U-18, U-19 və U-20 yığmalarında da oynayıb.

Избранный
16
arena.az

1Источники