RU

Rustavidə Azərbaycan uşaq hazırlıq kursu

Gürcüstanın Rustavi şəhərində Azərbaycan dilində bağçalar olmadığı üçün bazar günləri fəaliyyət göstərən ana dilində məktəbəqədər hazırlıq kursu açılıb. Bu missiyanı şəhərdə azərbaycanlıların inteqrasiyası üçün yaradılmış Təhsil və Mədəniyyət Mərkəzi öz üzərinə götürüb.

Balaca uşaqlar builki ilk dərs günündə çox böyük həvəslə iştirak ediblər. Valideynlər də belə bir kursun açılmasından çox məmnun olduqlarını bildiriblər.

Mərkəzin rəhbəri Raida Dərziyeva deyib: “Məktəbəqədər hazırlıq kursunun açılması barəsində elan verdikdə valideynlər həvəslə bizim təşəbbüsə qoşularaq uşaqlarını qediyyatdan keçirdilər. Əvvəlcə kursa 10 uşaq qəbul etdik. Hazırda onların sayı 20-yə çatıb. Məsələ bundadır ki, şəhərdə valideynlər, adətən, uşaqlarını gürcü bağçalarına yazdırırlar. Uşaqlar həftənin beş gününü gürcü dilli bağçalara getdikləri üçün kursun dərslərinin bazar günləri keçirilməsinə qərar verdik”.

Kitablarla təminat məsələsi haqqında danışan mərkəz rəhbəri bu sahədə çətinlik çəkdiklərini və lazımi dərs vəsaitlərini öz daxili imkanları hesabına Bakıdan gətirdiklərini qeyd edib: “Uşaq erkən yaşlarından məktəbəqədər təhsilə cəlb olunmalıdır ki, təməli düzgün qoyulsun. Məktəbəqədər hazırlıq azyaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu hazırlıq uşaqlarda ilkin dünya görüşünün, riyazi və məntiqi təfəkkürün, oxu və yazı bacarığının formalaşdırılması ilə yanaşı, gələcəkdə məktəbə gedərkən dərslərini daha yaxşı mənimsəməsinə zəmin hazırlayır”.

Kursun əsas məqsədi uşaqlara Azərbaycan dilini sevdirmək və onları ana dilində orta təhsil pilləsinə hazırlamaqdır. Dərslər həftədə bir dəfə bazar günləri keçirilir. İlk gündə mərkəz uşaqlara dərs ləvazimatları hədiyyə edir.

P.ƏMİRCANOV
XQ

Избранный
6
xalqqazeti.az

1Источники