«Araz-Naxçıvan» 2025-ci ilin susqunluğuna son qoyub.
Premyer Liqada ikinci yerdə gedən Muxtar Respublika komandası «transfer pəncərəsi»nin bağlanmasına sayılı günlər qalmış ilk keçidini rəsmiləşdirib.
Bölgə təmsilçisi 2024-cü ilin iyununda «Qəbələ»dən ayrılmış və 1 ay sonra «Şerif»lə müqavilə imzalamış Əyyub Allaşı sıralarına qatıb.
Beləcə, yarımmüdafiəçinin Moldova macərası başa çatıb. Mərakeşli Tiraspol təmsilçisi ilə 2 illik sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Üç il öncə Çempionlar Liqasının qrupp mərhələsində mübarizə aparmış «Şerif»də ilk «11-lik» oyunçusu ola bilməyən və son vaxtlar daha çox ehtiyatda qalan ərəb «Araz»la 6 aylıq kontrakt bağlayıb.
Razılaşmaya əsasən, onun çıxışı məşqçi korpusunu qane edərsə, yayda sözləşmənin müddəti daha 1 il uzadılacaq.
Moldovalıların heyətində Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə «Zirə»yə qol vurmuş Allaş iki seçim arasında qalmışdı.
Çünki o, «Turan Tovuz»dan da təklif almışdı. Kurban Berdiyevin oynatdığı futbol barədə məlumat toplayan Əyyub üzünü həmin tərəfə çevirməyib.
«Turan»ın perspektivinə inanmayan mərakeşli üstünlüyü ikincilərə verib. Axı burada «Qəbələ»dən tanıdığı məşqçilər - Elmar Baxşıyevlə Rasim Ramaldanov çalışır.
Digər tərəfdən, «qırmızı-qaralar»ın heyətində çiyin-çiyinə oynadığı bir neçə futbolçu indi Muxtar Respublika komandasının formasını geyinir.
Əyyub2023-cü ilin yanvar ayından "Qəbələ"də çıxış edirdi. 27 yaşlı orta sahə oyunçusu son mövsüm "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ