RU

DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb

5 fevral 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iştirakçılar görüşdən öncə DİM-də yaradılan ölkəmizin milli qiymətləndirmə tarixini əks etdirən muzeylə tanış olublar.Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq Mərkəzin fəaliyyətində müxtəlif qurumların, elm-təhsil müəssisələrinin nümayəndələrinin iştirakının əhəmiyyəti barədə danışıb. M.Abbaszadə imtahanların şəffaf keçirilməsində və kütləvi proseslərin idarə olunmasında zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı və layiqli şəxslərin seçilməsində onların xidmətlərindən bəhs edib və bu işin təşkilində öz köməyini əsirgəməyən müəllimlərə DİM-in kollektivi adından təşəkkür edib.

Sədr həmçinin bildirib ki, DİM tərəfindən keçirilən imtahanların model, texnologiya və məzmun baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini tələb edir. DİM tərəfindən ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi davam edir. Bu layihəyə marağın yüksək olması və bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 2650 namizəd müraciət etdiyi qeyd olunub. Sədr DİM-in ötən il elektron imtahanlar korpusunun istifadəyə verildiyini və kompüterlər vasitəsilə keçirilən imtahanların iştirakçı kütləsinin artacağını nəzərə alaraq yeni texnologiyaların mənimsənilməsi məqsədilə nəzarətçilər üçün ayrıca təlimlər keçiriləcəyini də diqqətə çatdırıb.

Tədbirdə daha sonra çıxış edən DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahanların idarəedilməsində keyfiyyət göstəricilərinin artırılması məqsədilə hər il imtahanlara cəlb edilmiş məsul şəxslərin, eləcə də zal nəzarətçisi və imtahan rəhbərlərinin fəaliyyətinin yekun qiymətləndirilməsinin aparılması ilə bağlı iştirakçılara məlumat verib.

İmtahan rəhbərləri və nəzarətçilərin mükafatlandırılmasında məqsəd onların rolunun qiymətləndirilməsi, eyni zamanda bu prosesin keyfiyyətinin daim inkişaf etdirilməsi üçün dəstək verməkdir. “Bu prosesə cəlb olunmuş şəxslərin qiymətləndirilməsində imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, köçürmə halları və digər qayda pozuntularının aradan qaldırılması, onların ümumilikdə imtahanlarda fəal iştirakı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəriciləri nəzərə alınır” – deyə A.Həbibov bildirib.

A.Həbibov qeyd edib ki, 2024-cü ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15661 nəfərdən ibarət olub. Onlardan 4041 nəfər zal nəzarətçisi sertifikatı almış şəxslərdir (ümumi bazanın 25,8%-i). Ötən il respublika üzrə imtahanlara 14428 nəzarətçi  55133 dəfə cəlb edilib. Hər bir nəzarətçi ortalama olaraq 3,8 dəfə imtahana cəlb edilib. Ötən il imtahanlarda iştirak etmiş nəzarətçilərin bütün fəaliyyəti nəzərə alınmaqla, 90,3%-nin fəaliyyəti əla, 6,5%-nin yaxşı, 0,6%-nin kafi, 0,7%-nin isə qeyri-kafi qiymətləndirilib.

Qeyd edək ki, araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 2901 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 30 zal nəzarətçisi, 5 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Görüşün sonunda müəllimlərə hədiyyə olaraq DİM-in nəşrlərindən ibarət kitablar və fəxri fərmanları təqdim olunub.

Nəzarətçilər haqqında daha geniş statistik məlumatla buradan tanış ola bilərsiniz.

Избранный
13
3
azedu.az

5Источники