Qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir unsiya üçün 2900 dollardan yuxarı qalxaraq indiyədək ən yüksək həddinə çatıb (rekord qırıb).
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 14:35-də CME-də ən aktiv şəkildə satılan aprel müqaviləsi 0,89% artaraq bir unsiya üçün 2901,41 dollar olub.
2025-ci ilin əvvəlində qızılın qiymətinin artmasının əsas amili ABŞ və Çin arasında ticarət müharibəsinin kəskinləşməsi hesab oluna bilər.
Dünyanın iki ən böyük iqtisadiyyatını çox sıx iqtisadi əlaqələr birləşdirir. Qarşılıqlı tariflərin (əlavə gömrük rüsumlarının) tətbiqi bütün qlobal iqtisadiyyatı təlatümlü vəziyyətə gətirir.
Ticarət müharibələri qlobal inflyasiyanın sürətlənməsinə kömək edir. İnflyasiya yüksələrkən "təhlükəsiz liman" olan qızıla investisiyalar artır.