RU

Moldova bərpa olunan enerji üçün investor cəlbinə başladı

Fins.az - Moldova Energetika Nazirliyi 31 mart 2025-ci il tarixinədək potensial investorların 165 MVt ümumi gücə malik külək və fotoelektrik parklarının tikintisi üçün müraciətlərini qəbul edəcək.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, planlaşdırılan yeni güc mənbələrinin 60 MVt-ı günəş, 105 MVt-ı isə külək enerjisi parklarının payına düşür. Bu layihələrə cəlb ediləcək investisiyaların ümumi dəyəri təxminən 200 milyon avro səviyyəsində qiymətləndirilir.

Tenderdə qalib gələn investorlar iri istehsalçı statusu əldə edəcək və istehsal etdikləri enerjinin 15 il müddətinə alınmasına dövlət zəmanəti veriləcək. Bu addım Moldova hökumətinin 2030-cu ilə qədər ölkənin elektrik enerjisi istehlakının ən azı 30%-ni bərpa olunan enerji mənbələrindən təmin etmək məqsədi ilə həyata keçirilən planların bir hissəsidir.

2024-cü ildə Moldovada bərpa olunan enerji mənbələri 691 min MVt/saat elektrik enerjisi istehsal edib ki, bu da ölkənin illik enerji istehlakının 16,7%-ni təşkil edir. Hazırda respublikada 580 MVt gücündə “yaşıl” enerji istehsalı potensialı mövcuddur.

Energetika Nazirliyi xatırladıb ki, Moldovada “yaşıl” enerji istehsalçılarını dəstəkləyən üç əsas mexanizm tətbiq olunur:

  • Net-billing sistemi – əsasən öz ehtiyacları üçün enerji istehsal edən kiçik istehsalçılar üçün nəzərdə tutulub;
  • 15 illik sabit tarif – 1 MVt-a qədər gücə malik günəş və ya 4 MVt-a qədər külək enerjisi parkları üçün tətbiq edilir;
  • 15 il müddətinə sabit qiymət zəmanəti – 1 MVt-dan çox günəş və ya 4 MVt-dan çox külək gücünə malik iri parklar və stansiyalar üçün qüvvədədir.

Bu təşəbbüs Moldova energetika sektorunda bərpa olunan enerji mənbələrinin payını artırmaq və enerji təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.

Избранный
16
fins.az

1Источники