RU

Təhsilimizdə “qısa qapanma”lar

Image

Bu gün bir çox soydaşımız dünyanın nüfuzlu təhsil müəssisələrində dərs deyir, mühazirə oxuyurlar. İnkişaf etmiş ölkələrdə təhsil alan tələbələrimiz yüzlərlədir. Bütün bunları eşidəndə fərəhlənir, qürur hissi keçiririk.

Bununla belə, etiraf etməliyik ki, dövlətimizin təhsillənmə üçün yaratdığı şəraitdən  kifayət qədər yararlana bilmirik.

Neçə illərdir təhsil sistemində islahatlar aparılır.  Onlayn və distant təhsil, kurikulum, interaktiv təlim metodları, formativ və summativ qiymətləndirmə və s. tətbiq olunmaqdadır.   Müəllimlərin sertifikasiyası, şagirdlərin test üsulu ilə ali və orta ixtisas məktəblərinə qəbulu həyata keçirilir. Hətta, ümumtəhsil məktəblərində buraxılış imtahanları belə mərkəzləşdirilmiş qaydada aparılır. Bəs, nəticə hanı? Bəs, ali məktəblərimiz dünyanın  reytinq cədvəlində hansı pillədə yer alır?! Beynəlxalq fənn olimpiadalarında qalib gələn şagirdlərimizin sayı nə qədər artıb?! Təhsil müəssisələrimizin diplomları dünyanın neçə ölkəsində tanınır?!

Bu sualların cavabı heç də ürəkaçan deyil. Bunun bir çox səbəbi vardır. Əsas səbəb isə odur ki,  müəllimlərin əməyi düzgün stimullaşdırılmır.

Attestasiyadan (sertifikasiyadan) keçən müəllimlərin əməkhaqqı da az  deyil.

Belə çıxır ki, bizim ölkədə müəllimlərin  biliyini və əməkhaqqını artırmaqla təhsilin keyfiyyətini yüksətmək olmaz.

Müəllimlərin zəhməti onların  işinin keyfiyyət və nəticəsinə görə dəyərləndirilməlidir. Bu zaman müəllimin dərs dediyi şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbulu, fənn olimpiadalarında uğurları və s. nəzərə alınmalıdır. Şagird və tələbələrə müəllimləri seçmək imkanı da verilməlidir.

DİM-in imtahan sonrası  araşdırmaları təkcə müəllimlərin deyil, məktəb direktorlarının da əməyini obyektiv dəyərləndirməyə imkan verər.

Dövlət büdcəsindən təhsilə milyardlarla manat vəsait  ayrılır. Buna baxmayaraq valideynlər öz uşaqlarını hazırlıq kurslarına, repetitor yanına qoyurlar. Bir çox hallarda repititorlar elə şagirdlərin öz  müəllimləri olurlar. 

Şagirdlər məktəbdə 5-6 saat dərsdən sonra təxminən bir o qədər vaxt ərzində də repetitor yanında dərsə qulaq asır, bir o qədər də zaman ərzində ev tapşırıqlarını yerinə yetirirlər. Təsəvvür edin ki, hələ yetkinlik yaşına çatmayan uşaqlar gündə nə qədər ağır zehni əməklə (hələ  ağır çantaları məktəbə, məktəbdən repetitor yanına, hazırlıq kurslarına daşımalarını demirəm) yüklənirlər. Bəzən uşaqlar bu ağır yükə tab gətirə bilmədikləri üçün məktəbdən yayınırlar… Və məktəbdə problemlər yaranır . Bir sözlə , şagirdlər həm fiziki, həm də mənəvi, psixoloji zorakılığa məruz qalırlar. Bu isə onların sağlamlığına təsirsiz ötüşmür…

Şagirdlərin repetitorlara üz tutmasının əsas səbəblərindən biri  ümumtəhsil məktəblərinin çoxunda “Bazis tədris planı”nın tətbiq olunmamasıdır.

“Bazis tədris planı” imkan verir ki, hər bir şagird  5-ci sinifdən başlayaraq istədiyi fənn sahəsini seçsin  yəni,  ürəyi istəyən fənləri daha dərindən öyrənsin və hər gün çantasında dərsliklərin hamısını daşımasın.

Fənn sahəsini seçməkdə məktəbin psixoloqları yardımçı olmalıdırlar. Təəssüf ki, ölkəmizdə  yüksək içtisaslı psixoloqlar çatışmır. Ona görə də uşaqların İstedad və bacarıqlarına uyğun ixtisaslara yönəldilməsi ürək açan səviyyədə deyildir . Bunun zərərli nəticələrini təsəvvür etmək belə çətindir!

İnkişaf etmiş xarici ölkələrdə fənn seçimi daha geniş sahələri  əhatə edir. Və ali məktəblərə qəbul zamanı abituriyentlərin seçdikləri  sahə nəzərə alınır. Yəni bir fənn sahəsini seçənlər digər ixtisaslar üzrə müsabiqəyə buraxılmırlar.

Hazırda ölkəmizdə qəbul imtahanı iki mərhələdə aparılır. Şagirdlər mart ayında,  dərs ili başa çatmamış, əvvəlcə üç fəndən - Azərbaycan dili, ingilis dili və riyaziyyatdan  imtahan verirlər.

Bu, buraxılış imtahanı adlandırılsa da, əslində elə qəbul imtahanıdır. Çünki şagirdlərin həmin fənlərdən yığdıqları ballar blok imtahanında yığdıqları bala əlavə olunur.

Əvvəla, abituriyentlərin bütün ixtisas qrupları üzrə həmin imtahanları verməsi doğru deyil!  İkincisi, dərs ili başa çatmamış” buraxılış” imtahanının verilməsi də heç bir məntiqə sığmır. Şagirdlərin “buraxılış” imtahanında verdikləri imtahanların blok imtahanında da  vermələri başa düşülmür.

DİM-in gördüyü yaxşı  işlər göz önündədir. Bununla belə tez-tez qəbul qaydaları, imtahan modelləri dəyişdirilir, bu qaydalar sadələşdirilmək əvəzinə daha da mürəkkəbləşdirilir. İş o yerə çatıb ki, sənəd vermək, ixtisas seçmək müşkül işə çevrilib.

İmtahanda suallar cavablandırıldıqdan sonra abituriyentlər onu kodlaşdırmalıdırlar. Bəzən onların buna vaxtı çatmır. 

Abituriyentlər qəbul imtahanını verdikdən sonra DİM-in təklif etdiyi internet  portalında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabineti yaratmağın  4-5 səhifəlik qaydası mövcuddur.  İnternetə çıxışı olmayanlar bir yana , kifayət qədər informatika biliyi olan abituriyentlər, hətta  müəllimlərin özləri belə  bu yolla ixtisas seçməkdə çətinlik çəkirlər. Ona görə çoxları bu işi 100-200 manat müqabilində kiməsə gördürmək məcburiyyətində qalırlar.

Təkcə ixtisas seçimini və kodlaşdırmanı düzgün etmədiklərinə görə onlarla şagird ali və orta ixtisas məktəblərinə qəbul ola bilmir. Onların arasında yüksək bal  toplayanlar da az olmur. Yaxşı olar ki, imtahandan qabaq  DİM-in və ya  Elm və Təhsil Nazirliyinin mütəxəssisləri  (şagirdlər bu işi mükəmməl öyrənənə qədər) “Şəxsi kabinet” açmaqda abituriyentlərə yardımçı olsunlar.

İnkişaf etmiş və etməkdə olan bir çox ölkələrdə   əhalinin  60-65 faizi ali təhsillidır. Bizdə isə bu rəqəm 10 faiz civarındadır. Ölkələrin əksəriyyətində ödənişsiz təhsil müəssisələrinin və ali məktəblərə imtahansız qəbul edən universitetlərın sayı  ilbəil artmaqdadır. Yəni,  ali təhsil almaq asanlaşdırılır, hər kəs üçün əlçatan olur. Kembric, Oksford kimi universitetlərdə bakalavr üzrə təhsil müddəti cəmi üç ildir.

Ali və orta ixtisas məktəblərimizdə ixtisasdan kənar fənlərin tədris proqramlarında yer alması  da  tələbələrimizin təhsil almalarını  çətinləşdirir.

Dünyanın bir sıra inkişaf etmiş ölkələrində 16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadə etməsi qanunla yasaqlanıb. Bizim ölkəmizdə də belə bir qanuna böyük ehtiyac vardır. Ona görə ki, sosial şəbəkələr nəinki uşaqların tərbiyəsini pozmaqla böyük risklər yaradır, eyni zamanda onları məktəbdən və təhsildən uzaqlaşdırır. 

Köçkünlərin geri dönüşü başa çatanadək yardımçı binalarda, zirzəmilərdə, bir sözlə, məktəb üçün yararsız şəraitdə  fəaliyyət göstərən köçkün məktəblərini  yaxınlıqdakı ümumtəhsil, ali və orta ixtisas məktəblərinə köçürülməsi təmin edilməlidir. Bu, erməni işğalının vurduğu ağır yaraların sağaldılması yolunda növbəti  bir addım olardı.

Müəllimin, məktəbin nüfuzu qaldırılmalıdır,  Bunun üçün  ilk növbədə mediada təhsilə diqqət artırılmalıdır.

Təhsilə ictmai nəzarət gücləndirilməlidir. Təhsillənmə ümumxalq işinə, milli ideologiyaya çevrilməlidir!

Təhsil strateji əhəmiyyəti olan bir sahədir. Ölkəmizin gələcəyi onun inkişafından birbaşa asılıdır. Bunu unutmaq olmaz!

Arif Ərşadoğlu
yazıçı-jurnalist





Избранный
65
baki-xeber.com

1Источники