RU

18 ildən sonra...

Əhməd əl-Şəraanın Türkiyə səfəri Yaxın Şərqə nə vəd edir?

Türkiyə Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyə təminat verən aparıcı ölkəyə çevrilir - regional və beynəlxalq güc mərkəzləri Ankaranın regionda geostrateji və geosiyasi mövqeyini və maraqlarını nəzərə almaq məcburiyyətində olacaqlar. Son proseslər onu deməyə əsas verir ki, regionda qardaş ölkə - Türkiyəyə inam və etimad artır. Türkiyə nəinki Suriyada, həmçinin Yaxın Şərqin digər bölgələrində də geniş təsir imkanlarına malik olacaq.

Fevralın 4-də Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şəraa Türkiyə rəsmi səfər edib. Qeyd edək ki, bu, 18 ildən sonra Türkiyəyə Suriya lideri tərəfindən edilən ilk səfərdir. Eyni zamanda qeyd etmək lazımdır ki, son on beş ildə Türkiyə ilə Suriya arasında heç bir diplomatik-siyasi münasibətlər olmayıb. Əl-Şəraanın bu səfəri iki ölkə arasında ikitərəfli münasibətlərin yenidən bərqərar olunmasına yol açacaq.

“TRT”-nin məlumatına görə,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Əhməd əl-Şəraa arasında baş tutan ikitərəfli görüşdə diplomatik-siyasi, iqtisadi-ticari və humanitar münasibətlərin qurulması, o cümlədən Türkiyə-Suriya müdafiə sazişi ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə Ərdoğan vaxtilə Suriyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasına və indiki məqamda ərəb və İslam dünyasını Suriyanın yeni iqtidarına və xalqına lazımi maddi və mənəvi dəstək göstərməyə çağırıb.

“Suriyanın xarabaya çevrilmiş şəhərlərinin bərpasında da dəstəyə hazırıq. Suriya iqtisadi cəhətdən dirçəldikcə könüllü formada qayıdışlar da sürətlənəcək”.- deyə Ərdoğan bildirib.  Ərdoğan ölkəsinin terror təşkilatları ilə mübarizədə Suriyaya dəstək verməyə hazır olduğunu da bəyan edib.

Ə. Şaara isə öz növbəsində Suriyanın Türkiyə ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Vurğulayaq ki, artıq bir sıra ekspertlər iki ölkə arasında imzalanması gözlənilən müdafiə sazişi ilə bağlı fikirlərini bölüşürlər. Onlar qeyd edirlər ki, bu sazişdə  hərbi-müdafiə və hərbi-təhlükəsizlik sahələrində ikitərəfli münasibətlərin qurulması ilə yanaşı Suriyanın mərkəzində Türkiyə Hərbi Hava Qüvvələri bazalarının yaradılması da nəzərdə tutulur.  Hətta Türk mediasında yayılan məlumatlara görə, Əhməd əl-Şəraa Ərdoğanla söhbət zamanı Suriyada Türkiyənin hərbi bazalarının artırılmasını,  Tartus bazasının Türkiyənin istifadəsinə verilməsini də təklif edib.

Şübhəsiz ki, Suriyanın yeni hakimiyyətinin rəhbəri Əhməd əl-Şəraanın öncə Səudiyyə Ərəbistanına, ondan sonra isə Türkiyəyə rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir - bu, bəlli zamanda Yaxın Şərq regionunda  yeni proseslərin baş verəcəyini göstərir. Xüsusilə,  Türkiyənin Suriyada hərbi nüfuzunun genişlənməsi və bu ölkənin təhlükəsizliyinə zəmanət durması qardaş ölkənin Yaxın Şərqdə geostrateji və geosiyasi mövcudluğunu daha da möhkəmləndirəcək.

Türkiyənin əsas hədəfləri

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ikitərəfli səfərlər və görüşlər həm Türkiyə-Suriya münasibətləri, həm də regionda baş verən proseslər baxımından olduqca ciddi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Türkiyə Suriyadakı münaqişənin qarşısının alınmasında aktiv iştirak edən regional güclərdən biridir və Ankaranın hədəfləri əsasən təhlükəsizlik, qaçqın böhranın həlli  və milli maraqlara söykənib.

“Qardaş ölkənin əsas hədəfləri sırasında ilk yerdə Suriya ilə sərhədlərində sabitliyi qorumaqdır. Xüsusilə, YPG/PYD və PKK təhlükəsini aradan qaldırmaq məqsədilə hərbi əməliyyatlar həyata keçirir. Şimali Suriyada təhlükəsiz zona yaratmaq  planları Türkiyəni həm separatçı qruplaşmalardan qorumağa, həm də qaçqınların geri qaytarılmasına hədəflənib. İkinci hədəf isə qaçqın böhranının həllidir. Türkiyə, hazırda ölkəsindəki təxminən 3,6 milyon suriyalı qaçqını öz sərhədləri daxilində təhlükəsiz zonalara köçürmək istəyir.  Bütün bu məqamlar onu göstərir ki, Suriya qardaş olkə üçün olduqca ciddi əhəmiyyətə malikdir. Görüşdə məhz bu məsələlərin, eləcə də Ankaranın Suriyanın yeni hökumətinə siyasi-iqtisadi dəstəyinin mümkün istiqamətlərinin müzakirə olunduğunu qeyd edə bilərik”.

Suriyanın təhlükəsizliyinin təminatçısı...

Türkiyənin Suriyada hərbi mövcudluğunun genişlənməsi məsələsinə toxunan V.Zifəroğlu vurğulayıb ki, bu, regiona ciddi təsir göstərəcək: “Ümumiyyətlə, görüşdə Türkiyə-Suriya hərbi əməkdaşlığı və iş birliyi ilə bağlı əldə edilən razılaşmalar regional baxımdan olduqca ciddi əhəmiyyətə malikdir. İstər Palmira hərbi aeroportunda aviabazaların yaradılması, Homs əyalətində yerləşən Suriya ordusunun T4 bazası ilə bağlı razılaşmalar olduqca önəmlidir. Lakin burada nəzərə alınacaq başqa bir məqam da Türkiyə-Rusiya münasibətləri faktorudur. Rusiyanın tamamilə Suriyada olan bazalardan çıxarılacağına inanmıram. Mümkündür ki, bu məsələdə Türkiyə, Rusiya və Suriyanın yeni hakimiyyəti arasında müəyyən razılaşmalar əldə olunsun”.

Azərbaycan da öz töhfəsini verə bilər

“Bildiyiniz kimi, Azərbaycan və Türkiyə arasında strateji hərbi əməkdaşlıq mövcuddur. Bu mənada ölkəmizin yalnız Türkiyənin hərbi mövcudluğu məsələsində deyil, ümumilikdə Suriyada faktiki olaraq qurulan yeni düzənə, dövlətə dəstəyi olduqca əhəmiyyətli məqamdır,” - deyə V.Zifəroğlu əlavə edib ki, Azərbaycan bu məsələdə Türkiyəyə dəstək göstərməyə hazırdır: “İstər diplomatik-siyasi, istərsə logistik dəstək, istərsə də humanitar və bərpa proqramlarında birbaşa iştirak, Suriyanın yeni hökuməti ilə hərbi-texniki əməkdaşlığa qədər bir çox məqamlar qeyd oluna bilər”.

Yunis ABDULLAYEV

Избранный
19
yeniazerbaycan.com

1Источники