Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Burada əsas məsələlərdən biri Rusiyanın bu məsələ ilə bağlı öhdəliklərini yerinə yetirməməsidir. Rusiyanın məsuliyyəti üzərinə götürərək, hadisədə əli olanları obyektiv şəkildə cəzalandırması və zərərçəkənlərin ailələrinə təzminat ödənilməsi tələb olunur. Lakin Rusiya, imperiya düşüncəsi ilə, digər dövlətlərdən üzr istəməyi, bu kimi məsələləri etiraf etməyi qəbul etmir. Bu, Moskvanın siyasətinin bir hissəsidir - "Parçala və hökm sür" yanaşmasının təzahürüdür.
Rusiya bu prosesləri uzatmağa çalışır ki, zamanla insanların diqqətini yayındırsın və məsələnin əhəmiyyəti azalsın. Ancaq bu, ikitərəfli münasibətlərə, xüsusilə də Azərbaycan və Rusiya arasında 2022-ci ilin fevralında imzalanan müttəfiqlik müqaviləsindən sonrakı münasibətlərə təsir edir. Azərbaycan bu sazişdən irəli gələn bütün öhdəliklərini yerinə yetirir, amma Rusiya bu məsələyə adekvat yanaşmır. Bu, münasibətlərin gedişatına təsir edir.
Azərbaycan bu məsələdə yalnız ədalət tələb edir. Əgər Rusiya məsuliyyəti üzərinə götürsə, məsələnin həlli yolunda irəliləyiş olacaq. Amma əgər Rusiya inadını davam etdirərsə, Azərbaycanın Rusiyaya münasibətləri yenidən nəzərdən keçirilməli olacaq".
Zeynəb Rzayeva