Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolu boyunca 25 qovşaq və körpü, 2 tunel inşa ediləcək.
Bu barədə “Report” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, uzunluğu 29 kilometr olan avtomobil yolu 1A texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir.
Layihə üzrə 10 qovşağın, 14 körpünün, 1 kommunikasiyalar üçün kanal körpüsünün, 1 qapalı və 1 üstü açıq tunelin tikintisi nəzərdə tutulub. 3 körpünün tikintisi üzrə 80 %, 1 körpü üzrə 90 %, 3 qovşaq körpüsü üzrə 70 %, 1 tunelin tikintisi üzrə isə 30 % iş yerinə yetirilib.
Həmçinin layihədə 7 düzbucaqlı keçidin, 33 dairəvi və müxtəlif diametrli boruların, həmçinin drenaj quyuların tikintisi, müxtəlif ölçülü drenaj borularının və yol boyunca ehtiyat keçid boruların quraşdırılması işləri həyata keçirilir. Hazırda layihə üzrə yolun tikintisi altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin bir hissəsinin söküntüsü, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri də həyata keçirilir.
Bundan başqa layihə boyu 6 km-lik hissədə torpaq yatağının tikintisi (qazma, tökmə, yarasız qruntun yararlı material ilə əvəzlənməsi), 4 km-lik hissədə əsasın alt, üst laylarının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi, 2,250 m3 çiyinlərin bərkidilməsi işləri yerinə yetirilib.