Mövzu ilə bağlı siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev Olaylar.az-a danışıb. Politoloq bildirib ki, ABŞ-nin toxunulmaz strategiyası var və hakimiyyətə gələn şəxsin kimliyindən asılı olmayaraq bu strategiya dəyişə bilməz:
"Birləşmiş Ştatların strategiyası var, yəni kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bu strategiya qorunmalıdır. İstər respublikaçılar hakimiyyətdə olsun, istərsə də demokratlar. Taktiki gedişlərdə dəyişiklik edə bilər. Ancaq strategiya toxunulmazdır. Birləşmiş Ştatlar bu strategiyanı qorumaq, dünyanın ayrı-ayrı dövlətlərini öz təsirinə salmaq, idarə etmək, dövlət çevrilişləri həyata keçirmək üçün bir mexanizm yaratdı. Bu mexanizm müxtəlif ad altında əfsanələşdirilir. Bu, istər Mərkəzi Kəşfiyyat İdarəsinin nəzdində olsun, istərsə də Dövlət Departamentinin, istərsə də ayrı ayrı fondların nəzdində həyata keçirilir. Birləşmiş Ştatlar demokratiya ideyası, insan haqları adı altında öz maraqlarını həyata keçirməkdədir".
Siyasi şərhçi qeyd edib ki, Birləşmiş Ştatlar öz strategiyasını müxtəlif fondlar və qurumlar vasitəsilə həyata keçirir.
"Hansı dövlət də ABŞ-nin maraqları qorunursa deyirlər ki orada demokratiya, insan haqları var. Hansı dövlət ki, Birləşmiş Ştatların maraqlarına uyğun davranmır, orda insan haqları, demokratiyanın tapdalanmasıı və diktatorun olduğu bəyan edilir və bunu da ayrı-ayrı fondlar vasitəsilə həyata keçirir. Bu fondlardan da biri Soros fondu, USAİD və s.-dir. Bu fondlar Birləşmiş Ştatların siyasətini həyata keçirmək üçün fəaliyyət göstərir və bu dövlətin bir mexanizmidir. Yəni dövlət siyasətini həyata keçirmək üçün bu mexanizmdən istifadə edir və bu təşkilat, hansı ki, Beynəlxalq İnkişaf Agentliyi kimi təşkilatlar ayrı-ayrı dövlətlərdə QHT-ləri, kütləvi informasiya vasitələrini, partiyaları maliyyələşdirməklə öz təsirinə salır və bununla Birləşmiş Ştatların sifarişlərini icra edirlər. Bu cür faktları biz Gürcüstanda, o cümlədən Ermənistanda, Ukraynada, hətta Orta Asiya respublikalarını, hətta Azərbaycanda da bu təşkilat fəaliyyət göstərir".
Azad Məsiyev əlavə edib ki, ölkəmizdə də belə fondlar zaman-zaman fəaliyyət göstərib. Bu fondların qonşu ölkələrə təzyiqləri isə hələ də davam edir.
"Vaxtilə Azərbaycanda Soros fondu var idi. Azərbaycanda Respublika Demokratiya Fondu, Demokratiya İnstitutunun fondları, nümayəndəliyi, Respublikaçılar partiyasının nümayəndəliyi və ayrı ayrı fondlar adı altında Birləşmiş Ştatların kəşfiyyat qurumları fəaliyyət göstərir və bu ad altında bu agentura şəbəkəsi maliyyələşdirilir. Agentura şəbəkəsi vasitəsilə dövlətə təzyiqlər edilir və biz bunu bu yaxınlarda Gürcüstanda gördük. Gürcüstanda geden proseslər bir daha onu göstərir ki, ayrı-ayrı QHT-ləri maliyyələşdirməklə siyasi sifarişləri həyata keçirməkdədir və qonşumuz olan Ermənistanda Paşinyanı hakimiyyətə gətirən Soros fondu idi. Bu fondlar vasitəsilə öz məqsədlərinə çatırlar".
Direktor əsasən Baydenin hakimiyyəti dövründə böyük məbləğdə vəsaitin ayrı-ayrı dövlətlərə ayrılması və o dövlətlərdə Birləşmiş Ştatların maraqlarını həyata keçirmək üçün bu şəbəkələrin yaradıldığını vurğulayıb.
"Ümumilikdə isə bu gün Birləşmiş Ştatlarda Trampın hakimiyyətə gəlməsindən sonra bu məsələlər ciddi şəkildə araşdırılmağa başlanılıb. Artıq bu cür təşkilatlar Birləşmiş Ştatlar tərəfindən maliyyələşən fondlara ayrılan vəsaitlər korrupsiya yolu ilə mənimsənilir. Yəni Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə ayrı-ayrı dövlətlərə ayrılan pullar bu və ya digər formada geri qaytarılır və eyni zamanda agentura şəbəkələrini formalaşdırmaqla yanaşı, çirkli pulların yuyulması ilə həyata keçirilir. Ümumilikdə, Beynəlxalq İnkişaf Agentliyinin əsas Bayden hakimiyyəti dövründə böyük məbləğdə vəsaitin ayrı-ayrı dövlətlərə ayrılması və o dövlətlərdə Birləşmiş Ştatların maraqlarını həyata keçirmək üçün bu şəbəkələrin yaradılması bir daha onu göstərir ki, bu dövlət bu cür fondlar vasitəsilə müxtəlif dövlətlərə təzyiq edir və orada öz maraqlarına uyğun bir şəbəkə formalaşdırılır və bununla da öz siyasi maraqlarını həyata keçirməkdədirlər".
Azad Məsiyev Azərbaycanda bu təşkilatların, fondların fəaliyyətinin yolverilməz olduğunu, xüsusən hüquq mühafizə orqanlarının mövzu ilə bağlı araşdırmalar apardığını bildirib.
"Azərbaycanda da bu cür təşkilatların fəaliyyəti məqbul sayıla bilməz və artıq hüquq mühafizə orqanları da bu məsələni kökündən araşdırmaqdadır və kifayət qədər faktlar da aşkar olunur ki, qaçaqmalçılıq yolu ilə üçüncü dövlətlər Azərbaycana kütləvi İnformasiya Vasitələrinin maliyyələşməsində, istər qeyri-hökumət təşkilatlarının maliyyələşməsində iştirak edirlər. Çirkin məqsədlər üçün, siyasi məqsədlər üçün istifadə olunur. Bu cür fondların fəaliyyətinə dövlət səviyyəsində nəzarət olunmalıdır ki, dövlətin xarici və daxili siyasətinə təzyiq, təsir etməsinlər. Artıq Gürcüstanda baş verən hadisələr bir daha onu göstərdi ki, Birləşmiş Ştatlar bu cür fondlar vasitəsilə ayrı- ayrı dövlətlərdə dövlət çevrilişi edir, hakimiyyət dəyişikliyi edir və özlərinə münasib hakimiyyət qurur və bununla həmin dövlətin, xalqın taleyi ilə oynayırlar. Ukraynanın, Zelenskinin simasında Ukraynada baş verən hadisələri görürük. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda da bu cür fondların fəaliyyəti məhdudlaşdırılmalıdır və şəffaflıq təmin edilməyincə belə fondların açılması məqsədəuyğun deyil".
Siyasi şərhçi qeyd edib ki, USAİD-in ABŞ-də fəaliyyəti dayandırılsa da, Dövlət Departamentinin nəzdində öz strategiyasını davam etdirəcək.
"Beynəlxalq İnkişaf Agentliyinin Birləşmiş Ştatlarda fəaliyyətinin dayandırılmasına baxmayaraq, bu təşkilatın gələcək fəaliyyəti Dövlət Departamentinin nəzdində aparılacaqdır. Yenə də nəticə eynidir. Yəni bu fond dövlətin nəzarətində olaraq aparılırsa, bu, bir daha onu göstərir ki, bu fondun fəaliyyəti tam dayandırılmayıb. Yenə də müxtəlif dövlətlərdə dövlətin strateji maraqlarını həyata keçirmək üçün fəaliyyət göstərəcəkdir. Ümumilikdə hesab edirəm ki, bu cür təşkilatların, buna bənzər təşkilatların Azərbaycanda fəaliyyəti məhdudlaşdırılmalı və dövlətin nəzarəti güclənməlidir".
Sonda Azad Məsiyev əlavə edib ki, bu cür təşkilatlar dövlət daxilində stabilliyi pozmaq, ictimai rəyi, dövlət əleyhinə, siyasi hakimiyyət əleyhinə formalaşdırmaq üçün sifarişlər həyata keçirə bilər ki, bu da Azərbaycanda stabilliyin pozulması ilə nəticələnə bilər.
Səidə Ramazanova