RU

Vüsal İsgəndərli “Qalatasaray”a qol vurdu - VİDEO

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Türkiyə Kubokunun 2024/2025-ci illər mövsümünün qrup mərhələsi çərçivəsində baş tutan “Qalatasaray”la oyunun iştirakçısı olub.

“Boluspor” doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4. Halbuki, C qrupunun 2-ci turunun qarşılaşmasında hesabı Bolu təmsilçisi açıb. Meydan sahiblərinin heyətində 12-ci dəqiqədə Vüsal fərqlənib. Amma komandası onun vurduğu qolun davamını gətirə bilməyib və ardıcıl 4 top buraxmaqla uduzub.

İsgəndərli bu oyunun 45-ci dəqiqəsində sarı vərəqə də alıb. Azərbaycanlı futbolçu 90 dəqiqədə meydanda qalıb.

“Boluspor” Türkiyə Kubokunun qrup mərhələsi çərçivəsində keçirdiyi 2 oyunda xal toplaya bilməyib və C qrupunda 6 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 25 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Избранный
47
arena.az

1Источники