RU

Rusiya məsuliyyətdən qaçır:Hara qədər?..

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatının açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını dayandırmır

Ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatının açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını davam etdirir. İlkin hesabatdan aydın olur ki, Bakıdan Qroznıya J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış "Embraer 190-100 IGW" tipli sərnişin təyyarəsi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Təyyarənin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib. Hesabatda oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat da qeyd olunmayıb.

Hesabat yayılandan sonra Rusiyanın aidiyyəti qurumları, xüsusən də “Rosaviasiya” məsuliyyətdən yayınmaq üçün əsassız açıqlamalarla çıxış edib. Bu məsələdə Rusiya mətbuatı da geri qalmır. Görünür, Rusiya tərəfi məsələni ört-basdır etmək, məsuliyyəti təyyarə heyətinin üzərinə atmaq istəyir. Bunu rəsmi qurumların, ayrı-ayrı şəxslərin açıqlamalarından, eləcə də Rusiya mətbuatında gedən materiallardan aydın görmək mümkündür. “Rosaviasiya” yaydığı bəyanatda AZAL-ın təyyarəsinin quş dəstəsi ilə toqquşması və oksigen balonunun partlamasına dair yaydığı yalanın “Embraer” ekipajından gəldiyini” bildirib. Ardınca isə qeyd edib ki, Mahaçqala və Mineralnıye Vodı aeroportlarının təyyarəni qəbul etməyə hazır olmalarına baxmayaraq, ekipaj bu təkliflərdən yararlanmayıb. “Rosaviasiya” AZAL-ın təyyarə qəzası ilə bağlı hesabatın ilkin xarakter daşıdığını və onun səbəbləri ilə bağlı heç bir nəticənin hələ olmadığını vurğulayıb. Rusiya mediasının “Rosaviasiya”dan aldığı bəyanatla bağlı yenilədiyi xəbərdə qurumun təyyarənin xarici təsirlər nəticəsində zədələndiyini etiraf etdiyi üzə çıxır. Buna baxmayaraq, bu etirafın özündə də məsuliyyətdən qaçmaq cəhdləri görünür. “AZAL-a məxsus təyyarə xarici təsir nəticəsində zədələnib. Lakin hesabatda Qazaxıstan tərəfinin təyyarədə olan yad obyektləri müəyyən etdiyi əks olunmur, halbuki Rusiyanın indiyədək belə bir imkanı olmayıb, çünki bu elementlər ekspertiza üçün ona verilməyib”, – açıqlamada bildirilib.

Rusiya tərəfi bununla “Malayziya Boinq-2” vəziyyəti yaratmaq niyyəti güdür. Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan, "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boinq-777" təyyarəsi Ukraynanın cənub-şərq hissəsində vurulmuş, təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. Təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhz Rusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva bu günə qədər də məsuliyyəti öz üzərinə götürmür, əsassız yerə Ukraynanı günahlandırır. Rusiya rəsmilərinin, ekspertlərinin və mətbuatının AZAL-ın təyyarəsi ilə bağlı addımları onların eyni taktikanı seçdiyini söyləməyə əsas verir. Lakin araşdırmaların nəticələri, qəzanın ardıcıllığı, faktlar və dəlillər başqa şey deyir.

Azərbaycan tərəfinə atəş əmri verənlərin, atəş açanların kimliyi və atəşin hansı silahdan açıldığı da məlumdur. Azərbaycan hökumətindəki mənbə fevralın 4-də "Royters" agentliyinə bildirib ki, təyyarə Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub. "Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti var”, - deyə mənbə bildirib. Bu qədər fakt, sübut və dəlillər ortada olduğu halda Rusiyanın məsələni başqa istiqamətə yönəltmək niyyəti, günahı ekipajın üzərinə atmaq cəhdləri yersizdir. Hətta Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov  Kremlin AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatını şərh etməyəcəyini bildirib. "Bu ilkin hesabatdır. Əlbəttə, müvafiq qurumlarımız onu diqqətlə araşdıracaqlar. Lakin Rusiya Prezident Administrasiyasından bu mövzunu şərh etmək mümkün deyil, bunu mümkün saymırıq", - deyə Peskov vurğulayıb.

Azərbaycanın şərtləri, nə istədiyi məlumdur və bunlar ali səviyyədə də elan edilib. Artıq qeyd olunduğu kimi, Azərbaycanın əlində təyyarənin vurulduğu “Pantsir-S” raketlərinin hissələri də var. Sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər aparılır. Bununla belə, Rusiya ilə dialoq üçün qapı açıqdır. Moskva öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Əks halda Bakı növbəti addımlara hazırdır.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi (Pantsir-S) vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Dövlət başçısı, eyni zamanda, qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bəyan edib ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.

Sevinc Azadi, “İki sahil”

Избранный
49
12
ikisahil.az

10Источники