RU

Tarixi Zəfər seçkilərinin bir ili...

Prezident İlham Əliyev: Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi

Bir il bundan əvvəl fevralın 7-də müstəqil Azərbaycanda növbədənkənar Prezident seçkiləri uğurla baş tutdu. Bu seçkilər çox doğru olaraq Zəfər seçkiləri kimi səciyyələndirilir. Ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi şəraitində baş tutması bəhs olunan seçkilərin önəmini şərtləndirir.

İkinci Qarabağ müharibəsinədək olan dövrdə işğal faktına görə seçkiləri ölkənin bütün ərazisində keçirmək mümkün olmurdu. 7 fevral 2024-cü ildə ilk dəfə seçkilər işğaldan azad edilmiş regionlarımız da daxil olmaqla respublikanın hər bir bölgəsində keçirildi. Azad, ədalətli və şəffaf şəraitdə keçirilən seçkilər ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyətli hadisəyə çevrildi. Prezident seçkiləri ölkəmizdə keçirilən seçkilərin ən önəmlisidir. Buna görə də  möhtəşəm qələbələrimizdən sonra ilk olaraq növbədənkənar prezident seçkilərinin keçirilməsi tam təbii idi.

Seçki məntəqələrində müşahidə edilən böyük qələbəlik

Bir il bundan əvvəl fevralın 7-də ölkənin hər yerində yaşanan çoşqu, bütün seçki məntəqələrində müşahidə edilən böyük qələbəlik hələ də xatirələrdən silinməyib. Prezident seçkiləri növbədənkənar elan olunmuşdu. Ancaq artıq tarixə dönən seçkilər yaddaşlarımızda növbəli seçkilər kimi qalıb. Dünya praktikasında, siyasi liderlərin karyeralarında Prezident seçkilərinin bu qədər izdihamlı keçməsi çox nadir hallarda rast gəlinib, bəlkə də, heç olmayıb. Səhər tezdən seçki hüququ olan vətəndaşlarımız  məntəqələrə üz tutdular. Hamı deyib-gülür, hamının üz-gözündə sevinc ovqatı oxunurdu. Səliqəli, bayram əhval-ruhiyyəli məntəqələrin önündə isə onları uzun növbələr gözləyirdi. Seçkiləri izləmək üçün dünyanın müxtəlif ölkələrindən respublikamıza çoxsaylı müşahidəçilər təşrif gətirmişdilər. Onlar seçki məntəqələrinin qarşısında yaşanan izdihamı, növbələri görəndə heyrətlərini gizlətmirdilər, yarıciddi, yarızarafat bildirirdilər ki, özlüyündə növbələr müşahidəçilər üçün ən tutarlı və təkzibolunmaz faktlardır. Müşahidəçilər “bəlkə bu məntəqədə növbələr nümayiş üçün məqsədli şəkildə yaradılıb” düşüncəsi ilə başqa ünvanlara üz tuturdular. Ancaq yox, hər yerdə onların qarşısına izdiham, coşqu, seçici növbələri çıxırdı...

Məsuliyyətli seçki hazırlıqları

Ölkəmiz bu tarixi seçkilərə böyük məsuliyyətlə hazırlaşmışdı.  Seçkilərə hazırlıqla bağlı bütün fəaliyyətlər Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim Planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada gerçəkləşdirilmişdi. İstər Komissiya, istərsə də aidiyyəti qurumlar tərəfindən seçki qanunvericiliyində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin dəqiqliklə yerinə yetirilməsinə xüsusi diqqətlə yanaşılmışdı. Seçki prosesinin mühüm mərhələləri olan seçicilər siyahısının dəqiqləşdirilməsi, seçicilər də daxil olmaqla bütün seçki subyektlərinin maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanlarının yaradılması, müşahidəçilər və media nümayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin təmin edilməsi, seçki günü səsvermənin təşkili ilə əlaqədar prosedurlara düzgün əməl olunması və digər tədbirlər qanunvericiliklə müəyyənləşdirilmiş qaydada, vaxtında və keyfiyyətlə həyata keçirilmişdi.

Növbədənkənar Prezident seçkilərində müstəqil Azərbaycan demokratiyaya sadiqliyini bütün dünyaya nümayiş etdirdi. Prezident seçkilərində 17 iddiaçı namizəd qismində iştirak etmək üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib və namizədliklərinin irəli sürülməsi təsdiq olunaraq onlara imza vərəqələri verilib. Namizədliyinin irəli sürülməsi təsdiq edilən 17 iddiaçıdan 10-u imza vərəqələrini, ümumiyyətlə, geri qaytarmayıb. İmza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytaran 7 iddiaçının hamısının namizədliyi qeydə alınıb ki, onlardan 5-nin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb, 2-si isə öz təşəbbüsü ilə seçkilərə qatılıb. Təbliğat prosesində bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim diqqətdə saxlanılıb. Seçki Məcəlləsinin tələblərinə əsasən qeydə alınmış namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün ilkin mərhələdə respublikanın şəhər və rayonlarında 125 seçki dairəsi üzrə 139-u açıq, 142-si qapalı olmaqla, ümumilikdə, 281 ödənişsiz yer ayrılıb. Ardınca isə daha geniş imkanlar təmin olunması məqsədilə demək olar ki, respublikanın əksər yaşayış məntəqələrini əhatə edən 4500-ə yaxın əlavə görüş yerləri də təşviqat subyektlərinin sərəncamına verilib. Namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar ödənişsiz və heç bir icazə tələb olunmadan, sadəcə, müvafiq dairə seçki komissiyasını əvvəlcədən məlumatlandırmaqla həmin yerlərdə öz seçiciləri ilə görüşlər keçiriblər. Namizədlərin təşviqatı üçün bütün seçki məntəqələrini əhatə edən 10 mindən çox böyükölçülü lövhələr də quraşdırılıb. Seçkiqabağı təşviqat subyektləri MSK tərəfindən yaradılan bütün bu imkanlar və bərabər şəraitdən azad, sərbəst şəkildə, səmərəli istifadə ediblər. Yanvarın 15-dən start götürən seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalanadək davam edib və ümumilikdə, müasir tələblərə cavab verən şəraitdə keçirilib.

790 beynəlxalq, 90 mindən çox yerli müşahidəçi

Prezident seçkilərində şəffaflığın yüksək səviyyədə təmin olunması üçün digər vasitələrlə yanaşı, bütün respublika coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini əvvəldən-axıradək, fasiləsiz və birbaşa izləmək imkanı verən veb-kameralar quraşdırılıb. Prezident seçkilərinin müşahidəsinə 72 nüfuzlu beynəlxalq qurum və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi qatılıb. Eyni zamanda, dünyanın 110 aparıcı xarici media subyektindən 217 təmsilçi MSK tərəfindən müvafiq lövhəciklə təmin edilərək seçkiləri izləyib. Respublikada fəaliyyət göstərən yerli media nümayəndələri isə heç bir əlavə akkreditasiya tələb olunmadan, seçki marafonu başlayandan sonadək sərbəst və maneəsiz şəkildə seçkilərin izlənilməsində iştirak ediblər.

Seçkilərin müşahidəsinə, həmçinin çoxsaylı siyasi partiyaları, qeydə alınmış namizədləri, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını və ictimai birlikləri təmsil edən, eyni zamanda, öz təşəbbüsləri ilə seçkilərə qatılmış 90 mindən artıq yerli müşahidəçi qatılıb. Seçkilərin müşahidəsində qeyri-hökumət təşkilatlarının yüksək fəallığı xüsusi diqqət çəkib. Belə ki, seçkilərin müşahidəsinə bütövlükdə, 83 qeyri-hökumət təşkilatı, vətəndaş cəmiyyəti institutu və ictimai birliklərin 7000-ə yaxın müşahidəçisi də fəal şəkildə qoşulub. Bütün bunlarla yanaşı, ixtisaslaşmış 3 təşkilat tərəfindən seçkilərdə “exit-poll” keçirilib ki, onlardan 1-i öz fəaliyyətini xarici tərəfdaşı ilə birgə təşkil edib. “Exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə demək olar ki, üst-üstə düşüb.

Zəfər seçkilərinin qalibi

Ölkəmizdə Zəfər seçkiləri 125 seçki dairəsi üzrə 6319-u daimi, 218-i müvəqqəti olmaqla, ümumilikdə, 6537 seçki məntəqəsində keçirilib. Bu məntəqələrdən 47-si işğaldan azad olunmuş ərazilərdə, 49-u Azərbaycanın 37 xarici ölkədəki səfirlik, konsulluq və diplomatik nümayəndəliklərində yerləşib. Səsvermə günü seçicilər yüksək fəallıqla, azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə ediblər. Ümumilikdə, ölkə üzrə seçicilərin 76,43 faizi səsvermədə iştirak edib. Seçki günü ərzində 5 dəfə seçicilərin fəallığı barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa Mərkəzi Seçki Komissiyasına ötürülərək ictimailəşdirilib və Komissiyanın internet səhifəsində yerləşdirilib. MSK-nın məlumatına əsasən, Prezident İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92,12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb.

Yekun nəticələr belədir:

Lider namizəd Əliyev İlham Heydər oğlu - 4 milyon 567 min 458 səs (92,12 faiz)

Əliyev Fuad Ağası oğlu - 26 min 517 səs (0,54 faiz)

Həsənquliyev Qüdrət Müzəffər oğlu - 85 min 411 səs (1,72 faiz)

Musayev Elşad Nəbi oğlu - 32 min 885 səs (0,66 faiz)

Mustafa Fazil Qəzənfər oğlu - 98 min 421 səs (1,99 faiz)

Nurullayev Razi Qulaməli oğlu - 39 min 643 (0,80 faiz)

Oruc Zahid Məhərrəm oğlu - 107 min 632 səs (2,17 faiz).

Bütöv bir mərhələnin yekunu, növbəti mərhələnin başlanğıcı

Seçkilərdə seçicilərin mütləq əksəriyyətinin Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevə səs verməsi tam məntiqli idi. Bəhs olkunan seçkilərin böyük tarixi əhəmiyyəti var. Bu seçkilər  respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə əsas ümummilli ideyamızın həyata keçirildiyi bütöv bir mərhələnin yekunu və qarşda yeni mühüm çağırışların dayandığı növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Biz yuxarıda ötən il fevralın 7-də seçki məntəqələrində müşahidə edilən uzun növbələrdən bəhs etdik. Seçki məntəqələrində müşahidə edilən uzun növbələr təəssüratlar yaradırdı. Bunun məntiqi hansı amillərlə bağlıdır? Sualın cavabı olaraq müxtəlif məqamlara diqqət çəkmək mümkündür. Zənnimizcə, burada lider amilini xüsusi vurğulamaq yerinə düşər. Seçkilərin nəticələrinə əsasən o fikri ifadə etmək mümkündür ki,  seçicilər məhz İlham Əliyevin lehinə səs vermək üçün məntəqələrin qarşısında uzun növbələrə dayanıblar. 30 illik işğal dövründə torpaq təşnəsi ilə yanan cəmiyyətimizdə belə bir yekdil qənaət formalaşmışdı ki, hansı lider ərazi bütövlüyümüzü təmin etsə, həmin lider də Azərbaycana rəhbərlik etməlidir. Müzəffər Lider Özünün strateji baxışları,  qətiyyəti sayəsində məhz İlham Əliyev oldu. İkinci Qarabağ müharibəsində, lokal xarakterli antiterror tədbirlərində qazanılan möhtəşəm qələbələrimizin əsas memarı məhz Prezident İlham Əliyevdir və seçkilərin qalibi olmaq da onun halal haqqıdır.  Ölkəmiz, xalqımız tarixi zəfərlərin əldə olunmasınadək Onun liderliyi ilə uzun yol keçdi. Bu keçilən yolda Özünün təbirincə desək, nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən İlham Əliyev hər mərhələdə yaranan vəziyyətə və çağırışlara adekvat addımlar atmağı və düzgün qərarlar verməyi bacardı. Onun fəal, çevik diplomatiyası beynəlxalq miqyasda ölkəmizin mövqelərini möhkəmləndirdi. Dünyada dostlarımızın sayı artdı, beynəlxalq tədbirlərdə haqq səsimiz eşidildi, ermənilərin yalan təbliğatı iflasa uğradı.

Digər istiqamətlərdəki uğurlarımıza diqqət çəkək. 2003-cü ildə ilk dəfə Prezident seçilən İlham Əliyev xalqa verdiyi vədləri yerinə yetirmək üçün məqsədyönlü, ardıcıl siyasət həyata keçirib. O, paralel şəkildə ölkənin iqtisadiyyatının gücləndirilməsi qayğısına qalıb.  Alınan qərarlar, bir-birini tamamlayan islahatların məntiqi nəticəsi olaraq respublikamızın iqtisadi müstəqilliyi, bu əsasda da siyasiu müstəqilliyi tam təmi olunub, maliyyə imkanlarımız əhəmiyyətli dərəcədə genişlənib. Bu gün heç bir güc mərkəzi Azərbaycanla diktat dili ilə danışmır və danışa da bilməz. İqtisadi müstəqillik zəminində ordu quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Azərbaycan qısa müddətdə dünyanın 50 ən güclü ordusu sırasında yer alan Silahlı Qüvvələrini formalaşdırmağa nail olub.

Ölkənin idarəçilik sükanının arxasında inamla dayanan Prezident İlham Əliyev eyni zamanda  cəmiyyətimizin güclü həmrəyliyini təmin edib. Onun ardıcıllıqla reallaşdırdığı məqsədyönlü siyasətin nəticəsidir ki, respublikamızda iqtidar-xalq vəhdəti təmin edilib. Bu gün Azərbaycan dünyada sabitlik adası kimi fərqlənir.  İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə respublikamızda Vətənə, ənənələrimizə və milli dəyərlərimizə bağlı olan gənc nəsil formalaşıb. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, 44 günlük müharibənin əsas ağırlığı da məhz vətənpərvər gənclərimizin üzərinə düşüb.

Başqa məqamları, digər istiqamətlərdə qazanılan uğurlarımızı da sadalaya bilərik. Vətən müharibəsində, antiterror tədbirlərində qələbələrimiz yalnız döyüşlərdə qazanılmayib. Biz qələbələrimizi kontekstdən çıxarıb ayrıca bir uğur kimi dəyərləndirə bilmərik. Məhz dövlətimizin başçısının rəhbərliyi ilə keçilən yol Azərbaycan xalqına qələbələrimizin sevincini yaşamağı nəsib edib. Bu yolda İlham Əliyev əsas ümummilli ideyamızı tələsmədən və gecikmədən reallaşdırmağa nail oldu. Qarşıdakı strateji mərhələdə isə bizi yeni ümummilli vəzifələrin reallaşdırılması gözləyir. Postmüharibə dövrünün əsas hədəfləri də məhz dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilib və ölkəmiz, xalqımız Onun rəhbərliyi ilə yeni məqsədlərə doğru inamlı addımlar atır.

Niyə məhz Xankəndi?

Qeyd etdiyimiz kimi, 7 fevral seçkiləri ilk dəfə ölkənin bütün ərazisində keçirilməsi ilə əlamətdardır. İşğaldan azad olunmuş ərazilərdə 26 məntəqə yaradılıb. Həmin məntəqələrdə təxminən 23 minə yaxın seçici səs verib. Hər məntəqəyə 800-900 seçici düşür.

7 fevral seçkilərində bütün Azərbayca xalqı Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələri ilə qürur duydu ki, bu da təsadüfi deyil. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində bir milyondan artıq soydaşımız Qarabağdan, o cümlədən də Xankəndidən zorla çıxarılmışdı. Həmin günləri xatırlayanda adam dəhşətə gəlir. Erməni vandallarının müxtəlif növ silahlarla təhdid etdiyi azərbaycanlılar soyuq qış aylarında əliyalın dağlara, dərələrə, meşələrə səpələndilər. Onların böyük bir qismi soyuqdan donaraq həyatla vidalaşdı və yaxud güllə yağışına tuş gəldi. İnsanlıq normaları ilə bir araya sığmayan bu vəhşilikləri törədən ermənilər isə özlərini dünyaya “mədəni xalq” kimi təqdim etmək üçün miflər düzəldirdilər.

Ancaq Azərbaycan xalqının yaddaşı yurd yerlərinə möhkəm bağlıdır. Biz otuz il ərzində babalarımızın ruhu dolaşan torpaqlarımızı unutmadıq və nə vaxtsa o yerlərə qayıdacağımıza inandıq. Tarixi zəfərlərimizdən sonra artıq işğaldan azad olunan ərazilərə Böyük Qayıdışa başlanıb və proses davamlı olaraq genişlənir.

Fevralın 7-də Prezident İlham Əliyevin və ailə üzvlərinin  səs vermək üçün Xankəndi şəhərini seçmələri isə xüsusi önəm daşıyır. Bir vaxtlar separatizmin yuvasına çevrilmiş  Xankəndidə Azərbaycan bayrağının dalğalanması, gerbimizin asılması, Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi adama xəyal kimi görünürdü. Arzularımızı, xəyallarımızı Müzəffər Prezident İlham Əliyev reallaşdırdı. Onun göstərişi ilə 2023-cü il sentyabrın 19-da Qarabağda separatizmin kökünü birdəfəlik kəsmək üçün lokal xarakterli antiterror tədbrləri keçirildi. Cəmi 23 saat ərzində uğurla tamamlanan antiterror tədbirləri zamanı mülki insanlar və infrastruktur ziyan çəkmədi, yalnız separatçıların qanuni hərbi hədəfləri məhv edildi. Bununla da separatçılar ağ bayraq qaldırdılar.

Xankəndi ilə bağlı sonrakı proseslər də tariximizin qızıl səhifələrini təşkil edir.  Müzəffər Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaldaraq bütün dünya azərbaycanlılarına sonsuz qürur hissi yaşatdı. Xatırladaq ki, 15 oktyabr İlham Əliyev və xalqımız üçün çox əlamətdar bir gün idi - həmin tarixdə Onun ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20-ci ili tamam olmuşdu. 15 oktyabr 2023-cü ildə Xankəndidə bayrağımızın ucaldılması,  gerbimizin asılması, 7 fevral 2024-cü ildə isə Müzəffər Liderimizin ailə üzvləri ilə birlikdə bura gələrək səs verməsi qərinələr boyunca minnətdarlıq hissi ilə xatırlanacaq epoxal hadisələrdir.

İlham Əliyev Azərbaycanın Prezidentidir və ölkənin bütün ərazisində səs vermək hüququna malikdir. Bəs dövlət başçısı vətəndaş mövqeyini bildirmək üçün niyə paytaxt Bakıda deyil, məhz Xankəndidə səs verdi? Dövlət başçısı bu dəfə Xankəndidə heç bir çıxış etmədi, müsahibələr vermədi. Ancaq Prezident İlham Əliyevin bu dəfəki seçimi böyük siyasi anlama malikdir. O, tarixi gündə dünyaya, Ermənistandakı revanşislərə və onların Qərbdəki havadarlarına mesajlarını məhz Xankəndi seçimi ilə verdi. Dövlətimizin başçısı ötən il fevarlın 14-də Milli Məclisdə andiçmə mərasimində bildirib ki, Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.

Mübariz ABDULLAYEV

Избранный
27
yeniazerbaycan.com

1Источники