“Bəhram Nəsibov Yaradıcılığının Təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a verdiyi açıqlamada görülən və planlaşdırılan işlərlə bağlı məlumat verib.
QHT sədri ansamblların fəaliyyətindən bəhs edərək, “Ansambllarımızın sayı məhduddur və mütamadi olaraq TV, radio, konsertlər və digər proqramlar həyata keçirirlər. İfa edilməmiş əsərlərin təqdimatı üçün, bütün fəaliyyətlərimizi donduraraq yalnız yeni mahnı və marşlarla məşğul olmağımız lazımdır. Bu, həm də fantastik maliyyə sərfiyyatı tələb edir. Buna görə də, ansambllara nəşr etdirdiyimiz not kitablarını hədiyyə edirik ki, zamanla repertuarlarına daxil etsinlər,” – deyə bildirib.
Adil Nəsibov Bəhram Nəsibovun mahnılarını studiyada demo formatında yazdıraraq, bu işi davam etdirdiyini qeyd edib. 100-dən çox əsərin həm müğənni səsi ilə, həm də yalnız müşayiət melodiyası ilə hazırlanması layihəsi ilə bağlı isə, “Fikrim budur ki, ifa edilməmiş mahnıları sosial şəbəkədə karaoke formatında layihə kimi təqdim edim. Beləliklə, müğənni səsi ilə öncə mahnının necə ifa edilməsi haqqında təssürat yaradım. Sonrakı etapda isə mətn videosunun müşayiəti ilə melodiya variantını paylaşacam və müsabiqə elan edəcəyəm,” – deyə izah edib. Bu yolla, ən yaxşı ifa edən gəncləri seçərək, studiya xərclərini qarşılayaraq 10 mahnıdan ibarət albom buraxmağı planlaşdırır.
Adil Nəsibov həmçinin Nizami Gəncəvinin məşhur “Yeddi gözəl” əsərinin motivləri əsasında yazdığı sürrealist cizgi filmi ssenarisi haqqında da danışıb:
“Bu ssenarini ilkin etapda özünrənglə jurnalı formatında hazırlamağı planlaşdırıram. Həmçinin, gənc nəslə klassik və müasir yazıçıların təbliği məqsədilə sosial şəbəkələrin gücündən istifadəni nəzərdə tuturam.”
Layihələrin digər vacib istiqaməti isə hybrid kitabların hazırlanmasıdır. Adil Nəsibov “Kitabın anonsu rəsm, səs və musiqinin tandemində hazırlanacaq. Daha sonra isə kitabın tam forması eyni şəkildə təqdim olunacaq. Kitabda olan mövzunu əks etdirən rəsmin aşağı hissəsində səhifə və abzas haqqında məlumatlar veriləcək, bu da oxucunu davamlı oxumağa təşviq edəcək,” – deyə bildirib. O, həmçinin, kitabın davamını oxumağa başlayan gənclərin səsli kitabda hadisələrin hisslərini müşayiət edən melodiyalarla oxumağa başlamağı planlaşdırır.
Pərvanə Fərhadqızı
QHT.az