RU

“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir”- təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

Image

Elşad Həsənov: “Bildiyimiz kimi, “Rosaviasiya”nın hesabatında hadisənin baş vermə səbəbi göstərilməyib” 

Bakı-Qroznı reysi üzrə uçan Azərbaycan təyyarəsinin Rusiyanın "Pantsir-S" raketi ilə vurulduğu təsdiqlənib. Maraqlıdır ki, Rusiya tərəfi indiyə qədər ortaya normal bir mövqe qoymayıb, hadisənin baş vermə səbəbinə aydınlıq gətirməyib. Bu ölkə tərəfindən ortada olan mövqelər isə ziddiyyətlidir, anlaşılan deyil.

“Rosaviasiya”nın təyyərə qəzası ilə bağlı ilkin hesabatında, demək olar ki, əsaslı bir fikir yoxdur,  bu hesabat baş vermiş hadisənin səbəblərini tam şəkildə ifadə edə bilmir. Bildirilir ki, təyyarəyə kənardan təsir olub, amma təsir barədə heç bir məlumat açıqlanmır. Eyni zamanda bildirilir ki, təyyarənin üstündən tapılmış kənar elementlərin identifikasiyası aparılmayıb. Yəni onun raketə aid olub-olmadığını hələ müəyyənləşdirməyiblər. O hesabatda deyilib ki, baş verənlərin səbəbi barədə nəticə yoxdur. Necə yəni müəyyənləşməyib, necə yəni nəticə yoxdur? Halbuki,  Qazaxıstanın hadisənin baş vermə səbəbləri ilə bağlı yaydığı hesabatında bu faktlar ortaya qoyulub. 

Rusiyanın aidiyyəti təşkilatının ilkin hesabatında isə  “baş verənlərin səbəbləri barədə nəticə yoxdur” - deyilir.

İlkin hesabat hadisənin səbəblərini tam ifadə edə bilir, ya bilmir? İlkin hesabat baş verənlərin səbəbi barədə nəticəni göstərir, yaxud göstərmir? 

“Rusiyanın hələ də bu faktı ört-basdır etməyə çalışması, “nəticə yoxdur” deməsi, hesab edirəm ki...”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Rosaviasiya”nın ilkin hesabatında hadisənin səbəbi tam ifadə edilməyib. İlkin hesabatda “Rosaviasiya”nın qeyd etdiyi kimi təyyarəyə kənar müdaxilənin kim tərəfindən edildiyi, hansı raketin vurduğu göstərilmir. Bunun üçün əlavə ekspertizalar lazımdır. Bildiyimiz kimi, “Rosaviasiya”nın hesabatında hadisənin baş vermə səbəbi göstərilməyib. Yəni qəzanın səbəbi tam şəkildə ifadə edilməyib”. 

E.Həsənovun qeyd etdiyinə görə, ancaq istintaq müyyən edib ki, AZAL-a məxsus təyyarə "Pantsir-S" raketi ilə vurulub. “Deyilirdi ki,   "Pantsir-S" raketindən guya PUA-lara atəş açılması nəticəsində hadisə baş verib. Təyyarənin məhz Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğu faktdır, bunu Rusiya da, başqaları da bilir. Yəni bu hadisə Qazaxıstan və Azərbaycan ərazisində olmayıb, o, Rusiya hava məkanında, Qroznıda olub. Rusiyanın hələ də bu faktı ört-basdır etməyə çalışması, “nəticə yoxdur” deməsi, hesab edirəm ki, qonşuluq strategiyasına da uyğun deyil. Rusiya ilə Azərbaycan strateji müttəfiqdir və bizə qarşı həyasızcasına davranmaq qəbuledilməzdir. Onların hesabatında bu yazılmayıb. Bunu yazmağa ehtiyac varmı? Bu məlumdur və istintaq bunu müəyyən edib, təsdiq edib. İnternet kanallarında hətta təyyarəmizə atəş açanların, zərbə endirənlərin ad və soyadları da göstərilir. Bunu Rusiya bilmir? 40 gündən artıq vaxt keçib, bunlar hələ də bunu müəyyən edə bilmirlər? Tam müəyyən olunub, hər şey bilinir. Sadəcə olaraq, Qazaxıstanın verdiyi ilkin hesabatda təyyarəni Rusiya Hərbi Hava Hücumundan Müdafiə Sisteminin vurduğu  və hansı raketdən istifadə etdiyi göstərilmir. Amma kənar müdaxilə olduğu, müxtəlif ölçüdə dəliklər olduğu açıq-aydın göstərilib. Təyyarənin qalıqları sübut-dəlil kimi ortadadır, sadəcə eksertiza lazımdır ki, hansı mərmidir, harda istehsal edilib, bilinsin” - deyə bildirdi.

E.Həsənov qeyd etdi ki, artıq “Qara qutu”dan da hər şey aydındır və təyyarə vurulandan 8 dəqiqə sonra Rusiya “kovyor əməliyyatı” elan edib. “Biz Rusiya səmasına Ukrayna PUA-larının hücum etdiyinə şübhə etmirik, bu gün də edirlər. Çünki müharibə gedir və Rusiya səması təhlükəsiz deyil. Məhz bu səbəbdən də Azərbaycan Rusiyanın 112 şəhərinə reysləri ləğv edib. 

Rusiyanın təyyarəmizi vurmasını gizlətmək mümkün deyil. Onlar bunu istəyirlər. Amma Azərbaycan Prezidentinin qətiyyəti ilə beynəlxalq komissiya yaradıldı və “qara qutu” deşifrə edilməsi üçün Brazilyaya göndərildi. Beynəlxalq ekspertlərin iştirakı ilə “qara qutu” deşifrə edildi. Bu da həm Azərbaycana, həm Qazaxıstana, həm də Rusiyaya göndərilib. Yəni hər şey açıq-aydın ortadadır. Sadəcə olaraq, Rusiyanın ləyaqətli davranması lazımdır ki, məsuliyyəti boynuna alsın, Azərbaycan tərəfdən rəsmi üzr istəsin, təzminat ödəsin və cinayəti törədənləri cəzalandırsın” - deyə E.Həsənov bildirdi.

İradə SARIYEVA





Избранный
21
baki-xeber.com

1Источники