RU

Güləş: Zaqrebdə Azərbaycan finalını Qurbanova qazandı

Güləş üzrə Azərbaycan millisinin üzvləri Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən reytinq turnirində daha 2 medal qazanıblar.

Arena.az xəbər verir ki, bu gün daha 6 güləşçimiz “Zaqreb Open”də mübarizə aparıb.

Qadın güləşində 59 kq-da iki təmsilçimiz xalçaya çıxıb. Alyona Kolesnik A qrupunda macarıstanlı Erika Boqnar (5:2) və amerikalı Mikaela Bekə (tuş), Günay Qurbanova isə B qrupunda amerikalı Sofiya Makaluso (tuş) və moldovalı Mariana Çerdivaraya (8:2) qalib gəlib. Hər iki güləşçimiz qrup lideri kimi yarımfinala yüksəlib. Kolesnik Çerdivaranı 3:1, Qurbanova isə Beki 6:0 hesabıyla məğlub edərək finala yüksəlib. Milli üzvləri həlledici görüşdə qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən finalda daha əzmkar güləş nümayiş etdirən Günay 4:2 hesablı qələbə qazanıb.

Murad Məmmədov (63 kq) ilk mərhələdə özbəkistanlı Aytjan Xalmaxanova 5:14 hesabıyla uduzub. Onunla eyni çəkidə yer alan Ziya Babaşov belaruslu Qleb Makarankaya 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, rusiyalı Dinislam Bammatova məğlub olub – 0:8. Ziya amerikalı Ellis Kolmanla görüşdə son saniyələrdə təşəbbüsü əldən verərək bürünc medal əldə etmək şansını itirib – 3:5.

Olimpiya Oyunlarından sonra ilk yarışına çıxan Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində norveçli Morten Toreseni mübarizədən kənarlaşdırıb – 5:1. Həsrət moldovalı Valentin Petiçlə görüşdə 7:0 öndə olarkən qulağından ciddi zədə alıb və yarışı tərk etmək məcburiyyətində qalıb. Bu çəkidəki digər təmsilçimiz Fərid Xəlilov debütdə serbiyalı dünya çempionu Sebastyan Nada sonuncu xal prinsipinə görə (3:3) məğlub olub.

Xatırladaq ki, daha öncə yığmamız “Zaqreb Open”də 7 medal qazanmışdı. Sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) qızıl, İslam Bazarqanov (57 kq), Arseni Cioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) gümüş, Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Abubakr Abakarov (92 kq) isə bürünc medala sahib çıxıblar.

Избранный
98
50
arena.az

10Источники