RU

Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy- kənd məktəblərində niyə də yox?..

Image

“Məktəbdə dərsin başlama vaxtını məktəb rəhbərliyi və valideynlər müəyyən edə bilərlər”. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, dərsin başlama saatını dəyişdirmək üçün nazirliyə gərək yoxdur.

"Məsələn, kənd yeridir. Dərsin 8-də yox 9-da başlamasını hamı istəyirsə dəyişə bilərlər. Burada problem yoxdur. Bakıda problem nədədir? Burada dərslə işə getmək arasında əlaqə var. Bir çox valideyn uşağını məktəbə qoyur, sonra işə gedir. O səbəbdən məktəb bəzi yerlərdə 8:00-8:30-da başlayır. Əgər bu uzlaşmanı tənzimləyə biliriksə, niyə də saatları dəyişməyək? Amma hazırda bu proses necə olacaq, onu başa düşməliyik”, - o bildirib.

Məktəblərdə dərs vaxtının başlaması ilə bağlı nazirin fikirləri maraqlıdır. İctimaiyyət də bu təşəbbüsə, bu yasanaşmaya müsbət yanaşır. Ekspertlərə görə, dərs vaxtının dəyişdirilməsini, təbii ki, ucqar kəndlərdə, rayonlarda tətbiq etmək daha uyğun olardı. Elə məktəblər var ki, iki növbəli deyil, bir növbəlidir və valideyn-məktəb razılaşması əsasında dərsin vaxtını dəyişmək mümkündür. Qış aylarında hava gec işıqlanır, nəzərə alsaq ki, kənd yerlərində küçələr işıqlandırılmır və sair baxımından dərslərin vaxtının dəyişməsini münasib sayanlar az deyil. 

Hətta bəziləri deyir ki, Bakıda da bunu tətbiq etmək olar. Yəni səhər tezdən şəhər yollarında   tıxac olur. Bu baxlmdan, Bakıda da dərslərin saat 9-da, 10-da başlamasını mümkün sayanlar var.

Dərslərin saatlarının dəyişdirilməsini tətbiq etmək hansı effekti verə bilər? 

Məzahir Məmmədli: “Bunu rayon və kənd məktəblərində tətbiq etmək olar”

Təhsil eksperti Məzahir Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, bu təşəbbüs əvvəllər də irəli sürülüb. “Orta ümumtəhsil məktəblərində pedoqoji şuranın qərarı ilə dərslərin vaxtının dəyişdirilməsi mümkündür. Dərslərin saat neçədə başlaması barədə qərar verməyə pedaqoji şuranın səlahiyyəti var. Hətta bir vaxtlar belə bir məsələ Bakı şəhərindəki orta ümumtəhsil məktəbləri ilə bağlı gündəmə gəlmişdi. Artıq Bakı məktəblərinin dərs qrafiki müəyyən olunub. Nazirin də qeyd etdiyi kimi, Bakıda dərslər insanların işə getməsindən yarım saat əvvəl başlayır ki, valideynlər işə getməyi də çatdırsınlar. Yəni övladlarını məktəbə qoyub özləri də işə getsinlər. Kənd yerlərinə gəlincə, bunu bir növbəli məktəblərdə həyata keçirmək daha rahatdır. Başqa bir tərəfdən, məktəb-valideyn razılaşmasına görə pedaqoji şura belə bir qərar verə bilər. Bu, bölgələrdə öz həllini daha asan şəkildə tapa bilər. Bunu rayon və kənd məktəblərində tətbiq etmək olar”.

M.Məmmədli inanmır ki, bunu Bakı məktəblərində tətbiq etmək mümkün olsun, çünki böyük müzakirələrdən sonra indiki vaxt seçilib, müəyyən edilib. Belə qərarların şəhər mühitini nəzərə almaqla tətbiq edildiyini deyən M.Məmmədli vurğuladı ki, Bakıda vaxtı dəyişmək mümkün deyil.

Elyar İslamoğlu: “Düşünürəm ki, dərslərin başlanma saatını dəyişib valideynlərə əlavə problemlər yaratmaqdansa...”

Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlunun fikrincə isə, kənd və rayon yerlərində tıxac problemi, sıxlıq olmadığı üçün dərslərin hansı saatda başlaması elə də vacib problem deyil. “Adətən kənd yerlərində məktəblər saat 9-un yarısında, 9-da başlayır, yollar da tam açıq olduğu üçün məktəbə gedib-gəlməkdə problem olmur. Amma Bakıda dərslər səhər saat 8-də başlayır və bu da tıxac vaxtına düşür, nəticədə həm valideynlər, həm də şagirdlər əziyyət çəkir. Düşünürəm ki, Bakı şəhərində dərslərin vaxtı saat 9-da, 10-un yarısında başlasa daha ciddi probelmlər, xaos yaranacaq. Çünki əksər valideynlər saat 8-də uşaqlarını məktəbə qoyduqdan sonra özləri saat 9-da işə çatmağa çalışır. Bakıda dərs saatının dəyişdirilməsi işləyən valideynlər üçün əlavə problemlər yarada bilər. Onlar uşaqlarını məktəbə aparıb-gətirmək üçün taksi tutmalıdırlar, yaxud başqa birisindən xahiş etməlidirlər ki, bu işdə onlara kömək etsin. 

Bundansa, xüsusi məktəbli avtobuslarının ayrılması daha uyğun olardı. 50-100 maşının məktəbə yaxınlaşmasındansa bir avtobusun məktəbə yaxınlaşması daha doğrudur, bu, təhlükəsizlik baxımından da çox əhəmiyyətlidir. Yolda nə qədər sıxlıq, tıxac olursa bu uşaqlara da pis təsir edir. 

Bu baxımdan düşünürəm ki, dərslərin başlanma saatını dəyişib valideynlərə əlavə problemlər yaratmaqdansa, məktəbli avtobusları ayırsınlar”. 

E.İslamoğlunun bildirdiyinə görə, məktəblilərin dərsə getdiyi vaxt tıxacların qarşısının alınması üçün daha effektiv addımlar atmaq olar. “Məsələn, yol kənarlarındakı qanunsuz tikililəri sökməklə, yolları genişləndirməklə, işıqforların işləkliyini həll etməklə problemi həll etmək olar”-deyə alim bildirdi. 

İradə SARIYEVA





Избранный
9
baki-xeber.com

1Источники