RU

Bağırovun idarəçiliyi dövründə Azərbaycanda uydurma ittihamlarla 37 458 nəfər adam cəzalandırılıb

Cəmil Həsənli, professor 

Dünən tanınmış yazıçı-filosof Əlisa Nicat qalmaqallı bir müsahibə verib. Şübhəsiz ki, Əlisa müəllim çox məhsuldar işləyən maraqlı bir yazıçı və elm adamıdır. Oxucular tərəfindən maraqla qarşılanan çoxlu kitabları var. Hətta "Yüz böyük Azərbaycanlı" kitabının ötən il çıxan son nəşrinə məni də daxil edib və buna görə ona təşəkkür edirəm.

Amma Əlisa müəllimin dünənki müsahibəsində Mir Cəfər Bağırovla bağlı dediklərinin tarixlə elə bir əlaqəsi yoxdur. Şübhəsiz ki, Bağırovla bağlı fikir söyləmək, kitab yazmaq olar. Amma bu tarixin saxtalaşdırılmasına, onun Azərbaycanda törətdiyi kütləvi repressiyalara bəraət qazandırmağa gətirib çıxarmamalıdır. Bağırovun idarəçiliyi dövründə 1934-cü ildən 1939-cu ilə qədər Azərbaycanda ”burjua millətçisi”, “əksinqilabçı” və “antisovet” və digər uydurma ittihamlarla 37 458 nəfər adam cəzalandırılıb. Tanınmış ziyalılar da daxil olmaqla bunların böyük əksəriyyəti güllələnib, sürgünə göndərilib.

Əlisa müəllim yazır ki, “o boyda professor Cəmil Həsənli işin-gücün buraxıb, düşüb Bağırovun üstünə. O qanmır ki, repressiya qurbanlarını Bağırov tutmurdu. Onların siyahısı Moskvadan gəlirdi. Bağırovu müqəvva kimi oturtmuşdular”. Şübhəsiz ki, 37 repressiyaları ümumittifaq prosesi idi. Amma həmin repressiyalara Bağırov Azərbaycanda hələ 20-ci illərdə Dövlət Siyasi İdarəsinə rəhbərlik edəndə başlamışdı. Bağırovu törətdiyi qanunsuzluqlara, qanlı əməllərə görə 1927-ci ildə Azərbaycan Fövqəladə Komissiyasının sədri vəzifəsindən çıxarıb Zaqafqaziya Su Təsərrüfatı İdarəsinin sədri qoyanda Məmmədəmin Rəsulzadə “Yeni Kafkasiya” jurnalında yazırdı: “Azərbaycan xalqının cəlladı Bağırovu su təsərrüfatına başçı qoymuşlar, zənn edirəm ki, Zaqafqaziya çaylarının suları ona Azərbaycan oğullarının qanına bulaşmış əllərini yuyub təmizləməkdə kömək edəcəkdir...”. Yəni hələ 1937-ci il deyildi, 1927-ci il idi.

1929-cu ilin avqustunda Moskva yenidən Bağırovu Azərbaycan Fövqəladə Komissiyasının sədri vəzifəsinə qaytaranda Stalin Molotova yazırdı: “Bağırovu (onun keçmiş günahlarına baxmayaraq) Azərbaycan Fövqəladə Komissiyasının sədri vəzifəsinə təsdiq etmək lazımdır: indi o, Azərbaycan kəndində baş qaldıran müsavatçıların və ittihadçıların öhdəsindən gələ biləcək yeganə şəxsdir.” (Bax: Stalin's Letters to Molotov: 1925-1936. Yale University Press,1996, p. 168) 1932-ci ildə Mir Cəfər Bağırov Azərbaycan Xalq Komissarları Sovetinin sədri təyin ediləndə keçmiş təcrübəyə istinad edərək Serqo Orconikidze dedi ki, “Bağırov orada bütün kadrları məhv edəcək”.

Mən hər nə qədər “qanmasam” da deməliyəm ki, Stalin siyahılarının tam komplektini Azərbaycana mən gətirmişəm və onları Siyasi Sənədlər Arxivinə təhvil virmişəm. Həmin Arxivdə mənim 11157 nömrəli “Professor Cəmil Həsənlinin kolleksiyası” adlı fondum var və Əlisa müəllimin istinad etdiyi “Moskvadan gələn siyahılar” da onun içərisindədir.

Məsələ burasındadır ki, o siyahılar Moskvada yox, Bakıda Mir Cəfər Bağırovun rəhbərliyi ilə hazırlanırdı və təsdiq üçün Moskvya göndərilirdi. Həmin siyahıların üzərində Stalinin, Malenkovun, Molotovun, Mikoyanın, Bulqaninin karandaşla çəkilmiş imzaları var. Təsdiq edib icra üçün geri göndəriblər. Kim istəsə həmin siyahılara qeyd edilən Arxivdə baxa bilər. Əminəm ki, Əlisa müəllim həmin siyahıları görməyib.

Məsələ burasındadır ki, Əlisa müəllimi dedyi kimi “Bağırovu müqəvva kimi” oturdulmamışdı, o, Azərbaycanda repressiyaların başında dayanırdı və buna görə də xalq arasında ona “Mirqəzəb” adı verilmişdi. Şübhəsiz ki, Əlisa müəllim antik dövrdən başlayaraq tarix və fəlsəfə haqqında çox şey bilir, amma Mir Cəfər Bağırovla bağlı sənədlərlə işləməyib, məlumatsızdır, həvəskar “tarixçilərin” yazdıqlarının cazibəsinə düşüb. Həm də Bağırova münasibət tək tarix məsələsi deyil, daha çox dünyagörüş məsələsidir.

Əlisa müəllim yazır ki, repressiyalar Bağırovluq deyildi, Moskvadan plan qoyurdular. Plan var idimi? Əlbəttə var idi. Amma Bağırov planı necə icra edirdi. Məsələn 1937-ci ildə Moskvadan plan gəlmişdi ki, qolçomaq və antisovet ünsür kimi 4 min adam tutun. Elə həmin ay - 9 iyul 1937-də Bağırov Moskvaya məktub yazdı ki, 4 min Azərbaycan üçün azdır. O, əlavə olaraq daha 1250 nəfəri öz təşəbbüsü ilə bu “plana” əlavə etdi. Bax budur məsələ. (Sənəd aşağıda). Azərbaycan və Moskva arxivlərində belə sənədlər yüzlərlədir. Və onların heç birini Əlisa müəllim görməyib, sənədə, fakta əsaslanmır, mücərrəd danışır.

Məsələn Əlisa müəllim deyir ki, Bağırov 1918-ci ildə Qubada daşnaklara qarşı vuruşub. Halbuki Bağırov özü öz xətti ilə yazdığı bioqrafiyalarının birində etiraf edir ki, 1918-ci ildə Quba şəhərini vəhşicəsinə dağıdan və əhalini xeyli hissəsini qətl edən daşnak Amazaspın komandanlığı altında Qubaya göndərilmiş dəstədə xidmət edib və buna görə həmin vaxt Qubaya gələn bolşevik Alyoşa Çaparidze və Leon Qoqoberidze tərəfindən həbs edilib.

Əlisa müəllim müsahibəsində deyir ki, “1930-cu illərdə Stalin Bağırova zəng edib ki, Naxçıvan ermənilərə veriləcək. Qərar çıxıb, o da razılıq versin. Bağırov deyib ki, istəyirsiz məni güllələyin, amma Naxçıvan Azərbaycanındır, onu ermənilərə verə bilmərəm. Stalin onu qovur.” Tamamilə uydurmadır. 1930-cu ildə Naxçıvanı Ermənistana vermək kimi bir məsələ müzakirə edilməmişdi və qərar da qəbul edilməmişdi.

1930-cu ildə Bağırov hansı vəzifədə işləyirdi ki, Stalin Naxçıvanla bağlı ona zəng etsin? Məsələ burasındadır ki, 1930-cu ilin yanvar ayında Gədəbəy rayonunun Çaybasan kəndini yer üzündən sildiyinə görə Bağırov haqqında cinayət işi açılmışdı. Kollektivləşmə ilə bağlı Azərbaycanın qərb rayonlarında Məcid Şəkibəyov və Hüseyn bəy Soltanovun başçılığı a

Onları həbs etmək üçün Bağırovun başçılığı ilə operativ qərargah yaradılmışdı. Bağırov əmr vermişdi ki, kəndi ətraf təpələrdən topa tutsunlar. Nəticədə kəndin bütün əhalisi, o cümlədən 2-6 yaş arasında olan 9 uşaq öldürülmüşdü. Buna görə məhz 1930-cu ilin fevral ayında Bağırova cinayət işi açılmışdı. Məsələ Siyasi Büronun müzakirəsinə çıxarıldı.

Məsələ burasındadır ki, Stalin Naxçıvanı Ermənistana verə bilməzdi. Çünki 1921-ci ilin 15 mart Moskva, 13 oktyabr Qars müqavilələri var idi və Türkiyə Naxçıvanın Azərbaycanın tərkibində olmasının təminatçılarından biri idi. 1923-cü ildə Naxçıvanın statusunda kiçik bir dəyişiklik edildi və Turkiyə nota verdi ki, bunu etmək olmaz. Sovetlər geri çəkildi. Xarici İşlər Komissarı Çiçerin Zaqafqaziya Bürosuna məktub göndərdi ki, Naxçıvanın statusu Avropada Lüksenburqun statusu kimi hüquqi qüvvəyə malikdir, onu dəyişmək olmaz. Yalnız 1966-cı ildə Moskva buna cəhd göstərdi. Lakin SSRİ Xarici İşlər Nazirliyi 3 səhifəlik arayış hazırladı ki, bunu etmək olmaz. Müqavilə əsaslarına görə Türkiyə burada söz sahibidir. Bax belə. Bağırovun Naxçıvanı qoruması əsası olmayan uydurmadır.

Lakin Beriyanın müdaxiləsi ilə işə xitam verildi. Nəticədə Bağırova töhmət verib işdən çıxardılar və Beriyanın təqdimatı ilə onu Moskvaya Marksizm-Leninizm kursuna oxumağa gğndərildi. Yəni 1930-cu ildə Bağırovun elə bir məsul vəzifəsi yox idi ki, Naxçıvanın Ermənistana “verilməsi” məsələsini onunla müzakirə etsin. Bunlar hamısı uydurmadır.

İndi gələk Səməd Vurğunla bağlı məsələyə. Əgər biz ötən əsrin 30-40-cı illərinin mətbuatına diqqət yetirsək, Səməd Vurğunun Stalinə şeirlə yazdığı tərifləri məqalə və məktub formasında Üzeyir bəy də yazıb. Hər dəfə Stalin mükafatları alanda Üzeyir bəyin mətbuatda Stalinə təşəkkürləri var. Eyni meyarla yanaşsaq onda gərək Üzeyir bəyi də məzəmmət edək ki, Stalinə belə tərifli məktubları niyə yazıb.

Səməd Vurğunun Hüseyn Cavidin əleyhinə yazmasına gəldikdə yenə Əlisa müəllim məsələni qarışdırır. Bu baradə Mir Cəfər Bağırovun özünün izahatı var. 1953-cü ilin iylunda Bağırov vəzifədən çıxarılanda həmin ay və həmin ilin dekabrında keçirilən plenum və partiya konfransında Mərkəzi Komitə üzvləri kimi onun əleyhinə kəskin çıxışlar etmişdilər.

1954-cü ilin fevaral ayında Bağırov qeyd edilən tədbirlərdə ona qarşı irəli sürülün ittihamlara Sov.İKP MK yanında Partiya Nəzarəti Komissiyasına yazdığı 25 səhifəlik əsas, 3 səhifə də əlavə izahatı vardır (Bax: Mir Cəfər Bağırovun Sov.İKP MK yanında Partiya Nəzarət Komitəsinə izahatı. 1954., Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi (RDSSTA) , f. 589, s. 3, i.7044, cild 6, v. 75-51; Mir Cəfər Bağırovun Sov.İKP MK yanında Partiya Nəzarət Komitəsinə əlavə izahatı. 1954., RDSSTA, f. 589, s. 3, i.7044, cild 6, v. 48-50).

Bağırov orada Səməd Vurğun Hüseyn Cavidlə bağlı məsələyə də aydınlıq gətirir və yazır: “Səməd Vurğunun Bakı konfransında çıxışını mən onunla izah edirəm ki, o, necə vardısa, qatı millətçi kimi elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı 1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə mənə müraciət etdi: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad edib geri dönmələrinin bir yolunu tapmaq olmazmı? Ona görə ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı. Yeri gəlmişkən, Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat Partiyasının liderlərindən idilər. Bununla bağlı biz Səməd Vurğunu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o bundan sui-istifadə etməlidir.” ( Bax: Mir Cəfər Bağırovun Sov.İKP MK yanında Partiya Nəzarət Komitəsinə əlavə izahatı. 1954., Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi, f. 589, s. 3, i.7044, cild 6, v. 53-52). Əlisa müəllimin vəsf etdiyi Bağırov özü Səməd Vurğun və Cavad haqqında bunları yazır.

Tarixə bir az ehtiyatla yanaşmaq lazımdır. Hər eşidilən rəvayəti cəmiyyətə tarix adına həqiqət kimi təqdim etmək olmaz. Bu faktların arxasında insan taleləri dayanır. Məsələni öyrənib sonra nəticə çıxarmaq lazımdır. Məsələ burasındadır Əlisa Nicat cəmiyyətdə sözü eşidələn etibarı müəllif kimi qəbul edilir. Adamlar onun dediklərinə inanırlar. Ona görə tarixlə rəvayət arasında faktlar və sənədlər fərqi var. Müəllim bir az məsələləri tarixdən ayırıb hekayələşdirir. Xüsusilə Bağırov kimi adamlara münasibətdə bu bir az qorxulu tendensiyadır.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
48
Demokratikmusavat.com

1Источники