RU

Vüsal oynadı, Coşqun, Renat və Həsən isə…

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 23-cü turu çərçivəsində baş tutan “Keçiörengücü” ilə oyunun iştirakçısı olub.

“Boluspor” doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

İsgəndərli bu oyunun 87-ci dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı futbolçu bu görüşdə fərqlənə bilməyib.

“Boluspor” 23 oyuna topladığı 33 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Vüsalın komandası 23 oyunda 9 qələbə qazanıb, 6 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 26 matça çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Həsən ehtiyatda qaldı, Renatla Coşqun heyətə düşmədilər

Türkiyədə çıxış edən digər azərbaycanlı futbolçulardan Renat Dadaşovla Həsən Nəzərovun komandası – “Ankaragücü” də bu gün növbəti matçına çıxıb. Sözügedən komanda “İstanbulspor”la qarşılaşıb. Ankara təmsilçisi səfər matçından 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Renatla Həsən bu qarşılaşmanın iştirakçısı olmayıblar. Renatın adı ümumiyyətlə matçın iştirak ərizəsinə də daxil edilməyib. “Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 17 yaşlı Həsən Nəzərov isə bu dəfə sonadək ehtiyatda qalıb.

“Ankaragücü” 23 turdan sonra 30 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Futbolçularımızın komandası 23 oyunda 9 qələbə qazanıb, 3 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 5 oyun keçirib.

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin komandası “Bandırmaspor” da bu gün növbəti matçına çıxıb. Sözügedən komanda evdə “Şanlıurfaspor”la qarşılaşıb və 3:2 hesablı qələbəyə sevinib. Coşqun bu görüşün iştirak ərizəsində yer almayıb.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Bandırmaspor” 37 xalla Birinci Liqanın yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Coşqunun komandası 23 oyunda 10 qələbə qazanıb, 7 heç-heçə edib, 6 məğlubiyyətlə üzləşib.

Избранный
13
2
arena.az

10Источники