RU

Neftin bahalaşması Azərbaycan iqtisadiyyatına necə təsir edir? QHT sədrindən AÇIQLAMA

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında dünyada neft və qaz istehsal edən, həmçinin bu resurslardan asılı olan ölkələrin iqtisadi vəziyyəti barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, dünyada iki əsas kateqoriyaya aid dövlətlər var: neft və qaz hasil edən ölkələr, eləcə də bu resursları idxal edənlər. O qeyd edib ki, neftin qiymətinin artması neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın dövlət büdcəsi və milli gəlirlərinin artmasına səbəb olur.

"Aydın məsələdir ki, Azərbaycanın iqtisadiyyatının əsas dayağı neft və qaz sektorudur. Büdcənin əsas gəlir mənbələrindən biri neft satışıdır. Bu səbəbdən də neftin bahalaşması ölkəmizin ümumi daxili məhsulunun artmasına gətirib çıxarır. Bununla yanaşı, biz yalnız xam neftin satışına deyil, onun emalına da diqqət yetirməliyik. Əgər daha çox çeşidli neft məhsulları istehsal edə bilsək, bu, Azərbaycanın gəlirlərinin daha da artmasına səbəb ola bilər," – deyə İlqar Hüseynli bildirib.

Ekspertin fikrincə, neftdən asılı olan ölkələr üçün isə vəziyyət fərqlidir. Belə ki, neft hasil etməyən və əsasən idxaldan asılı olan dövlətlər xammalı və ya emal olunmuş nefti baha qiymətə almaq məcburiyyətində qalır ki, bu da onların iqtisadiyyatına mənfi təsir göstərir.

İlqar Hüseynli əlavə edib ki, dünyada bəzi ölkələr iqtisadiyyatlarını şaxələndirərək neftdən tamamilə asılılığı aradan qaldırıblar. Onlar üçün neftin qiymətinin artması ciddi təsir göstərmir: "İnkişaf etmiş ölkələr aqrar və sənaye sektorlarını gücləndirərək neftdən asılılığı minimuma endiriblər. Belə ölkələrdə neft qiymətlərinin qalxması və ya enməsi iqtisadiyyatlarına ciddi təsir etmir: "Azərbaycanın da qeyri-neft sektorunu inkişaf etdirməsi və neftdən asılılığını azaltması vacibdir. Bu istiqamətdə addımlar atılarsa, ölkənin iqtisadiyyatı daha dayanıqlı və sabit ola bilər".

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
18
qht.az

1Источники