RU

Aktau şəhəri 2025-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilib

Qazaxıstanın Aktau şəhəri 2025-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunub. 

Bu haqda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mətbuat xidməti məlumat yayıb.

Layihə bu il aprelin 5-də başlayacaq və noyabr ayına qədər davam edəcək. Bu müddət ərzində Aktauda 30-dan çox müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Mədəni tədbirlərin keçirilməsi üçün Aktauda xüsusi olaraq yeddi etnoşəhərcik salınacaq. Burada türk xalqlarının tarixi, etnoqrafiyası, mədəniyyəti və adət-ənənələri təqdim ediləcək. İlkin məlumata görə, festivalın açılışına Türk dünyasından 500-ə yaxın sənətçi cəlb olunacaq.

TÜRKSOY-un baş katibi Sultan Rayev bununla bağlı bildirib ki, Aktau Xəzər dənizinin sahilində, gözəl bir məkanda yerləşməsi, tarixi və mədəni irsi, müasir görünüşü ilə keçmiş mədəniyyət paytaxtları arasında nadir mövqeyə malikdir. Ona görə də düşünürük ki, rəssamlar və turistlər təkcə bu tədbirlər zamanı deyil, ondan sonra da Aktauya həvəslə gələcəklər.

Manqustay vilayətinin akimi Nurdaulet Kilıbay genişmiqyaslı tədbirin əhəmiyyətindən danışaraq deyib ki, bu, türk xalqlarının mənəvi bağlılığının artırılmasına yönəlmiş mühüm layihədir. Aktauya türk dünyasının mədəniyyət paytaxtı statusunun verilməsi bizim üçün şərəf və böyük məsuliyyətdir. Əsas məqsədimiz bölgəyə gələn qonaqlara milli mədəniyyətimizi və adət-ənənələrimizi geniş şəkildə tanıtmaq, türk dünyası ilə aramızda olan ortaq dəyərlərimizi göstərməkdir. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Aktau

 

 

 

Избранный
18
xalqqazeti.az

1Источники