Hazırda ölkə xaricində uğurlu çıxış edən azsaylı furbolçularımızdan biri də Coşqun Diniyevdir.
2023-cü ilin yayında ölkəni tərk edən yarımmüdafiəçi artıq ikinci mövsümdür karyerasını qardaş ölkədə davam etdirir.
"Bandırmaspor"un şərəfini qoruyan 29 yaşlı futbolçu daha əvvəl "Ümraniyəspor" forması da geyindiyini bildirək.
Diniyevi legioner həyatı yaşayan digər həmyerlilərimizdən fərqləndirən əsas özəllik sabit çıxışıdır.
O, bu mövsüm 20 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Uğurlu legioner həyatı yaşayan milli komandamızın üzvü Sportinfo.az-a müsahibə verib.
- Coşqun, artıq iki mövsümdür Türkiyədəsən işlərin necə gedir?
- Millidən fərqli olaraq, klubda işlərim çox yaxşı gedir. Gözlədiyimdən də yaxşı gedir deyə bilərəm. Davamlı meydanda oluram, komandama fayda verə bilirəm. Nəticələr yaxşıdır. Liderdən o qədər də uzaqda deyilik. İnşallah, Super Liqaya vəsiqə qazanarıq. Ən əsası sevildiyimi hiss edirəm.
- Özünü Super Liqada çıxış etməyə hazır hiss edirsən?
- Əlbəttə. Bu sözüm bəlkə də həvəskar rəy kimi görünər. Amma sizi inandırım ki, Super Liqada oynamaq daha asandır.
- Nəyə əsasən belə düşünürsən?
- Dəfələrlə Super Liqa klublarına qarşı oyunlarda mübarizə aparmışam. Burada çəkdiyim əziyyəti onlara qarşı görüşdə görməmişəm. Nəinki mən, türkiyəli oyunçular da eyni fikirdədir.
- Legioner həyatı yaşamış əksər futbolçumuz səndən fərqli olaraq qısa müddətdən sonra vətənə qayıtmağı seçməsi nə ilə bağlıdır?
- Bəlkə də mənim seçimim Türkiyə olduğu üçün erkən geri qayıtmadım. Biz mental olaraq bir-birimizə çox yaxınıq.
- Yaxın gələcəkdə sənin qayıtmaq fikrin yoxdur?
- Açığı, Azərbaycana qayıtmaq barədə heç düşünmürəm.
- Belə qərarlı olmağının arxasında nə dayanır?
- Azərbaycanda tənqidlər məni yorurdu. Bir oyun zəif çıxış edən kimi deyirdilər ki, atasının hesabına oynayır. Bunları eşitməmək üçün karyeramı elə Türkiyədə başa vuracam. Orada mənə çox rahatdı. Sevildiyimi hiss edirəm. Ona görə də yenidən bura qayıdıb, həmin psixoloji şeyləri yaşamaq istəmirəm.
- Türkiyədə uğurlu çıxış edirsən. Tənqidlərə cavabını meydanda verdiyini demək olar?
- Əlbəttə. Çıxışımla sübut edirəm ki, öz ayağım üstdə qala bilirəm. Orada da Şahin Diniyevi tanıyan yoxdu axı (gülür). Həyatımda işlədiyim ən yaxşı baş məşqçi ilə ötən ildən tanış olmuşuq. Mənə inanır, güvənir. Belədir ki, ötən ildən tanıdığı futbolçunu bu mövsüm yenidən öz komandasına dəvət etdi. Bu gün komandanın ən önəmli simalarından biri olduğumu hiss edirəm.
XANOĞLAN İMANOV